“Sənətçi Dövlət Başçısı tərəfindən mükafatlara, fəxri ada layiq görülürsə...” 

“Sənətçi Dövlət Başçısı tərəfindən mükafatlara, fəxri ada layiq görülürsə...” 

“Sənətçi Dövlət Başçısı tərəfindən mükafatlara, fəxri ada layiq görülürsə...” 

Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və Prezidentin ölkədə bu mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var.

Son on ildəki mədəniyyət salnaməsini vərəqləyəndə, ürəkaçan mənzərə ilə qarşılaşırıq. Mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir. 

Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlər bunun bariz nümunəsidir. Müasir dövrdə mədəni irs, incəsənət xalqları, ölkələri tanıdan, insanları birləşdirən əhəmiyyətli vasitələrdən hesab olunur. Xalqımızın qədim və zəngin mədəniyyəti ölkəmizdən çox-çox uzaqlarda uğurla təqdim və təbliğ olunur. 

Bu xüsusda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın müstəsna xidmətlərini qeyd etmək lazımdır. Mehriban xanımın 2004-cü ildə UNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasında mühüm rol oynadı. Azərbaycan muğam sənəti ilk olaraq UNESKO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə daxil edildi.

Bu illər ərzində sənətçilərimiz orden və medallarla təltif olunub, Prezident təqaüdlərinə layiq görülüb, sənət adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilib. Sonuncu olaraq isə belə bir sərəncam ötən həftə imzalandı.

Mövzu ilə bağlı Polemika.az-a danışan Əməkdar artist Nuriyyə Hüseynova  Azərbaycan incəsənətinin rəngarəng, dolğun və zəngin olduğunu deyib. Onun sözlərinə görə, qədim milli-mənəvi dəyərləri, ənənələrini özündə yaşadan Azərbaycan mədəniyyəti bu gün bütün dünyada təbliğ edilir:

“Azərbaycan mədəniyyətində bəzi xoşa gəlməyən hallar var, tamilə “hər şey əladır” deyə bilmərəm. Mədəniyyət Nazirliyində Qədim Musiqi Alətləri Ansamblı var idi, Ulu Öndər Heydər Əliyev Tərəfindən o ansambla status verilmişdi, işlə təmin olunmuşdu. Onun sayəsində ansambla sanki yenidən can verilmişdi, bizim nailiyyətlərimiz, xaricə səfərlərimiz, YUNESKOda olan konsertlərimiz buna sübutdur. 

Lakin əfsuslar olsun ki, mənim şəxsi təşəbbüslərim, konsertlərim Mədəniyyət Nazirliyinin tərkibində olmadı. Olsa da çox az oldu. Bizim Qədim Musiqi Alətləri ansamblımız heç vaxt hansısa dövlət tədbirində iştirak etmədi. Amma kənardan dəvətlərimiz çox olurdu. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropada keçirilən konsertlərə dəvətlər alırdıq. Kənardan izlənilir və sevilirdik. Düşünürəm ki, yeni mədəniyyət nazirinin təşəbbüsü ilə bundan sonra hər şey yaxşı olacaq. Yeni nazirimiz belə şeylərə diqqət edir. 

Bir müddət sənətdə durğunluq yarandı, mən bunu müharibə ilə əlaqələndirirəm, çünki şəhidi, qazisi olan ölkədə çal-çağır o qədər də ön planda olmur. Bizim başımızın qarışacağı hələ çox işlər var. Bizim mədəniyyətimiz o qədər zəngindir ki, heç vaxt tənəzzülə uğramır, hər zaman öz aktuallığını, özəlliyini hər dövrdə qoruyub saxlaya bilir. 

Hətta Sovetin ən gərgin dönəmində belə muğamımız yaşayıb. Çünki bu, musiqinin, mədəniyyətin gücüdür. Bundan başqa bütün dünyada tüğyan edən məlum pandemiya səbəbindən də bir çox tədbirlər, layihələr təxirə salındı. Bununla belə mədəniyyət işçiləri boş dayanmadılar. Bu sahədə çalışan işçilər çox fədaidirlər, onlar pandemiyada onlayn da olsa, öz işlərində idilər. Çətinliklə də olsa öz fəaliyyətlərini davam etdirməyə çalışırdılar. Mən də onlardan biri idim. 

Bizlər heç vaxt etdiklərimizin müqabilində nəsə ummamışıq. Daima öz üzərimizdə işləmişik, yeni musiqilər yazdırdımışıq. Bütün bunlar asan deyil, sənətçilər bunu pandemiya şəraitində də ediblər. Bundan başqa müharibə dönəmində də bu ruhda musiqilər oxundu, kimin nəyə gücü çatdısa, bir qatqısı olsun istədi. Bu fədakarlıqlarına görə mədəniyyət sahəsində çalışan hər bir kəsi alqışlayıram”.

Ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışan Nuriyyə Hüseynova  bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. O, qeyd edib ki, mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi dövlət diqqətinin bariz nümunəsidir:

“Mən heç vaxt “Medal almadım, fəxri ad almadım, ölkəni tərk edib gedəcəyəm” deyib, sənətimdən uzaqlaşmamışam. Heç nə məni bu fikirlərə sala bilməz, çünki mən vətənimi, mədəniyyətimi nə titula, nə hədiyyəyə görə sevməmişəm, bu mənim içimdən gələn hissdir. Mən doğrudan Azərbaycan mədəniyyətinə heyran olan insanam. 

Musiqimiz o qədər zəngindir ki, dünyanın hər yerində heyranlıqla qarşılanır. Mən qastrol səfərlərində bunun dəfələrlə şəxsən şahidi olmuşam. Hər dəfə əlimi açıb Allaha dua edirəm ki, nə yaxşı ki, sən mənə bu gözəl sənəti, səsi vermisən. Öz işimi o qədər çox sevirəm ki, heç vaxt fəxri ad, medal barədə düşünmürəm, amma təbii ki, hər bir sənətçinin ürəyindən keçir ki, Cənab Prezidentin imzası ilə hər hansı bir təltif alsın. Bu sənətçinin əməyinə verilən dəyərdir, incəsənət sahələrində çalışanlara dövlət qayğısıdır. Bunu hər kəs istəyər. Bu, layiq olacaq hər bir insanın haqqıdır.Hər bir sənətçi kənardan özü-özünü qiymətləndirməyi bacarmalı, sual etməlidir ki, “Mən bu ölkə üçün nələr eləmişəm?”.

Əməkdar artisti, muğam ustası İlkin Əhmədov mədəniyyət sahəsində xidməti olan yaradıcı insanların əməyinə dövlət tərəfindən hər zaman yüksək qiymət verildiyini bildirib:

“Yaradıcı insanların dövlət tərəfindən dəyərləndirilməsi, müxtəlif mükafatlara layiq görülməsi bu sahəyə qayğının göstəricisidir. Bu gün bəziləri bu mükafatları “lazımsız” hesab etsə də, bu belə deyil, əgər dövlət tərəfindən mükafat verilirsə, deməli bu vacib və lazımlıdır. Bu mükafatlar hər bir sənətçi üçün stimuldur. 

Heç bir fərdi şəxsin “bu lazım deyil” deməyə haqqı yoxdur. Dövlətimizin qanunu, perspektivi, planları var. Hər şeyi özləri ölçüb-biçir, nə lazımdırsa, edirlər. Nə vaxtsa bu adlar ləğv olunarsa, bu da dövlətin qanunvericiliyi ilə olacaq. Ondan sonra da yəqin ki, sənətçilərə dövlət qayğısı əksik olmayacaq, başqa planlar mütləq olacaq. Hər hansı sənətçinin yaxud fərdi şəxsin bu məsələyə qarışmasına qətiyyən ixtiyarı yoxdur. Mən buna etiraz edirəm”.

Xanəndənin sözlərinə görə, mükafata layiq görülənlər Azərbaycan xalqının mədəni rifahına öz töhfələrini verən sənətçilərdir:

“Dövlətin cizdiyi bir yol var, hər şey bir-biri ilə bağlıdır. Əgər hansısa sənətçi Dövlət Başçısı tərəfindən mükafatlara, fəxri ada layiq görülürsə, bu onun ölkə üçün verdiyi töhfələrə görədir. Dövlət Başçısı bütün fərmanları, sərəncamları öz əli ilə imzalayır. Bu hər birimiz üçün fəxr və şərəfdir ki, o imza ilə mükafata layiq görülürük. Biz hamımız qərarlara hörmətlə yanaşmalıyıq. Boş-boş danışan, özlərindən dünya kəşf eləməyə çalışan şəxslərə qulaq verməyə belə dəyməz”.

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti üzrə hazırlanmışdır.

“Sənətçi Dövlət Başçısı tərəfindən mükafatlara, fəxri ada layiq görülürsə...”