“Rusiya Qazaxıstanla bağlı planı Turanın qarşısını almaq üçün cızıb”

“Rusiya Qazaxıstanla bağlı planı Turanın qarşısını almaq üçün cızıb”

“Rusiya Qazaxıstanla bağlı planı Turanın qarşısını almaq üçün cızıb”

“Qazaxıstandakı olayların necə başladığı, sifarişin haradan verildiyi, bunun üçün kimin sıradan çıxarıldığı aydın görünür. Bunu gizlətmək mümkün deyil. 1990-cı ilin 20 yanvarında rus ordusu Azərbaycana hansı bəhanə ilə daxil olub mülki insanları qırmışdısa, eyni proqramla da Qazaxıstana soxulub. Sadəcə, bunun adı bir qədər fərqlidir”.

Bunu Reyting.az-a Azərbaycanın sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilov Qazaxıstanın Rusiya tərəfindən nəzarətə götürülməsindən danışarkən deyib.

F. Cəlilov bildirib ki, 1990-cı ilin 20 yanvarında Bakıya daxil olanlarla 2022-ci ilin 5 yanvarından sonra Qazaxıstana daxil olanların məqsəd və məramı eynidir:

“20 yanvarda bəzi təxribatçılar xalqı küçələrə tökərək özləri aradan çıxdı. Məqsəd rus əsgərinin bura daxil olmasına bəhanə vermək idi.

Eyni layihə Qazaxıstanda başlanıldı. Sıxılmış qazın qiymətinin artırılması ilə insanlar küçələrə çıxdı. Bu, normal proses idi. Amma qiyməti artıran Qazaxıstan dövləti deyil. Qazaxıstanın qaz şirkəti var və müxtəlif bölgələrdə qiymətlərin tənzimlənməsinə onlar baxır. Qiyməti qaldırmışdılar ki, camaatı küçələrə çıxara bilsinlər. İnsanları küçəyə çıxardılar. Xalq da tələbini irəli sürdü və hökumət də onu qəbul etdi.

Birinci tələb qiymətlərin aşağı salınması idi, salındı.

İkinci tələb Nazarbayevin getməsi idi. Əslində bütün şüar “Qoca, çıx get!”lə bağlı idi.

Hökumət buraxıldı, daha sonra Nazarbayev getdi. Bundan sonra nə olmalı idi? Nümayişçilərin təmsilçisi ilə hökumət nümayəndələri oturub məsələni çözməli idi. Amma bu baş vermədi. Çünki hökumət bunu etmədi. Sözsüz ki, yazılan ssenaridə bu nəzərdə tutulmurdu. Əgər nəzərdə tutulsaydı, rus ordusu Qazaxıstana gələ bilməzdi. Bunun əvəzində təxribatçıları aksiyanın içinə saldılar. Bəzi mağaza və obyektlər qarət edildi, polislər döyüldü və ya öldürüldü, etirazçılara silah paylanıldı. Bunlar əvvəlcədən hazırlanmışdı”.

F. Cəlilov qeyd edib ki, 1990-cı ildə Bakıda da kimlərisə eyvandan atmışdılar: “İnsanlar nə bilirdi ki, hansı binada kim yaşayır? Bəlli adamların əlinə öncədən siyahı və ünvan verilmişdi. Qazaxıstanda da eynən belə oldu”.

Professorun iddiasına görə, bu layihəni Rusiya başladıb: “Niyə bunu edir? Çünki Qazaxıstan ayı ilə əjdahanın arasındadır - Şimalda Rusiya, Şərqdə Çin!

Rusiya ilə Qazaxıstanın 7500 kilometr sərhədi var. Bu o deməkdir ki, artıq Qazaxıstanda Turan şüarları həyata keçsə, Rusiyanın 7500 kilometrliyində güclü dövlət formalaşır - arxasında da Böyük Turan! Bunun qarşısını almaq üçün Rusiya bu planları cızdı. Hadisələrin necə başa çatacağı iki ssenari əsasında ola bilər. Hesab edirəm ki, tələsmək lazım deyil, hadisələri izləmək vacibdir”.

Türkoloq bildirib ki, Rusiya Qazaxıstanı cəzalandırır: “Məqsədlərinə nail olduqdan sonra çəkilə bilərlər. Rusiya istəyir ki, Qazaxıstan latın əlifbasına keçməsin, rus məktəblərini yenidən açsın, rus dilini ikinci dövlət dili elan etsin”.

F. Cəlilov deyib ki, KTMT adlı rus qoşunlarının Qazaxıstanda uzunmüddətli qalmayacağına ümid edir.

 

“Rusiya Qazaxıstanla bağlı planı Turanın qarşısını almaq üçün cızıb”