Şuşa ətrafında nə baş verir? - “Belə olsa, əməliyyatlara getməyə məcbur olacağı

Şuşa ətrafında nə baş verir?

Şuşa ətrafında nə baş verir? - “Belə olsa, əməliyyatlara getməyə məcbur olacağı

Şuşanın düşmən tapdağından azad edilməsinin il dönümünə yaxınlaşırıq. Ancaq belə görsənir ki, düşmən hələ də öz acı məğlubiyyəti ilə barışa bilmir və Azərbaycan tərəfini növbəti müharibəyə çəkməyə, müxtəlif münaqişə bölgələri yaratmağa israrlıdır. Hərbi ekspert Ədalət Verdiyev öz sosial şəbəkə səhifəsində düşmənin təxribat addımlarını açıq şəkildə göstərən fotoşəkil paylaşıb. Fotoda düşmən qüvvələrinin Şuşa yaxınlığında - Xocalının Daşkənd kəndinə top və yüzə yaxın hərbi texnika yığdığı aydın şəkildə görünür. Düşmənin bu təxribat xarakterli davranışı Azərbaycana növbəti müharibə qapısını aça bilərmi? Lokal hərbi əməliyyatların keçirilməsi mümkündürmü və sair.

Polemika.az bu məsələlərlə bağlı, hərbi ekspertin müsahibəsini təqdim edir:

- Ədalət bəy, düşmənin Şuşa yaxınlığına çox sayda hərbi texnika yığması, Azərbaycan üçün növbəti müharibə təhdidi sayıla bilərmi? Azərbaycan tərəfi buna necə reaksiya verə bilər?

- Bu şəkil bir daha sübut edir ki, Ermənistan tərəfi keçən ilin 10 noyabrında imzalanan birgə bəyanatın şərtlərinə əməl etmək niyyətində deyil. Bu foto oktyabr ayında “google”da yenilənmiş bir görüntüdür. Fevral ayında da orada eyni texnikalar müşahidə olunmuşdu, amma onların sayı qismən az idi. Hazırda isə yüzə yaxın texnika saymaq mümkündür. Deməli, belə çıxır ki, nə Rusiya sülhməramlıları o texnikaları orada görmək istəyir, nə də Ermənistan imzaladığı birgə bəyanatın 4-cü bəndini yerinə yetirmək niyyətindədir. Əgər bu tərəflərdən ikisi birgə bəyanatın şərtlərini yerinə yetirmək niyyətində deyilsə, o zaman Azərbaycanın da bu bəyanatın müvafiq bəndini yerinə yetirmək öhdəliyi aradan qalxır. Başqa sözlə desək, Azərbaycan həmin silahlıları öz imkanları vasitəsilə oradan çıxarmaq hüququnu əldə edir.

- Baş verən hadisələr lokal hərbi əməliyyatların başlamasını zəruri edirmi?

- Əslində təkcə bu yox, əvvəl baş verən hadisələr də Azərbaycanı adekvat tədbirlər görməyə vadar edirdi. Sadəcə olaraq, Azərbaycan münaqişənin başa çatmasının və yenidən alovlanmamasının tərəfdarıdır. Çünki biz artıq tikinti, yenidənqurma, hava limanları, yol və sair kimi işlərlə məşğuluq. Bizim məqsədimiz münaqişəni alovlandırmaq deyil.

- Bəs bunu qarşı tərəf çox istəyirsə...

- O zaman biz bu əməliyyatlara getmək məcburiyyətində qalacağıq.

- Əgər bu əməliyyatlar barədə qərar verilsə, həmin əməliyyatları Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı dəstələri, ya Dövlət Təhlükəsizlik Xidməti həyata keçirə bilər?

- Düşünürəm ki, Azərbaycan Ordusunun bölgədəki hərbi qüvvələri kifayət edər. Çünki Ermənistanın müqavimət potensialı ilə biz yaxından tanışıq. Düşünmürük ki, onlar müqavimət göstərmək iqtidarındadırlar. Sadəcə, Rusiyanın arxasında gizlənib özlərini bir az rahat hiss edirlər. Biz Qaragöldə, Şurnuxuda, Xinzirəkdə, Dığda, Yuxarı Şorca, Aşağı Şorca ərazilərində Ermənistan ordusunun potensialının nədən ibarət olduğunu vizual olaraq müşahidə etmişik.

- Potensial demişkən, Siz öz şəxsi sosial şəbəkə hesabınızda dövlət büdcəsindən gələn il üçün hərbi xərclər barədə məlumatlar paylaşmısınız. Bunlarla bağlı nə deyə bilərsiniz?

- Bu, iqtisadi məsələdir. Mən, sadəcə olaraq, həmin məlumatı bir istifadəçi, eyni zamanda hərbçi kimi paylaşmışam. Səhifəmdə qeyd etdiyim məsələ, əsasən, iqtisadçıların gəldiyi qənaətdir. Ona görə də hərbçi kimi iqtisadi məsələlərə münasibət bildirməyim düzgün olmazdı.

- Prezident İlham Əliyevin Qubadlıya səfəri zamanı işlətdiyi “bizi müharibə etməyə məcbur edirlər” ifadəsi nəyə işarədir? Bu fonda keçirilən hərbi təlimlər, Sizcə, nədən xəbər verir? Bunlar cəmiyyətdə müəyyən suallar yaratdı...

- Ordunun bir nömrəli vəzifəsi təhlükəsizliyi təmin etməkdir. Hazırda keçirilən hərbi təlimlər məhdud miqyaslıdır. Prezidentin açıqlaması da düşünürəm ki, mənim paylaşdığım həmin görüntülərlə üst-üstə düşür. Dövlətin bundan məndən də qabaq xəbəri var idi. Odur ki, biz gərək keçirilən təlimləri, müəyyən toplanışları, tədbirləri birbaşa müharibə ilə bağlamayaq. Bu, doğru olmaz. Ən azı, səfərbərlik elan olunmayıb, hərbi vəziyyət elan olunmayıb. Bu, sadəcə, belə desək, planlı tədbirlərdir, səfərbərlik tədbirləridir. Düşünürəm ki, davamlı olaraq həyata keçirilməlidir. Kim harada yer alacaq, ixtisası nədir, hansı hərbi hissədə hansı vəzifəyə gedəcək və sair kimi məsələlər dəqiqləşdirilir. Kimin səhhətində dəyişikliklər olub, yaxud olmayıb; belə məsələlərin dəqiqləşdirilməsi üçün təlimlər vacibdir.Xocalının Daşkənd kəndində düşmən texnikasının cəmləşməsi/Bizimyolinfo

Şuşa ətrafında nə baş verir? - “Belə olsa, əməliyyatlara getməyə məcbur olacağı