“Onda, əlbəttə ki, özümü yığışdıracam” – Deputat hərf səhvlərindən danışdı

“Onda, əlbəttə ki, özümü yığışdıracam” – Deputat hərf səhvlərindən danışdı

“Onda, əlbəttə ki, özümü yığışdıracam” – Deputat hərf səhvlərindən danışdı

“Bu, sadəcə hərfi səhvdir.  Qoy nə qədər danışırlar, danışsınlar. Mən də öz bildiyimi edəcəyəm. Hər gün status qoyacağam. Bu sadəcə mənə sataşmaqdır”.

“Polemika.az” xəbər verir ki, bunu “Yeni Masavat”a açıqlamasında  millət vəkili Cavanşir Paşazadə deyib. Onu sosial şəbəkədəki paylaşımlarında hərf və qrammatik səhvlərə görə tənqid edənlərə deputat belə cavab verib:

“Mən ədəbiyyat imtahanına getməmişəm ki? Mən fikrimi bildirirəm. Vergülü yerində qoymadım, bunu böyük, ya kiçik hərflə yazdım... 

Bunu sadəcə sataşmaq üçün edirlər, müzakirə etməyə başlayırlar. Mən iyirmi ildir belə yazıram, təzə çıxdı ki, yaza bilmirəm. Boş söhbətlərdir. Mən heç buna cavab da vermək istəmirəm. Əhəmiyyət də vermirəm. Öz işimi görəcəyəm, görürəm də. Onları heç görmürəm də. Onlar istəyirlər ki, millət vəkilləri bu fikirləri yazmasınlar, saytlarda olmasınlar, dövləti dəstəkləməsinlər. Onlar öz bildiyində, mən də öz bildiyimdə”. 

Deputat, insanların “Azərbaycan sözünü yaza bilməyən necə millət vəkili ola bilər” kimi suallarına belə cavab verib: “Bununla bağlı demişəm, gah avtomobildə yazıram, gah da yeriyə-yeriyə bir-birimizə mesajlar yazırıq. Bu gün qəzetlərə baxsaq, nə qədər texniki səhvlər var. Əgər mən bilsəm, imtahana girirəm, onda, əlbəttə, özümü yığışdıracam. Necə yazmışamsa, bundan sonra da elə yazacağam!”. 

Yada salaq ki, millət vəkili Cavanşir Paşazadə yenidən “Facebook” hesabındakı paylaşımında kobud orfoqrafik səhvlərə yol verib. O, paylaşımında “Millət vəkili” sözünü “Millət Vəkili”, “müraciətlərin” sözünü “müraciyyətlərin”, “torpaqlarımızın” əvəzinə “torpağlarımızın” kimi qeyd edib. Bu səhvləri ilə deputat  Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirib. Deputatın paylaşımı yenidən sosial mediada geniş müzakirələrə səbəb olub. Cavanşir Paşazadə daha sonra paylaşımını silib.

Qeyd edək ki, bir neçə gün əvvəl də deputat cəmi bir cümlədən ibarət olan paylaşımında “prezident” sözünü “prizident”, “tərəfindən” əvəzinə “tərəfinnən”, “müşahidəçi” sözünü “muşahidəçi”, “Azərbaycan” sözünü “Azarbaycan” olaraq qeyd etmişdi. O, bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib.

 

“Onda, əlbəttə ki, özümü yığışdıracam” – Deputat hərf səhvlərindən danışdı