“Qələbəmi şəhidlərimizə həsr edirəm” - Boks üzrə dünya çempionumuz

“Qələbəmi şəhidlərimizə həsr edirəm” - Boks üzrə dünya çempionumuz

“Qələbəmi şəhidlərimizə həsr edirəm” - Boks üzrə dünya çempionumuz

“Dünya çempionatı çox yaxşı keçdi. Güclü bir mübarizə oldu. Mundialda demək olar ki, bütün favoritlər iştirak edirdi. Döyüşlər asan keçmədi”

Polemika.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə Serbiyanın paytaxtı Belqradda dünya çempionu titulunu qazanan millimizin üzvü Alfonso Dominqes (86 kq) deyib.

Avropa Oyunlarının qalibi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı dünya çempionatındakı çıxışı ilə bağlı belə deyib: “Dünya çempionatında asan rəqib olmur. Hamısı güclü, ölkəsinin bir nömrəsi sayılan boksçular idi. Hər biri Belqrada qızıl medal qazanmaq üçün gəlmişdi. Buna görə keçirdiyim bütün döyüşlərə final döyüşü kimi çıxırdım. Demək olar ki, hər bir rəqiblə mübarizə gərginliyi ilə yadda qaldı. Amma ən çətin və həyəcanlı görüşümün kubalı Ruis Kordoba ilə keçdiyini deməliyəm. Yarımfinala təsadüf edən döyüş həm də mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Mübarizə apardığım rəqib həmyerlim idi”.

Bir ay əvvəl azərbaycanlı xanımla ailə quran “Asif Axundov klubu”nun üzvü qeyd edib ki, Belqradda Azərbaycan bayrağını yüksəltdiyi və fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün sevinclidir: “Çempion olacağıma inanırdım. Dünya çempionatına da bu istəklə yollanmışdım və bunu bacardım. Sabah Zəfər Günü qeyd olunacaq. Bu qələbəmi 44 günlük Vətən müharibəsi şəhidlərimizə həsr edirəm. Allahdan onlara rəhmət, qazilərimizə cansağlığı arzulayıram. Bu hamımızın, Azərbaycanın uğurudur. Bununla kifayətlənməyəcəyəm. İnşallah, bu qələbənin ardı gələcək. Uğurumda xüsusi payı olan Azərbaycan Boks Federasiyasına, məşqçilərimə və ailəmə təşəkkür edirəm”.

Qeyd edək ki, Alfonso dünya çempionatında ardıcıl olaraq AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev, kubalı Ruis Kordoba və braziliyalı Keno Maçadonu məğlub edib.

“Qələbəmi şəhidlərimizə həsr edirəm” - Boks üzrə dünya çempionumuz