"Qarabağ" Azərbaycanı UEFA reytinqində yüksəldə biləcəkmi?
"Qarabağ" Azərbaycanı UEFA reytinqində yüksəldə biləcəkmi?
Azərbaycan UEFA reytinqində yeni rekordun astanasındadır.
Polemika.az xəbər verir ki, bu rekordun gerçəkləşməsi “Qarabağ”dan asılıdır.
Kipr “Omoniya”sı ilə üz-üzə gələcək Ağdam klubunun qələbəsi ölkəmiz üçün mütləq rekordla əlamətdar olacaq. Söhbət bir il ərzində toplanılan UEFA əmsalından gedir.
Azərbaycan bu mövsüm 4,125 xal qazanıb. Bu, futbol tariximizdə 4-cü nəticədir.
Rekord isə 4,375-ə bərabərdir. Həmin göstəriciyə 2015/16 mövsümündə təsadüf olunub. İki il sonra rekord təkrarlanıb. Bu mövsümlərin arasındakı 2016/17-də isə 4,250 – yəni tariximizin üçüncü nəticəsi qeydə alınıb.
Konfrans Liqasının qrup mərhələsinin V turunun bugünkü görüşü rekord vəd edir. “Qarabağ” qalib gəlsə, əmsalımız 0,500 xal artacaq. Bu, o deməkdir ki, 4,625 xal topladığımız mövsüm tariximizin ən uğurlusu olacaq.
2015/16 və 2017/18 mövsümlərindəki rekordun təkrarlanması üçün təmsilçimiz uduzmamalıdır. Heç-heçə reytinqimizə 0,250 xal gətirəcək.
Qrup mərhələsində daha bir oyunu qalan və ən azı pley-offda 2 matç keçirəcəyi dəqiq olan “Qarabağ” bu gün yenilənəcək rekordu daha yüksək həddə çatdırmaq imkanına da malikdir. Bu gün rəsmiləşəcək rekord növbəti hər matçda yenilənə biləcək.
Qeyd edək ki, “Qarabağ” – “Omoniya” matçı saat 21:45-də başlayacaq. (Apasport)