Qarabağda antiterror əməliyyatı keçirilə bilər? - Deputatlar AÇIQLAMA

Qarabağda antiterror əməliyyatı keçirilə bilər? - Deputatlar

Qarabağda antiterror əməliyyatı keçirilə bilər? - Deputatlar AÇIQLAMA

Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı bölgəsində və Ermənistan-Azərbaycan sərhəddində düşmən təxribatı artıb. Əvvəlcə Xankəndi-Şuşa yolunda erməni terrorçunun Azərbaycan Ordusunın postuna qumbara atması, daha sonra Kəlbəcər və Laçın istiqamətindəki mövqelərimizin atəşə tutulması Ermənistanın məkrli niyyətindən xəbər verir.

Bir tərəfdən sülh danışıqlarına eyham vuran Ermənistan hakimiyyəti, o biri yandan danışıqlar masasına oturmamaq üçün hər şeyə əl atmağa çalışır.

Ötən həftələrdə Rusiya, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli görüşü müzakirə mövzusu olsa da, dövlət rəhbərlərinin bir araya gəlməsi mümkün olmadı.

Ermənistanın çaşdırıcı siyasətinin səbəbi nədir, Azərbaycan hansı addımları atmalıdır? Son terror hadisəsi fonunda Qarabağda antiterror əməliyyatı keçirilə bilər?

Milli Məclisin deputatıları mövzu ilə bağlı Modern.az-a danışıblar.

Aydın Mirzəzadə bildirib ki, Ermənistan özünün bundan sonrakı xəttini müəyyən edə bilmir:

“Azərbaycanın Ermənistana zərbəsi onları soyuq duş altına salaraq, reallıqlarla barışmağa məcbur etdi. Amma bir tərəfdən də yuxudan ayıla bilmirlər. Ona görə də bir tərəfdən kommunikasiyaların açılmasından danışırlar, bir tərəfdən də sərhəddə təxribat törədirlər. Ermənistan hakimiyyəti bu təxribatlarla özü üçün Azərbaycandan maksimum fayda qoparmağa çalışır. Onun üçün əlaqələrin, sərhədlərin açılması azdır. Bacardığı qədər hansısa yüksəkliyi, gölü öz nəzarətində saxlamağa çalışır. Bununla da gücünü hanısa xarici qüvvələrə göstərməyə çalışır. Amma Ermənistan bundan sonra Azərbaycanın yürütdüyü siyasətə tabe olacaq. Danışıqlar gedəcək, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Amma reallıq budur ki, biz hər zaman Ermənistan tərəfdən hansısa təxribatlara hazır olmalıyıq. Müharibə bitib, amma hələ də erməni cəmiyyəti tam ayılmayıb. Onun içərisində revanşist qüvvələr var, Şuşanı, Kəlbəcəri qaytarmaq niyyətində olanlar var. Ona görə də Azərbaycan daim hər şeyə hazır olmalıdır. Öz ərazimizdə istənilən fəaliyyəti göstərmək hüququmuz var”.

Arzu Nağıyev deyib ki, Paşinyan hakimiyyəti dövlətdə baş verən hadisələri birmənalı şəkildə idarə edə bilmir:

“Paşinyan sülh açıqlamaları verdikcə, revanşist düşüncəli qüvvələr buna mane olmağa çalışırlar. Sülh sazişinin imzalanması məsələsi artıq çox gecikir, bu da problem yaradır. Müdafiə Nazirliyində yaranan fikir ayrılığı təxribatları daha da artırır. Amma Azərbaycan tərəfinin dedikləri ilə razılaşmağa məcbur olacaqlar. Sülh məsələsi açıqlandıqca, onlarda qorxu yaranır. Bundan başqa, rus sülhməramlıları da öz işlərini düzgün yerinə yetirməlidir. Birləşmiş Millətlər Təşkilatının və üç ölkə arasında bağlanan bəyannamənin şərtlərinə əməl olunmalıdır. Təbii ki, beynəlxalq qüvvələr - ATƏT-in Minsk qrupu, BMT bu işdə ciddi fəaliyyət mexanizmdən çıxış etməlidir. Əks halda, Azərbaycanın ərazisində antiterror əməliyyatı keçirməsinə zəmin yaranır”.

Elman Məmmədov qeyd edib ki, Ermənistan hazırda imzaladığı sənədlərə çox hörmətsiz yanaşır:

“Bu da o deməkdir ki, Ermənistan məğlubiyyətlə barışmaq istəmir. Yenə xəyallara düşüb, boş iddialarla çıxış edirlər. Yenidən status istəyirlər. Son günlərdə olan təxribatlar da bunu sübut edir. Biz nə qədər ki, Ermənistanla qonşuyuq, bu təxribatlar davam edəcək. Ona görə də Azərbaycan höküməti xalqın, dövlətin təhlükəsizliyini təmin etmək üçün hər an müharibəyə hazır vəziyyətdə olmalıdır. Çünki söhbət təkcə düşmən Ermənistandan getmir, onlardan daha təhlükəli olan pərdəarxası qüvvələrə qarşı diqqətli olmalıyıq. Hələ bilmək olmaz ki, o təxribatların arxasında hansı qüvvələr durur və məqsədləri nələrdir. Kimlərsə özünün bu ərazilərdə daimi qalması üçün müəyyən tələlər qurur... Kimlərsə Azərbaycanın qələbəsini həzm edə bilmir və erməniləri dəstəkləyir. Ona görə biz heç zaman unutmalı deyilik ki, Ermənistan tərəfindən təxribatlar gözlənilə bilər”.

Qarabağda antiterror əməliyyatı keçirilə bilər? - Deputatlar AÇIQLAMA