Ramiz Mehdiyev istefa versə, bu, əsl müdriklik nümunəsi olacaq

Ramiz Mehdiyev istefa versə, bu, əsl müdriklik nümunəsi olacaq

Ramiz Mehdiyev istefa versə, bu, əsl müdriklik nümunəsi olacaq

Mən 20 ildən artıq bir müddətdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatında İdarə rəisinin müavini vəzifəsində çalışmışam. İşlədiyim müddətdə elmlə bağlı ən ciddi konseptual sənədlərin, qərar və sərəncamların hazırlanmasında yaxından iştirak etmişəm və səmərəli fəaliyyətimə görə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılmışam. Mənim jurnalist və yazıçı kimi də fəaliyyətim yüksək dəyərləndirilib, müəllifi olduğum analitik məqalələrə, uşaq əsərlərinə görə dəfələrlə nüfuzlu müsabiqələrdə qalib yerlərə layiq görülmüşəm.

Rəyasət Heyəti aparatında işlədiyim dövrdə həmişə bu müqəddəs elm ocağına Azərbaycan elminin işıqlı məbədi kimi baxmışam və burada işlədiyimə görə fəxarət hissi keçirmişəm. Ona görə də bu gün Azərbaycan elminin düşdüyü acınacaqlı vəziyyətdən ürək ağrısı ilə danışan insanları çox gözəl başa düşürəm və onlara bu işə biganə qalmayaraq əsl ziyalı mövqeyi göstərdiklərinə görə təşəkkürümü bildirirəm.

Mənim akademik Ramiz Mehdiyevə həmişə böyük hörmətim olub və onu görkəmli dövlət xadimi hesab etmişəm. Ona görə də Ramiz Mehdiyev AMEA-nın prezidenti seçiləndə fikirləşdim ki, hörmətli akademik özünün zəngin dövlət idarəçiliyi təcrübəsindən elmin inkişafında bacarıqla istifadə edəcək. Lakin, çox təəssüf ki, akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti seçilməsi ilə elmin işıqlı məbədinin nuru sanki söndü və elm adamlarının qara günləri başladı. Rəyasət Heyəti aparatında ardı-arası kəsilmədən aparılan plansız, eksperimentə bənzəyən islahatlar adamları qorxuya saldı. Yadımdadır, həmin vaxtlar aparat əməkdaşları hər görüşəndə təşvişlə bir-birlərinə baxıb üzlərini yuxarı tuturdular. Bununla da tanrıdan bir-birilərinə kömək diləyirdilər. Ancaq elə bir bəlaya düşmüşdük ki, Tanrı da bizə kömək etməkdə aciz qaldı. 

Gözümüzün qarşısında akademik Ramiz Mehdiyevin Prezident Administrasiyasında qurduğu özünəməxsus idarəetmə üsulu Akademiya sisteminə transfer edilirdi. Akademiyanın tarixi binasından tutmuş hər şey bu transferin qurbanına çevrilirdi. Onların maraqlarını dəstəkləməyən struktur rəhbərləri öz vəzifələri ilə vidalaşmalı oldu, müqavimət göstərənlərin isə rəhbərlik etdikləri idarə və şöbələr amansızcasına ləğv olundu, gərəksiz, bir-birini təkrarlayan süni strukturlar yaradıldı, müqavimət göstərənlərin özlərini isə aparatdan uzaqlaşdırdılar. Beləliklə, onlarla günahsız əməkdaş bu saxta islahatların qurbanı oldu.

AMEA-nın nizamnaməsinə zidd olaraq Rəyasət Heyətində elmi idarəçilikdə analoqu olmayan qondarma bir “aparat rəhbəri” vəzifəsinin təsis olunması və bu vəzifəyə AMEA-nın üzvü olmayan bir şəxsin – filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənovun təyin edilməsi transferin ikinci dağıdıcı mərhələsi oldu. Akademiya sisteminə bələd olmayan Seyfəl Həsənovun subyektiv mühakimələri əsasında xaotik şəkildə aparılan növbəti kadr və struktur dəyişiklikləri, qısa bir vaxtda, demək olar ki,  Rəyasət Heyəti aparatının fəaliyyətini iflic vəziyyətinə saldı. Seyfəl Həsənov şahmat taxtası üzərində gedən oyunlardakı kimi, aparat əməkdaşlarının yerlərini və vəzifələrini dəyişməklə, bəzilərini isə sadəcə qurban verməklə elə bir qarma-qarışıq kombinasiya qurdu ki, sonda ŞAH özü mat vəziyyətinə düşdü. 

Zənnimcə, Rəyasət Heyəti aparatında kadr seçiminin düzgün aparılmaması və idarəetmənin düzgün təşkil olunmaması Akademiyan bu gün çökməsinin başlıca səbəbidir. Yuxarı orqan idarə edə bilməyəndə, aşağılar təbii ki, tabe olmayacaq və hər şey kontroldan çıxacaq. Rəyasət Heyəti aparatı öz əsasnaməsində qeyd edildiyi kimi AMEA Rəyasət Heyətinin vəzifə və funksiyalarını həyata keçirir və əsas vəzifələrindən biri AMEA Ümumi yığıncağının və AMEA Rəyasət Heyətinin qərarlarını, AMEA prezidentinin sərəncamlarını və digər sənədləri müəyyən olunmuş qaydada hazırlamaq və rəsmiləşdirmək, eləcə də onların AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən icrasına nəzarəti həyata keçirməkdir. Buradan aydın olur ki, Rəyasət Heyəti aparatının əsas işi inzibati-idarəçilik fəaliyyətinin təşkilidir. Burada çalışan əməkdaşlar qeyd olunan işləri həyata keçirmək bacarığına malik olmalıdırlar. Ancaq hörmətli akademik idarəçilik prinsiplərinə zidd olaraq tələb qoyub ki, aparatda çalışanların mütləq elmi dərəcəsi olmalıdır. Əməkdaşdan elmi dərəcə tələb etmək və işi bilən 20-30 illik idarəçilik təcrübəsi olan savadlı və bacarıqlı kadrları kənarda qoymaq, özü idarəçiliyə qeyri-professional yanaşmadır. Hörmətli akademik və onun qeyri-qanuni təyin etdiyi aparat rəhbəri hələ bilmirlər ki, Rəyasət Heyəti aparatı elmi-tədqiqat müəssisə deyil ki, burada işçidən elmi dərəcə tələb edəsən, bunun üçün AMEA-nın elmi müəssisələri var, istəyən gedib orada elmi işlə məşğul ola bilər. Normal halda idarəçilikdə elmi işlə məşğul olmaq istəyən, bunun üçün xüsusi icazə almalıdır. Çünki elmi tədqiqat işi aparmaq özü-özlüyündə böyük vaxt və enerji tələb edir.  Əgər işçi Aparatda oturub elmi-tədqiqat işləri ilə məşğul olacaqsa, onda idarəçilik işini kim həyata keçirəcək. Ona görə də belə yanaşmanın nəticəsi ona gətirib çıxartdı ki, işçi gəlib öz elmi işi ilə məşğul olur, aparatın işi isə qalır bir kənarda. Xatırlatmaq istəyirəm ki, bəzi xarici ölkələrin elmlər akademiyalarında, hətta prezidentin özünün belə elmi dərəcəsi yoxdur. Məsələn, Türkmənistan Elmlər Akademiyasının prezidenti Sapardurdi Toylıyevin, ümumiyyətlə elmi dərəcəsi yoxdur, ancaq inzibati-idarəetmə işini çox gözəl bilir. Demək, akademiyanın özünü idarə etmək üçün elmi dərəcənin olması vacib şərt ola bilməz. Əsas elmi təşkil etmək, idarə etmək və əlaqələndirməyi bacarmadır. Onu da çox təəssüf ki, akademik Ramiz Mehdiyevin Prezident Administrasiyasından gətirdiyi komanda bacara bilmədi.

Yuxarıda qeyd etdiyim qondarma islahatlar zamanı Rəyasət Heyəti aparatında çoxillik əmək təcrübəsi olan kadrları, o cümlədən məni min bəhanə ilə AMEA-nın ən geridə qalmış elmi müəssisələrinə keçirdilər ki, guya biz öz təcrübəmizdən həmin müəssisələrin dirçəldilməsi üçün istifadə etsək elmin inkişafına daha çox xeyir vermiş olarıq. Sonradan isə məlum oldu ki, əslində onlara elmi müəssisələrin inkişafı yox, öz şəxsi maraqlarını aparatda daha rahat həyata keçirmək üçün əlverişli şəraitin yaradılması düşündürürmüş. Mən bu məsələni aşkar edən kimi akademik Ramiz Mehdiyevə məktubla müraciət edib bu acınacaqlı vəziyyəti izah etdim, düşündüm ki, AMEA prezidentinin bu işlərdən xəbəri yoxdur və məni Rəyasət Heyəti aparatındakı əvvəlki işimə bərpa etməsini xahiş etdim. Əvəzində isə, gözləmədiyim halda mənə qarşı çox ciddi şər-böhtan kompaniyasına start verildi, məni guya sənəd və yazı-pozu işindən başı çıxmayan, heç bir bacarığı olmayan yararsız bir işçi kimi gözdən salmağa çalışdılar. Halbuki mən AMEA-da və cəmiyyətdə məhz qələmimlə, yazı yazmaq bacarığıma görə tanınmışam. Ən dəhşətlisi isə mənə indi və bundan əvvəl də iftira yağdıranlar, arxamca danışanlar Akademiyada tanıdığım, mənə dost, qardaş deyən, ancaq vəzifədə qalmaq üçün rəhbərliyin qarşısında ikiqat əyilib hər yola gedən adamlar idi. Ona görə də mən məcburən ikinci dəfə akademik Ramiz Mehdiyevə məktubla müraciət etdim və bu məsəlini geniş ictimaiyyətə də çatdırmaq qərarına  gəldim. 

Hesab edirəm ki, bu cür davam edə bilməz. Düz danışdığına, həqiqəti dediyinə görə təmiz adamları ləkələmək, onları yolverilməz üsullarla gözdən salmaq, artıq sözün bitdiyi yerdir. Ona görə də düşünürəm ki, akademik Ramiz Mehdiyev nəhayət ki, AMEA-nı idarə etmək iqtidarında olmadığını başa düşüb bu yaxın günlərdə özü könüllü şəkildə istefa verəcək və onun bu addımı inanıram ki, əsl müdriklik nümunəsi kimi tarixdə qalacaq.

Vüqar Haqverdiyev

Azərbaycan Yazıçılar Birliyinin və 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,                                    

AMEA “Elm” Nəşriyyatının direktor müavini 

 

Ramiz Mehdiyev istefa versə, bu, əsl müdriklik nümunəsi olacaq