Paşinyan nə etməyə çalışır? - “Bu hadisə Ermənistanı xeyli çalxalayacaq”

Paşinyan nə etməyə çalışır?

Paşinyan nə etməyə çalışır? - “Bu hadisə Ermənistanı xeyli çalxalayacaq”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətinin bir ilində televiziya kanallarından birinə geniş müsahibə verib. Paşinyan müsahibə zamanı həm Rusiyaya yaltaqlıq, həm də etiraz edib. O açıqlamanın yaltaqlıq hissəsində Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyinə və rusiyalı sülhməramlılarının Qarabağdakı varlığına görə, minnətdarlığını bildirib. Paşinyan açıqlamasının etiraz hissəsində isə deyib ki, yaxın günlərdə Rusiya prezidentinin vasitəçiliyi ilə İlham Əliyevlə müzakirə aparmağı planlaşdırmır.

Polemika.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib ki, bu həftə 3 ölkənin lideri videokonfrans formatında müzakirə aparacaq: “Bu barədə Vladimir Putinin qərarı olmasaydı, Peskov özbaşına açıqlama verməzdi. Paşinyan isə Zəngəzur dəhlizi və sərhədlərin müəyyənlənləşməsiylə bağlı müzakirədən çəkindiyinə görə hətta Putinə müqavimət göstərməyə çalışır. Paşinyan televiziya kanalına verdiyi müsahibənin qalan hissəsində müharibədəki məğlubiyyəti Qarabağ klanının timsalında müxalifətə və orduya yükləmək istəyib. Parlament müxalifəti xeyli müddətdir ki, 44 günlük savaşla bağlı komissiyanın yaradılmasını təklif edib. Müxalifət bu yolla Paşinyanın mövqelərini zəiflətməyə çalışır. Paşinyan belə bir komissiyanın yaradılmasına etiraz etmir, əks halda məğlubiyyətə görə məsuliyyətin tamamən öz üzərində olduğuna razılaşardı. Ancaq Paşinyan və onun parlamentdəki tərəfdarlarının komissiyanın fəaliyyəti ilə bağlı önəmli əlavələri var: “Yaradılacaq komissiya 1994-cü ildən bu yana danışıqlar prosesini və keçmiş hakimiyyətin ordu quruculuğunu da tədqiq etməlidir”. Paşinyan hiyləgər gediş edib. Çünki həqiqətən Ermənistanın bəlaları Paşinyanın hakimiyyətə gəlişindən əvvəl başlayıb. İndiki müxalifətin liderləri Robert Koçaryan və Serj Sarkisyan Qarabağ danışıqlarını böhrana yuvarlandırdılar, orduda yeyinti və özbaşınalıq hökm sürürdü. Yəni Paşinyan demək istəyib ki, “müharibədəki məğlubiyyətə görə məni ittiham edənlər güzgüyə baxsınlar”.

Politoloq əlavə edib ki, Nikol Paşinyanın müsahibəsində ordu komandanlığına da mesajı olub: “Müdafiə Nazirliyinin israrlı istəyi ilə Rusiyadan “Cu-30” savaş təyyarələri aldıq. Ümumiyətlə generallar məndən ordu üçün nə istədilərsə, onları aldım”. Bununla Paşinyan demək istəyib ki, İkinci Qarabağ müharibəsində bahalı “Su-30” təyyarələrindən istifadə edilməməsinin səbəbi onda deyil, ordu rəhbərliyindədir. Beləliklə, Paşinyanın parlamentdə yaradılacaq komissiyanın fəaliyyətini Qarabağ klanı və orduya rəhbərlik edən generallara qarşı yönəldəcəyi aydındır. Nikol Paşinyan komissiyanın tərkibinə əməkdaşlıq etdiyi parlamentdən kənar müxalifət təmsilçilərini də salmaq istəyir. Bu amil də komissiyanın gələcək qərarının Qarabağ klanına qarşı tuşlanması məqsədi daşıyır. Bu hesabla parlament komissiyasının yaradılması prosesi və müzakirələri növbəti mərhələdə Ermənistanı xeyli çalxalayacaq”.

Paşinyan nə etməyə çalışır? - “Bu hadisə Ermənistanı xeyli çalxalayacaq”