Qarabağda üç tuz

Qarabağda üç tuz

Qarabağda üç tuz

Qarabağ ermənilər tərəfindən işğal olunan zaman efirlərdə, mətbuatda tez-tez səslənən bir fikir vardı: Qarabağı qumara qoydular...

Görünür, bu fikir kimlərinsə altşüurunda özünə yer edib. Qarabağ deyəndə gözünün qabağına qumar masası gəlir. Dünən də deputatlardan biri Milli Məclisdə “kart paylayırdı”. Millət vəkili Qüdrət Həsənquliyev təklif edirdi ki, Qarabağda kazinolar açılsın və bu yolla bölgəyə çoxlu turistlər cəlb olunsun. 

Təklif sosial şəbəkələrdə eninə-uzununa tənqid olundu. Bu tənqidlər indi də davam etməkdədir. Əsas ittihamlardan biri isə budur ki, şəhidlərimizin qanı hesabına alınan torpaqlarda kazino açmaq təklifi irəli sürmək ən azı qansızlıqdır. Və yaxud dindar kəsim “qumar haramdır” deyə reaksiya verdi. Bir qisim də Azərbaycanın mədəniyyət mərkəzi hesab olunan Qarabağda kazinolar açılmasını milli-mənəvi dəyərlərə zidd hesab etdi.

Deputatımızın belə bir təşəbbüslə çıxış etməsinin səbəbləri haqda heç nə bilmirəm. Şəxsən özünün qumar haqda bilgilərinin, təcrübəsinin də olub-olmamasından xəbərsizəm. Amma bildiyim odur ki, Azərbaycanda vəzifəli şəxslərin, deputatların qumarda əlinin gətirməməsi haqda çoxlu nümunələr var. “Google”u açıb axtarış verin. “Filan deputat kazinoda uduzdu, filan məmur qumarda uduzdu” deyə görün qarşınıza nə qədər xəbər çıxacaq. Həqiqətən də görünən odur ki, həmin o uduzan deputatlar, məmurlar, pis məmur, pis deputat olduqları kimi həm də pis qumarbaz olublar.

Mən məsələyə pafosla yanaşmağın tərəfdarı deyiləm. Sərhədləri qeyri-müəyyən olan milli-mənəvi dəyərləri də bir kənara qoyaq. Dəqiq sərhədləri olan iqtisadi maraqdan danışaq. Deputat da bu təklifini iqtisadi maraqlarla əlaqələndirməyə, dövlət büdcəsinə turizmdən pul axacağı ilə izah etməyə çalışıb. Tutaq ki, belədir. Son 5-10 ilin təcrübəsini xatırlamaqda fayda var. Dəqiq rəqəm deyə bilməyəcəm, amma son illərdə Azərbaycanın dövlət büdcəsindən turizmin inkişafı üçün böyük məbləğdə vəsait ayrılıb. Lakin turizmdən dövlət büdcəsinə daxil olan gəlir xərclə müqayisəyə gəlməz qədər azdır.

Bu arada yadıma bir əhvalat düşdü. İllər öncə idi. Bir iş adamı Xəzərin sahilində böyük bir istirahət-əyləncə mərkəzi tikdirmişdi. Ondan bu obyektə nə qədər xərc qoyduğunu soruşdum. 50 milyon dedi. Soruşdum ki, yaxşı bu obyekt qoyduğun pulu neçə ilə sənə qaytaracaq. Dedi heç 50 ilə də qaytarmayacaq. Adamın biznes məntiqinə heyrət etdim...

İndi deputat deyir ki, kazino açmaq gəlir gətirəcək. Amma axı təcrübəmiz var. Biz davamlı gəlirə deyil, alıb-aldatmağa daha çox meylliyik. Biznesdə də, işdə də, lap elə kazinoda da bir ədalət, halallıq olmalıdır. 3-4 il əvvəl Azərbaycana axın edən ərəb, fars turistlərin indi birini də ölkəmizdə görə bilməzsiniz. Səbəbini hamımız bilirik. Meşədəki ağacın dibində oturmaq üçün 100 dollar tələb edirdik. O ərəb ikinci dəfə niyə gəlsin ki?!.

Mən şəxsən kazino açılmasının əleyhinəyəm. Məmurlarımız büdcədən oğurladıqları pulları xaricdən gələn qumarbaz turistlərə həmin kazinolarda uduzacaqlar. Belə olanda da onlar büdcədən daha çox oğurlamağa çalışacaq. Bu, bizə lazım deyil...

Həm də axı “poker” bizlik deyil. Bizimki “duraki”dir. Ona da kazino lazım deyil...

Elnur Məmmədli

 

Qarabağda üç tuz