Psixoloq: "Qazilər də öz məktəblərində çox dəcəl olub"

Psixoloq: "Qazilər də öz məktəblərində çox dəcəl olub"

Psixoloq: "Qazilər də öz məktəblərində çox dəcəl olub"

Psixoloq Vüsalə Rüstəmin Polemika.az-a müsahibəsi:

- Sizcə, məktəblərdə şagirdlərin iştirakı ilə baş verən qeyri-etik hərəkətlərin artmasına səbəb nədir?

- Belə hallar əvvəllər yox idi demək, yalan olar. Hər birimiz məktəbli olmuşuq, bu cür uşaqlar həmişə olub, var və olacaq. Sadəcə əvvəlki  dövrlərdə telefon və sosial şəbəkələr olmadığına görə sinif otağı barədə çox insanda məlumat olmurdu.

Nizam-intizama tabe olmayan uşaqlar kütlə psixologiyası ilə hərəkət edir. İçərilərində tabesizlik və məsuliyyətsizlik daha çox olur. Eyni zamanda, belə uşaqlarda liderlik qabiliyyəti var. Onlar asanlıqla digər uşaqları, sadə dillə desək, yoldan çıxarır və özünün etdiyi hərəkəti etdirir. Yəni başqalarının şüuraltına təsir edir: “Mən edirəm, siz də qorxmayın, edin”.

Uşaqlarla uzun illər işləyən təcrübəli pedaqoqlar çətin tərbiyə edilən uşaqları müəyyən edə bilsələr, müxtəlif tərbiyəvi söhbətlərlə onları yola gətirə bilərlər. Həmin uşaq da öz yoldaşlarına təsir edib, müəllimin ən yaxın dostuna çevrilər. Yəni insan tərbiyə etmək bir az incə işdir.

Müəllimlər uşaq psixologiyasını, pedaqogikanı dərindən bilməsə, dünya görüşləri olmasa, sinif  idarə etmək onlar üçün ən ağır iş olacaq və istədikləri nəticəni əldə edə bilməyəcəklər.

- Analoji halların tez-tez təkrarlanmasında kim günahkardır, məktəb, yoxsa ailə?

- Uşaqların bu cür nizamsız və düzgün olmayan hərəkətlərində günahkarı yalnız məktəbdə, yaxud ailə axtarmaq doğru deyil. Təlim-tərbiyə işi sistemlilik və davamlılıq tələb edən işdir. Burada ailə də, məktəb də, cəmiyyət də günahkardır. Hər birinin öz öhdəliyi var. Qarşılıqlı əlaqə pozulduqda qüsurlar üzə çıxa bilir.

- Çətin tərbiyə olunan uşaqlarla nə etməli, necə davranmalıyıq?

- Bu uşaqlarla tərbiyə işi digər uşaqlarla olduğu kimi qurulmamalıdır. Məktəbin psixoloqu, sinif rəhbəri, fənn müəllimləri, valideyn davamlı olaraq həmin uşağa nəzarət etməli problemli uşağın davranışını təhlil etməlidir. Belə uşaqlara itirilmiş insan kimi baxmamalıyıq.

İnanırsınızmı torpaqlarımızı azad edən qazilər öz məktəb xatirələrindən danışdıqda çox dəcəl olduqlarını, hətta "2" aldıqlarını danışıblar, lakin onlar tarix yazdılar. Onların sayəsində biz başıdik yaşayırıq.

Unutmamalıyıq ki, hər bir uşaq bizim gələcəyimizdir. Gələcəyimizi yönləndirmək isə pedaqoq və psixoloqların,valideynlərin bacarığından asılıdır. Dözümlülük bu işdə ən vacib amildir”.

Mehri QURBAN

Psixoloq: "Qazilər də öz məktəblərində çox dəcəl olub"