“Qarabağ klanı” ilə Paşinyan arasındakı savaşın son mərhələsi...

“Qarabağ klanı” ilə Paşinyan arasındakı savaşın son mərhələsi...

“Qarabağ klanı” ilə Paşinyan arasındakı savaşın son mərhələsi...

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Facebook”dakı canlı müsahibəsində Qarabağın heç vaxt Ermənistana məxsus olmadığı, həmişə Azərbaycanın tərkib hissəsində olduğunu bəyan etməsi, təkcə düşmən ölkədə deyil, Azərbaycanda da şok effekti yaratdı. Baş nazir, bu məsələnin həll edilməməsində öz sələfləri – Robert Koçaryan və Serj Sarkisyanı günahlandırmaqdan yan keçməyib.

Bir sıra analitiklər Paşinyanın bu açıqlamasının arxasında dayanan məqamları və yaxud da sirrləri çözməyə çalışırlar. Bu açıqlamadan sonra siyasi dairələrdə müxtəlif mülahizələr irəli sürülür.

Maraqlıdır, Nikol Paşinyanın birdən-birə bu cür açıqlama ilə çıxış etməsinə səbəb nədir? Bu açıqlama münaqişənin həllində, sülh müqaviləsinin imzalanması prosesində hansı rol oynaya bilər?

Polemika.az-la fikirlərini bölüşən “Bakı Politoloqlar Klubu”sədri Zaur Məmmədov qeyd edib ki, Nikol Paşinyan yaxşı başa düşür ki, gec-tez Ermənistan Qarabağın dağlıq hissəsi ilə bağlı vəziyyəti erməni vətəndaşlarına izah etməlidir:

“Ona görə də hazırda həmin o hazırlıq prosesinə başlayıb ki, sabah onu hansısa erməni vətəndaşları günahlandırmasınlar ki, guya o Xankəndi və digər ərazilərlə yanaşı, Laçın koridoru məsələsi və Qarabağın gələcəyi ilə bağlı Azərbaycana güzəştlər etdi və s. Ona görə də, göründüyü kimi, o, digərlərindən fərqli olaraq çalışır ki, erməni xalqı bilsin ki, əslində, danışıqlar masasında nədən söhbət gedir və danışıqlar masasında söhbət nədən gedərkən Sarkisyan və Koçaryan hansı sənədlərə imza atmaq istəyib”.

Z. Məmmədov əlavə edib: “Bu açıqlamadan sonra gözlənilən odur ki, Qarabağda ermənilərin siyasi kəşfiyyatda olmuş üzvləri və oradakı hərbçi terrorçular Nikola qarşı olacaqlar. Amma təbii ki, Paşinyan da bu 3 il ərzində Ermənistan daxilində qruplara qarşı mübarizədə güclü tərəf kimi çıxmışdı və mən düşünürəm ki, bu dəfə də eyni olacaq.

Ən azından Paşinyanı xarici ölkələrdə dəstəkləyən kifayət qədər fanatlar var. Robert Koçaryan isə hazırda təklənmiş vəziyyətdədir. Bu çıxışları, Ermənistanın daxili polemikası üçün yaranmış bir çıxış kimi başa düşürəm və düşünürəm ki, bu, artıq “Qarabağ klanı” və Nikol Paşinyan arasındakı qarşıdurmanın sonuncu mərhələsi kimi qəbul edilməlidir”.

Politoloq bildirib ki, burada, Azərbaycana qarşı heç bir jestdən söhbət gedə bilməz:“Çünki Paşinyan yaxşı başa düşür ki, onsuz da məlum yol xəritəsi əsasında Ermənistan mühüm sənədlərə imza atacaq və yorğanı üzərindən atmaq, günahı digərlərinin üstünə yıxmaq üçün bu açıqlamanı verib.

Digər tərəfdən biz görürük ki, Koçaryan, Sarkisyan və digər erməni siyasətçilərindən fərqli olaraq Paşinyan məsələləri bir qədər fərqli və daha ayıq tərzdə tənzimləməyi bu illər ərzində öyrənmiş olub. Reallıqlar da ona dəlalət edir ki, istənilən normal düşüncə qabiliyyətinə malik olan erməni xalqı “Qarabağ bizim deyil, Qarabağ Azərbaycan torpağıdır, gəlin, gələcəyimizə baxaq” şüarlarıyla irəliyə baxmalıdır”.

“Bu açıqlamalar həm də birmənalı şəkildə Robert Koçaryan və Serj Sarkisyanı “vurmaq” üçündür. Təsəvvür edin ki, Serj Sarkisyan hələ də bu açıqlamalara cavab verməyib. Koçaryan cavab verib, amma bu açıqlamarın daha çox hissəsi Serj Sarkisyanla bağlı idi. 

Paşinyanda Serj Sarkisyanla bağlı digər məlumatlar da var. Serj Sarkisyanın əmrləri təkcə Paşinyanın bəyanatlarında deyil, eyni zamanda, Serj Sarkisyanın Rusiyaya verdiyi sözün üzərində dayanmaması, 2016-cı ilin aprel döyüşlərindən sonra yenə cığallıq etməsi və 2017-2018-ci illərdə də onun Azərbaycanla danışıqlar masasında özünü qeyri-adekvat aparmasıdır”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

“Qarabağ klanı” ilə Paşinyan arasındakı savaşın son mərhələsi...