Qarabağ üçün ayrılan pulla hansı işləri görrmək mümkündür?

Qarabağ üçün ayrılan pulla hansı işləri görrmək mümkündür?

Qarabağ üçün ayrılan pulla hansı işləri görrmək mümkündür?

2022-ci ilin dövlət büdcəsində Qarabağın bərpası üçün 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur. 2021-ci ildə isə bu vəsait təxminən 2 milyard manat təşkil edib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan hazırlıq işləri əsaslıdır, reallaşdırılmaqda olan irimiqyaslı quruculuq layihələrinin əhatə dairəsi isə kifayət qədər genişdir. Bu ərazilərdə mina- təmizləmə işləri ilə yanaşı, zəruri yol-nəqliyyat, enerji şəbəkəsi yaradılır, sosial və iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Buraya xarici şirkətlərin investisiya qoyması məsələsi də çox böyük əhəmiyyət kəsb edir.

Ötən 11 ayda Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə Qarabağın işğaldan azad olunmuş ərazilərində bir-birini tamamlayan irimiqyaslı layihələr uğurla gerçəkləşdirilir. Dövlət başçısı bu layihələrə start vermək üçün ardıcıl olaraq həmin bölgələrə gedir, erməni vandallarının 30 il ərzində talan edib xarabazara çevirdiyi ya¬şayış məntəqələrində görülən işlərlə yerindəcə tanış olur. 

Bu səfərlərdən sonra ölkə rəhbəri bərpa prosesinin genişlənməsi və sürətlənməsi üçün lazımi göstərişlər verir, əlavə təbdirlər müəyyən edir. Ötən gün Füzuli Beynəlxalq Hava Limanının açılması da bu qəbildən olan mühim hadisədir. Türkiyə prezidenti cənab Ərdoğanın burada iştirakı, qardaş ölkənin Qarabağa və Şərqi Zəngəzurun iqtisadi güclənməsinə böyük marağının göstəricisidir.

Dövlət başçısı hər dəfə öz çıxışlarında bildirir ki, işğaldan azad edilmiş şəhərlərimiz və kəndlərimiz yerlə-yeksan olunduğu üçün, sözün əsl mənasında, müasir dövrün tələblərinə uyğun yenidən qurulmalıdır. Postkonflikt dövrünün bərpası böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən uzunmüddətli bir pro¬sesdir. Buna görə də bu mərhələdə iqtisadi güclərin birləşdirilməsi bərpa prosesinin sürətli, şəffaf və səmərəli formada həyata keçirilməsinə şərait yaradacaq.

Qarabağın bərpası üçün gələn il xərclənməsi planlaşdırılan 2,2 milyard manatla işğaldan azad edilmiş bölgələrdə hansı işləri görmək olar? Bu vəsaiti qənaətbəxş hesab etmək olarmı? Bu vəsait, əsasən hansı istiqamətlərdə xərclənəcək?

Məsələ ilə bağlı “Yeni Sabaha”-la fikirlərini bölüşən iqtisadi ekspert Xalid Kərimli bildirib ki, Qarabağın bərpasına 2021-ci ildə 2 milyard manat ayrılmışdı, 2022-ci ildə bu məbləğ artırılaraq 2,2 milyard manat olub.

Onun sözlərinə görə, əslində, bu artım elə inşaat materiallarında 2021-ci ildə müşahidə olunan və 2022-ci ildə davam edilməsi gözlənilən inflyasiyanın, qiymət artımının kompensasiyasını nəzərdə tutur:

“Bu 2,2 milyard manat əhəmiyyətli məbləğdir. Nəzərə alsaq ki, dövlət büdcəsinin xərcləri 29 milyard manata yaxın bir rəqəmdir və bunun da əhəmiyyətli hissəsi cari xərclərdir. Dövlət büdcəsinin xərclərinin əhəmiyyətli hissəsi cari xərclərə gedib və bu demək olar ki, əsaslı xərclərin 1/3-i sırf istiqamətlənəcək Qarabağ zonasına. İqtisadi fəaliyyətlə əlaqədar xərclərin isə təqribən 40%-i Qarabağa yönələcək”.

Eskpert hesab edir ki, 2,2 milyard ümumi büdcə xərclərinin təxminən 7,5%-ni təşkil edir:

“Bu rəqəmlər dövlət büdcəsi üçün böyük rəqəmlərdir. Həm də nəzərə alaq ki, burada işlərin ardıcıllığı var. Təbii ki, hər şeyi eyni zamanda, eyni vaxtda qurmaq olmur. Yaşayış binalarının tikintisini həyata keçirməkdən öncə bunun enerji, yol, kommunal infrastrukrunun qurulması lazımdır. Bunun da qurulması müəyyən zaman tələb edir və bu da ardıcıl sürətdə gedir. Hər şeyi eyni vaxtda görmək inşaat tələbatlarına uyğun olaraq həm mümkün, həm də heç lazım da deyil. Effektiv və ardıcıl həyata keçirmək üçün tələsməyə ehtiyac yoxdur”.

İqtisadçı bildirib ki, növbəti il üçün 2,2 milyard manat ayrılan dövlət büdcəsindən malliyyəşdirmə kifayət qədərdir və planlaşdırılmışdır: “Nəzərə alsaq ki, növbəti illərdə biz tədricən bu regionlara özəl investisiyaları da qoyacağıq. 2,2 milyard manat sadəcə sırf dövlət büdcəsi hesabına olan maaliyyələşdirmədir.

Təbii ki, dövlət istəsə daha çox vəsait də ayrıla bilərdi, ona görə ki, bizim daha çox ehtiyatlarımız var. Burada məsələnin digər tərəfləri də var. İnflyasiya kimi elementlər var ki, böyük həcmli vəsaitləri bir-iki il ərzində iqtisadiyyata buraxmaq sonradan makroiqtisadi maaliyyə sabitliyinə ciddi mənfi təsir göstərə bilər”.

Həmsöhbətimiz onu da qeyd edib ki, bu baxımdan növbəti ildə ayrılacaq 2,2 milyard manat kifayət həcmdədir və dövlətin nəzərdə tutduğu planların icrası üçün yetərlidir:

“Təbii ki, il ərzində həm büdcə gəlirlərinin nəzərdə tutulandan yuxarı olması, həm də görüləcək işlərin dəqiqləşdirilməsindən sonra əlavə resurslar da ayrıla bilər bu istiqamətdə. Lakin bu ilin praktikası göstərir ki, işləri sistemli və effektiv aparılması üçün ayrılan vəsait kifayət qədərdir. Bundan əlavə də bu işlərin bölüşdürülməsi, şəffaf surətdə həyata keçirilməsi də bunun digər məsələsidir və bunlar da təbii ki, zaman tələb edən məsələlərdir.

Dövlət bu vəsaitlə nə edəcək? Dövlətin həll etməli olduğu bir neçə əsas vacib məsələ var ki, bu da ərazilərin təhlükəsizliyinin, əsasən də təhlükəsiz hərəkətin təmin edilməsidir, hansı ki, bu 2020-ci ildən həyata keçirilir və növbəti il də davam edəcək. Bundan əlavə 2021-ci ildə vüsət almış nəqliyyat, enerji, kommunal infrastrukturunun qurulması, 2022-ci ildə də bu vəsait hesabına davam etdirələcək. Avtomobil və dəmiryollarının, aeroportların tikintisinin yekunlaşdırılması həyata keçiriləcək. Bununla paralel də tədricən təhlükəsiz zonalarda yaşayış məntəqələrinin formalaşdırılmasına 2022-ci ildə vəsait yatıralacaq”.

Məssələ ilə bağlı iqtisadçı ekspert Elmir Səfərli isə düşünür ki, bu proqnoza əsasən 2,2 milyard ilkin olaraq infrastruktur xərcləri üçün xərclənəcək:

“Yenə də eyni şəkildə ərazilərin bərpası, yaşayış yerlərinin, eyni zamanda müxtəlif stratejik əhəmiyyətli obyektlərin tikintisi üçün nəzərdə tutulub və hər bir rayonun özünün xüsusi büdcəsi formalaşdırılıb. Hətta bildiyim qədəriylə yanlış xatırlamıramsa, Ağdam üçün 6 milyon manat büdcə ayrılıb, Cəbrayıl üçün daha az - 2 milyon manat və s. Hər bir rayonun özünün bir büdcəsi və o büdcəylə bərabər, büdcə gəlirləri və xərcləri formalaşdırılır.

İqtisadçı analitikin fikrincə, burada yenə də ərazilərin minalardan təmizlənməsi proseslərinin sürətləndirilməsi istiqamətində xərclər artırılacaq, eyni zamanda infrastrukturun qurulmasıyla bağlı, kommunal qovşaqların – elektrik, su, qaz xəttlərinin çəkilməsi ilə bağlı layihələr həyata keçiriləcək:

“İlkin olaraq, qismən əhalinin gələcək period, yəni qısa müddətdə köçürülməsi, müəyyən stratejik əhəmiyyətli kəndlərin salınması, bağçaların, məktəblərin tikintisi üçün xərclər ayrılacaq və təbii ki, ərazilərin ümumi olaraq bərpası üçün nəzərdə tutulur.

Ümumiyyətlə, bundan sonra yaxın 2-3 il ərzində də Qarabağ İqtisadi Rayonu, eyni zamanda da Şərqi Zəngəzur İqtisadi Rayonuna ayrılan büdcənin demək olar ki, hamısı bütünlüklə infrastruktur layihələrinə xərclənəcək. Ortalama olaraq, oradakı sistem bərpa olunduqdan, artıq insanlar oraya köçürüldükdən sonra demək olar başqa layihələri də biz nərədə tuta bilərik ki, dövlət büdcəsindən vəsait ayrılsın”.

“Bunlar ilkin olaraq dəyərləndirilməlidir ki, hansı layihələr həyata keçiriləcək, hansı sistemlər qurulacaq. Xüsusən də bizim Qarabağla bağlı strateji əhəmiyyət kəsb edən layihələrimiz dəyərləndirilməlidir. O layihələrin ümumi büdcəsinə uyğun olaraq biz deyə bilərik ki, ora nə qədər pul edəcək? İndiki halda isə bunu demək çox çətindir. Təbii ki, bu 2-3 milyardla alınacaq bir proses deyil, ortalama olaraq bunun üçün 100 milyardlar lazımdır ki, oranı tam bir yaşayış, bərpa olunmuş bir hala gətirib, çıxaraq.

2,2 milyard gələn il üçün ayrılmış vəsaitdir. Təbii ki, nəzərdə tutmaq lazımdır ki, digər regionlarımız da var. Onların fəaliyyəti də göz önündə tutulmalıdır, yəni dövlət büdcəsinin də gəlirləri məhduddur və eyni zamanda büdcə gəlirləri, artıq proqnozlaşdırılıb və məlumdur. Gələn il üçün nəzərdə tutulan dövlət büdcəsi, 26,9 milyard, xərclər 28,6, dövlət kəsri isə 2,5 milyard manat olaraq proqnozlaşdırılır. Yəni bu istiqamətdə düşünürəm ki, bütün bunlar bir ilə baş tutacaq bir proses deyil. Tam oranı bırpa etmək bir neçə ili zaman alacaq.” – deyə ekspert fikrini tamamlayıb.

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır.

 

 

Qarabağ üçün ayrılan pulla hansı işləri görrmək mümkündür?