Nəqliyyat Agentliyinin taksi qalmaqalı böyüyür: Elə bil kosmos turizmidir...

Nəqliyyat Agentliyinin taksi qalmaqalı böyüyür: Elə bil kosmos turizmidir...
02 Sen 2020 16:25
2682

Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev taksi xidməti ilə bağlı vahid tarif sisteminin tətbiqi və vahid dispetçer mərkəzinin yaradılması təklifinə aydınlıq gətirərkən ictimai narazılığa səbəb olan yanaşma sərgiləyib. 

“Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır və taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil”, - deyə BNA-nın şöbə müdiri bildirib. Hikmət Babayev bu fikirlərinə görə ictimai tənqidə məruz qalıb. 

Yenisabah.az mövzunun aktuallığını nəzərə alaraq məsələ barədə iqtisadçı ekspert Natiq Cəfərli ilə danışıb. Ekspert hesab edir ki,  Hikmət Babayevin açıqlaması həm məntiqə ziddir, həm də vətəndaşların aşağılanmasına yönəlib. “Əvvəla, taksi xidməti kosmos turizmi deyil ki, ancaq varlı insanların imkanı çatacaq xidmət kimi təqdim olunsun. 

İkincisi, ictimai nəqliyyat normal işləsəydi, sıxlıq olmasaydı, insanlar bir-birinin üzərində getməsəydi yəqin ki, taksi xidmətindən istifadə edənlərin də sayı çox olmazdı. Metro bağlıdırsa, avtobuslar normal çalışımırsa, bütün dünyada ictimai nəqliyyat pandemiya şəraitində virusun yayılma ocağı kimi qəbul olunursa, insanların taksidən istifadə etməsi təbiidr. Bu, dünyanın hər yerində belədir.

Məsələyə bu nöqteyi-nəzərdən baxmaqdansa, elitar bir yanaşma sərgiləmək məntiqsizlikdir”, - deyə Natiq Cəfərli bildirib.  

Ekspertin sözlərinə görə, Azərbaycanda taksi xidməti yeganə sahədir ki, burada rəqabət mühiti var: “İki devalvasiyaya və benzinin bahalaşmasına baxmayaraq taksilərin qiyməti ucuzlaşıb. Çünki bu sahədə rəqabət mühiti var. Onlarla şirkət, minlərlə sahibkar bu sahədə rəqabət mühitində çalışır. Yəni, taksi xidməti dövlətin müdaxiləsi olmadan liberal bazar qaydalarına uyğun inkişaf edən nadir sahələrdən biridir.  Ona görə də düşünürəm ki, taksi xidmətində inhisar elementlərinin peyda olması, yaxud dövlətin bu sahəyə müdaxilə etmək cəhdi xidmətin keyfiyyətinə mənfi təsir göstərəcək, qiymətlə isə bahalaşacaq”.

Natiq Cəfəli qeyd edib ki, vahid tarif sisteminin tətbiqi və vahid dispetçer mərkəzinin yaradılması ilə bu sahəni tənzimləmək mümkün olmayacaq. “Heç SSRİ bunu edə bilmədi. SSRİ-nin güclü vaxtında da vahid tarif sistemi və vahid dispetçer mərkəzi var idi. Amma buna baxmayaraq bir çox vətəndaş şəxsi avtomobilidə taksi fəaliyyəti ilə məşğul olurdu. Onlara “xalturşik” deyirdilər. Əgər SSRİ bunun qarşısını ala bilməyibsə, indiki internet çağında Azərbaycan bunu necə edəcək?! Məntiqsizlikdir başdan ayağa”, - deyə ekspert vurğulayıb.

Bu məsələyə hüquqşünas Ələsgər Məmmədli də münasibət bildirib. Hüquqşünas Hikmət Babayevin fikirlərini xatırladaraq deyib ki, bunu deyən şəxsin Konstitusiyadan xəbəri yoxdur: “Konstitusiyanın preambulasında aydın ifadə edilib ki: "- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək"- məqsədi ilə dövləti və onun konstitusiyasını xalq yaradıb.

BNA rəsmiləri və onları yönləndirənlər bilməlidir ki, Konstitusiyanın 15-ci maddəsi belə əmr edir:

“Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.

Bu kafada olanlar dərk etəməlidir ki, Azərbaycanda dövlət həm də sosial dövlət prinsipini mənimsəyib. Konstitusiyanın 16-cı maddəsi:- " Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır", -deyir.

BNA rəsmisi dərk etməli idi ki, istədiyində qiymətlərinə əlçatmayan taksidən seçkin bir kütləni təmsilən istifadə etməli deyil, hər kəsin müəyyən imkanları olmalıdır ki, layiqli həyat yaşasın. Onsuz da BNA rəsmiləri, onların tabeliyində olduğu Nazirlər Kabineti rəsmiləri ilə dəyəri yüz min manatla ölçülən maşınla AA seriya altında istəqdiyi qədər rahat və "layiqli və seçkin" həyatlarını sürdürür”.

Ələsgər Məmmədli həmçinin əlavə edib ki, BNA-nın hüquqi statusu da mübahisəlidir: “2012-ci ildə Prezidentin qəbul etdiyi Yerli icra hakimiyyətləri haqqında Əssasnaməyə əsasən (3.9.1.) müvafiq ərazidə nəqliyyat və yol infrastrukturunun inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyətinin səlahiyyətindədir. Nazirlər Kabineti yerli icra hakimiyyəti orqanı deyil, Konstitutsion qurumdur və Konstitusiya ilə səlahiyyətləri müəyyən edilib. Bu səlahiyyətin Bakı Şəhər İcra Hakimittərinin əlindən alınıb, Nazirlər Kabineti yanında BNA-ya verilməsi hüquqa ziddir.

Azərbaycan Konstitusiyasında Nazirlər Kabinetinin səlahiyyətləri bunlardır, unudanlar bir də baxsın.

Maddə 119. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;

- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;

- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;

- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;

- Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir”.

 

Oxşar xəbərlər