Separatçılar Xankəndində növbəti təxribata hazırlaşır - Bakının cavabı nə olacaq?

Separatçılar Xankəndində növbəti təxribata hazırlaşır

Separatçılar Xankəndində növbəti təxribata hazırlaşır - Bakının cavabı nə olacaq?

Gələn ilin martında Xankəndində “erməni abidələrin albanlaşdırılması mövzusunda beynəlxalq konfrans” adlı təxribatçı tədbir planlaşdırılır.

Polemika.az xəbər verir ki, bu barədə oyuncaq qurumun “rəsmisi” bildirib. Rusiya və Avropadan ermənipərəst tarixçi alimlərin konfransda iştirakı gözlənilir. Bu, növbəti dəfə siyasi şou, ölkəmizə qarşı de-marş hazırlamaq təşəbbüsüdür və bununla beynəlxalq rəyi çaşdırmaq istəyirlər. İddia olunur ki, guya bu tədbir Bakının “erməni kilsələrini albanlaşdırması”na “qəti bir nöqtə” qoyacaq.

Hiss olunur ki, erməni tərəfi uzun illər ərzində saxtalaşdırdıqları alban kilsələrinin öz sahiblərinə qaytarılması prosesindən bərk narahatdır. Çünki bu “miatsum” sərsəmləməsinə, Azərbaycana qarşı ərazi iddiasına daha bir sarsıdıcı zərbə deməkdir. Ancaq Bakının icazəsi olmadan belə bir tədbir necə reallaşa bilər və həmin əcnəbi “alimlər” Xankəndində icazəsiz peyda ola bilərmi? İkincisi, icazə verilsə belə azərbaycanlı tarixçi alimlərin orada iştirakı nə dərəcədə mümkündür?

Hərçənd bu tədbirin gurultulu olacağı inandırıcı görünmür. Bir müddət əvvəl də Xankəndində parad keçiriləcəyi gözlənilirdi, lakin sıradan bir tədbir təşkil olundu, ermənilərin yürüşü də matəmə bənzədi. Bundan əlavə, separatçı qüvvələrin bölgədə hərəkətlərinə görə sülhməramlılar cavabdehdir. Eyni zamanda, üçtərəfli bəyanatın 4-cü bəndi icra olunmalı, yəni sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdən erməni silahlı birləşmələri tərkisilah edilməlidir. Bu günlərdə Ermənistan parlamentində bir QHT nümayəndəsi kukla rejimin başçısı Araik Arutunyanın ona silahlı dəstələrini evakuasiya edəcəyini söylədiyini açıqlamışdı və səbəb kimi Azərbaycan tərəfinin tələbini vurğulamışdı.

Əslində qarşıda gözlənilən üçtərəfli görüşdən sonra separatçı qüvvələrin bu ərazilərdən çıxması reallaşmalıdır. Ona görə martda onların tədbiri baş tutmaya da bilər, hətta saxta tarixlə bağlı yığışsalar belə, gələcək qonaqlar Azərbaycan Xarici İşlər Nazirliyinin icazəsi ilə ərazilərimizə daxil ola bilərlər. Baxmayaraq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq" deyib. Sosial şəbəkələrdə ermənilər Qriqoryanın bu fikrinə belə reaksiya veriblər: “Doğrudur, çünki daha ”Artsax" yoxdur".

Ona görə bu geydirmə tədbirlərlə mövcudluqlarını göstərməyə çalışanlar heç bir vəchlə beynəlxalq ictimaiyyətin rəğbətini qazana, “status” çağırışlarının daha da çox eşidilməsinə nail ola bilməyəcəklər. Bəs Bakı bu təxribatçı davranışlara necə yanaşmalıdır?

Türkiyədə yaşayan professor Toğrul İsmayıl “Yeni Müsavat”a bildirib ki, Xankəndi Azərbaycan ərazisidir və başqa ölkələrdən gələnlər olacaqsa, bunda bizim icazəmiz olmalıdır. T.İsmayılın fikrincə, ermənilər istədikləri həqiqi yaxud saxta konfransa keçirə bilərlər: “Bunlar boş şeydir, ermənilərin keçirdiyi hər mənasız tədbirə reaksiya verməkdənsə əlimizdə olan öz imkanlarımızdan istifadə etməliyik. Azərbaycanda Tarix İnstitutu, araşdırmaçılar var, əsərlər hazırlanmalıdır, ciddi mütəxəssislər iş görməlidirlər. Çünki ermənilər həmişə saxtakarlıq edirlər”.

T.İsmayılın sözlərinə görə, həmin tədbirə gələcək qonaqların Xankəndi ərazisinə buraxılması ilə bağlı Rusiya sülhməramlıları məsuliyyət daşıyır: “Azərbaycan xəbərdarlıq etməlidir ki, həmin şəxslər qara siyahıya alınacaq, cəza tədbiri olacaq, sülhməramlılara da deyilməlidir ki, bu cür tədbirlər bizim icazəmiz olduqdan sonra baş tuta bilər. Yəni bizim ərazidən keçməklə, Füzulidən gəlib gedə bilərlər”.

Professor Qabil Hüseynli isə deyib ki, həmin ərazilər Azərbaycanın suveren torpağıdır və oradakı separatçı qüvvələrin beynəlxalq toplantılar keçirməyə səlahiyyəti yoxdur. Q.Hüseynlinin sözlərinə görə, üstəlik “erməni abidələrin albanlaşdırılması” mövzusu ermənilərin separatçı ideyaları ilə üst-üstə düşdüyündən bu məsələnin heç bir elmi və nəzəri əhəmiyyəti ola bilməz: “İnanmıram ki, dəvət edilən şəxslərin bölgənin tarixi abidələri haqda müfəssəl məlumatları olsun. Separatçılar niyə diqqət yetirmirlər ki, Qriqoriyan kilsəsi Rusiya Provaslav kilsəsinin bir qoluna çevrildi və erməni dindarlarının, ictimai rəyin fikri soruşulmadı?! İndiyə qədər müstəqil kilsə olan Qriqoriyan birdən-birə Rusiya Provaslav kilsəsinin tərkibinə qatıldı. Belə bir prinsipsiz, dini qaydalar olmayanlar Xankəndində bu cür məsələlərə girişə bilməzlər və onların buna mənəvi haqqı yoxdur”.

Q.Hüseynli hesab edir ki, qanunsuz səfərlərin qarşısı alınmalıdır və burada sülhməramlıların üzərinə iş düşür. Politoloq Azərbaycanın Laçın koridoruna nəzarətinin güclənməsini zəruri sayır: “Sülhməramlılar kimi gəldi buraxa bilməz. Onlar dəhlizə nəzarət edirsə, öz vəzifələrini yerinə yetirməlidirlər. Prezidentin də qanunsuz xarici səfərlər barəsində bu günlərdə xəbərdarlığı olmuşdu. Ona görə heç bir beynəlxalq konfransdan söhbət gedə bilməz”. 

Separatçılar Xankəndində növbəti təxribata hazırlaşır - Bakının cavabı nə olacaq?