Məktəbdə tərbiyə məsələsi: "Onlar nəinki müəllimi, heç direktoru da saymırlar"

Məktəbdə tərbiyə məsələsi: "Onlar nəinki müəllimi, heç direktoru da saymırlar"

Məktəbdə tərbiyə məsələsi: "Onlar nəinki müəllimi, heç direktoru da saymırlar"

Ötən günlərdə orta məktəbdə şagirdin sinif yoldaşlarına qarşı təhqiramiz hərəkətlər etməsi, qız uşaqlarını söyərək sinifdə şalvarını çıxarması məktəbdə tərbiyə məsələsini yenidən gündəmə gətirib. Bəzi ekspertlər çətin tərbiyə olunanlar üçün xüsusi məktəbələrin yaradılmasını təklif edir. Digərləri isə ayrı-seçkilik tərəfdarı deyil.

Təhsil eksperti Elçin Əfəndi Polemika.az-a açıqlamasında deyib ki, hazırda ölkədə 4400-dən çox ümumtəhsil müəssisəsi var. 

“Hər bir məktəbdə çətin tərbiyə olunan şagirdlər var. Bu tip hallar mütəmadi hal aldığından həmin şagirdlər xüsusi məktəblərdə təhsil almalıdırlar. Çünki nizam-intizam qaydalarını kobud şəkildə pozan şagirdlərin oxumağa meyilli, əlaçı kateqoriyasından olan şagirdlərlə bir arada olması yolverilməzdir. 

Müəyyən müddətdən sonra onların islah olunmaları müşahidə olunarsa, yenidən əvvəlki məktəbdə təhsil almaları bərpa oluna bilər. Amma eyni hallara yenidən yol verərlərsə, bərpa qeyri-mümkündür”.

Ekspertin sözlərinə görə, məktəb psixoloqlarının düzgün seçilməməsi də problemə yol açır:

“Son zamanlar bu kimi hallar baş alıb gedir. Bu hansısa bir şagirdin video çəkməsindən sonra üzə çıxıb. Ümumtəhsil müəssisələrinin nəinki müəllimi, hətta direktoru belə saymayan şagirdlər var.

Valideynlərin və təhsil müəssisəsi rəhbərlərindən daha çox məsuliyyət tələb olunur. Yoxsa problemlər qalacaq. 

Məktəb psixoloqlarının səriştəsizliyi, tamam fərqli kateqoriyadan olanların psixoloq vəzifəsinə gətirilməsi də bu kimi hallara mənfi təsir göstərir. Kimi gəldi məktəbə psixoloq təyin edirlər, sonra da oxşar hallar baş verir”.

Nəzrin Vahid 

Məktəbdə tərbiyə məsələsi: "Onlar nəinki müəllimi, heç direktoru da saymırlar"