Poliqon ölkə: Silahların təcrübə meydanı 

Poliqon ölkə: Silahların təcrübə meydanı 

Poliqon ölkə: Silahların təcrübə meydanı 

Son 22 ildə barış və sülh içərisində olan Avropa yenidən dünyanın hərbi baxımdan ən qaynar bölgəsidir. Günü-gündən bu alov böyüyür. Ukraynanın poliqona çevrilməsi üçün “çəkilən zəhmət” öz bəhrəsini verməkdədir. İndi bu uzun prosesin bütün tərəfləri öz əkdikləri toxumun məhsulunu iştahla dadmaqdadırlar.

Olan isə Ukrayna xalqına olur. Ötən gecə Kiyevin mərkəzində “İsgəndər” raketi partladı. Sabah nə partlaya bilər? Ağlımıza gələn hər bir şey. İnsanlar, əsgərlər, dövlətlər hərbi əməliyyatlar zamanı əxlaq anlayışını itirir, mərhəmət hissi yoxa çıxır, qarşı tərəfdən olan hər bir varlıq böyük təhlükə kimi görünür və o hədəf məhv edilir. Bu üzdən də mülki insanlar qətlə yetirilir, uşaqların başına yatdıqları yerdə raketlər tökülür, əsir qadınlar əsgər menyusuna daxil edilir...

Öz vətənlərini müdafiə etmək üçün silaha sarılan ukraynalıları heç kim qınaya bilməz. Onların başqa yolu qalmayıb. Son istinadgah silahlı müqavimətdir. Vətən savaşı dinindən, millətindən asılı olmayaraq, hər bir toplumun ən müqəddəs borcudur. Eyni zamanda bütün savaşlar insan ölümü deməkdir. İnsan ölümü isə faciədir. 

İndi Ukrayna böyük poliqonla bərabər, həm də dövlətlər üçün silah sərgisi, raket bazarıdır. Son iki gündə Ukrayna ərazisinə hansı dövlətlərin silah göndərdiyinə baxın. Təbii ki, bütün bunlar dəstək adı ilə edilir. İndiki məqamda bu yardımlar ukraynalılar üçün həyat qədər önəmlidir. Hətta ruslara qarşı döyüşmək üçün öz vətəndaşlarına sərbəstlik, könüllülük verən dövlətlər də var. Bunlar Ukraynaya sevgidənmi irəli gəlir? Yoxsa, Rusiyaya qarşı səmimi mübarizə istəyindənmi? Mənim şübhələrim var. Ukraynanı bu alovun içərisinə elə onlar atmadılarmı? 

İndi də yeni istehsal olunan silahların təcrübəsi keçirilir, köhnə, istismar müddəti bitmiş raketlərin məhv olunması zonasına çevirilib Zelenskinin vətəni. 

Sosial şəbəkələrdə maraqlı bir paylaşım gördüm. Bu müharibə komediya aktyorunu (Zelenskini) liderə, liderləri (Bayden, Conson, Makron, Putin və digərlərini) komediya personajına çevirdi - deyə qeyd olunurdu. İndi müqavimət anıdır. Putin pəncəsini bu ölkənin böyük şəhərlərinin üzərinə qoymaqdadır. Zelenski savaşdakı liderliyi özü üzərinə götürdüyü kimi, diplomatiyada da heç kimə etibar etməməlidir, deyə düşünürəm.

5 gündür xalq müqavimət göstərir. Yenilməz rus ordusu mifi də öz təsirini itirib. Baxmayaraq, müharibə Ukrayna torpaqlarındadır, heç bir tərəf qalib hesab oluna bilməz. Proseslər elə sürətlə yön dəyişir ki, sabah nə olacağını kimsə təxmin edə bilmir.

Bilinən bir şey var: Bu gün Ukrayna, Zelenski məğlub deyil. Tərəflər danışıqlara başlayıb. Beynəlxalq təşkilatlar bu danışıqlar öhdəliyini öz üzərinə götürməyib. Vasitəçi yoxdur. Rusiya və Ukrayna diplomatları üzbəüz oturub müzakirə aparır. 

Nə vaxtsa, Zelenski bu prosesə üçüncü tərəflərin, beynəlxalq təşkilatların, missiyaların cəlb olunmasına razılıq versə, onda həqiqətən məğlub duruma düşə bilər. Və o zaman Ukrayna xalqı münaqişənin həlli üçün ən azı 30 il gözləmək məcburiyyətində qalacaq.

Biz azərbaycanlılar Qarabağ münaqişəsinin həllini 30 il gözlədiyimiz kimi.

Elnur Məmmədli

Poliqon ölkə: Silahların təcrübə meydanı