Putin Nikoldan şübhələnir: “İkinci zəng”in məqsədi

Putin Nikoldan şübhələnir:

Putin Nikoldan şübhələnir: “İkinci zəng”in məqsədi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də görüşəcəyi xəbəri yayıldıqdan sonra Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətindən yayımlanan məlumatda bildirilib ki, Putin və Paşinyan 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsini davam etdiriblər, üstəgəl, Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə Kreml sahibinə minnətdarlığını bildirib.

Polemika.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq qeyd edib ki, bu, Putinlə Paşinyan arasında həftə ərzində sayca ikinci telefon danışığıdır:

“Hiss olunur ki, Putinin və Paşinyanın bir-birlərindən şübhələnmələri üçün əsasları var. Paşinyan Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılması məqsədilə Putinin yanaşmasından, Putin isə Paşinyanın Brüsselin vasitəçiliyi ilə gerçəkləşəcək danışıqlarda ortaya qoyacağı mövqedən narahatdır. Kreml Bakı ilə İrəvan arasında həyata keçirdiyi təkbaşına vasitəçiliyi rəqibi Brüssellə bölüşmək istəmir. Vladimir Putin Nikol Paşinyanla İlham Əliyevi Brüsseldən əvvəl (bu ayın əvvəlində) Moskvada görüşdürmək istəyirdi. Paşinyan qeyri-rəsmi kanallarla görüşdən imtina etdiyini Moskvaya bildirdi. Kremldə belə bir sual yarana bilər ki, Paşinyan Zəngəzur dəhlizinin açılmasına və sərhədlərin müəyyənləşməsinə hazır olmaması səbəbindən Moskvadakı görüşü təxirə saldısa, İlham Əliyevlə Brüsseldə görüşməyə niyə razılığını verib?”

E.Şahinoğlunun fikrincə, bu sualın cavabını Brüsseldəki görüş başa çatandan sonra müəyyənləşdirmək mümkün olacaq.

Putin Nikoldan şübhələnir: “İkinci zəng”in məqsədi