Sülhməramlıların Qarabağdan çıxması xəbəri ilə bağlı AÇIQLAMA

Sülhməramlıların Qarabağdan çıxması xəbəri ilə bağlı AÇIQLAMA

Sülhməramlıların Qarabağdan çıxması xəbəri ilə bağlı AÇIQLAMA

Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını əks etdirən videogörüntülər yayılıb. İddia olunur ki, rus sülhməramlılarının Qarabağdan çıxması Ukraynada davam edən müharibə ilə əlaqədardır.

Təsdiqlənməmiş məlumatlara görə, rus hərbçilər tezliklə Ukrayna ilə müharibəyə cəlb olunacaq. Həmçinin başqa versiyaya əsasən, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibəyə yola düşəcəklər. Rusiya tərəfi belə bir iddianı təsdiqləməyib və bununla bağlı heç bir rəsmi açıqlama verilməyib.

Rusiya sülhməramlıları indiki şəraitdə Qarabağdan necə çıxa bilər? Bunun üçün hansı prosedurlar nəzərdə tutulub? 

Bu barədə Modern.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Rusiya hərbçilərini Qarabağdan çıxarmaq istəyirsə, bununla bağlı üçtərəfli danışıqlar aparılmalıdır:

“Sülhməramlıların Qarabağda yerləşməsinə üç ölkə birgə imza atıb. Bu sənəd əsasında hansısa şərtlər irəli sürülə bilər. Lakin üçtərəfli danışıqlardan sonra qərarın verilməsi mümkündür. İndiki vəziyyətdə sülhməramlıların Qarabağdan çıxarılması inandırıcı görünmür və mən şəxsən bu iddialara inanmıram”.

Bundan əlavə, ekspert vurğulayıb ki, Rusiya sülhməramlılarının sayının azaldılması hazırda gündəmdə deyil:

"Rusiya sülhməramlıları Qarabağdan getməli olsalar, bu məsələ üçtərəfli sənəd əsasında təsdiqlənməlidir. Hansısa video əsasında belə fikir yürütmək real deyil. Qarabağdakı qüvvələrinin Ukrayna müharibəsinə cəlb edilməsi Rusiyanın daxili işidir. Lakin bu, sülhməramlıların Qarabağdan tamamilə çıxması demək deyil.

Sülhməramlı qüvvələr Rusiya Müdafiə Nazirliyinə tabedir. Onlardan necə istəyirlərsə, istifadə edə bilərlər. Buna kiminsə qarışmağa, nəsə söz deməyə ixtiyarı yoxdur. Ancaq bu, sülhməramlı missiyanı başa çatdırdıqdan sonra mümkün ola bilər”.

Polkovnik digər versiyaya da diqqət çəkərərək fikrini belə davam etdirib: 

“Burada başqa fərziyələr də ola bilər. Ola bilsin ki, sülhməramlıların tərkibindəki əsgərlər müqavilə əsasında xidmət göstərən peşəkarlardır. Onların yerinə başqalarının gətirilməsi mümkündür. Gerçəklik ondan ibarətdir ki, Rusiya sülhməramlı missiyasını dayandırmayıb. Əgər missiyanı dayandırmalı olsalar, bunu hüquqi sənəd əsasında etməlidirlər”.

Qeyd edək ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanat əsasında rusiyalı sülhməramlılar Qarabağa gəlib. Sülhməramlı qüvvələrə 1960 əsgər, 90 ədəd BTR zirehli maşın, 370 ədəd avtomobil və xüsusi texnika cəlb edilib.

Qarabağın bəzi ərazilərinə yerləşdirilən sülhməramlıların əsas missiyası sülhyaratma əməliyyatına yardım etmək, üçtərəfli bəyanatın icrasını təmin etməkdir. Lakin geridə qalan müddət ərzində sülhməramlılar dəfələrlə qeyri-adekvat hərəkətlərlə gündəmə gələrək, Azərbaycan ictimaiyyətinin etirazına səbəb olublar.

Sülhməramlıların Qarabağdan çıxması xəbəri ilə bağlı AÇIQLAMA