Musa Musayev: "Əli İnsanovda nə pul var ki?.."

Musa Musayev: "Əli İnsanovda nə pul var ki?.."

Musa Musayev: "Əli İnsanovda nə pul var ki?.."

YAP Partiyalarası Əlaqələr və Dialoq Komissiyanın üzvü Musa Musayevin Polemika.az-a müsahibəsi:

- Musa bəy, son vaxtlar Əli İnsanov müxalifət düşərgəsində görüşlərə başlayıb. Haqq Ədalət Partiyası (HƏP) sədri müxtəlif partiya liderləri ilə görüşür. Siyasi çevrələrdə belə bir iddia var ki, Əli İnsanov müxalifətin ağsaqqalı olacaq və hakimiyyət əleyhdarlarını öz ətrafında birləşdirəcək. Siz bu ehtimalı necə qiymətləndirirsiniz? 

- Partiya sədrlərinin görüşməyi başa düşüləndir. Əli İnsanovun HƏP-i bu yaxınlarda qeydiyyatdan keçib. İndi müxalifət liderləri ilə görüşür. Amma bilmirəm onun görüşdüyü partiyaların nə qədər üzvü var. 

Düşünürəm ki, bunlar boş-boş söhbətlərdir. Azərbaycanda 50-yə yaxın partiya var. Bu partiyaların 40-a yaxını hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə birgə 44 günük müharibədə bəyanat qəbul ediblər. Hansısa partiya sədrinin lider olması, ağsaqqal kimi qəbul edilməsi hesab edirəm ki, qəbul olunan bir şey deyil.

- Müxalifət 1993-cü ildən bəri vahid bir platforma ətrafında birləşə bilmir. Bu gün necə bəs, o şans, o ehtimal varmı? Deyilir ki, lider faktoru yox idi. İndi Əli İnsanov faktoru 28 ildən sonra “tilsimi” qıra bilərmi?

- Müxalifət partiyaları bir ara “Milli Şura”nı yaratdılar və guya bir neçə müxalifət partiyası orada birləşdi. Nəticə nə oldu? Sonra dağıldı getdi. Yəni bunlar boş-boş xülyalardır. Özü də kimin birləşməyindən, kimin lider olmağından asılı olmayaraq, mənə elə gəlir ki, YAP-ın qarşısına çıxa bilən bir partiya yoxdur. Azərbaycanda bütün partiyaların üzvləri birləşsə belə, tək Nəsimi rayonunda təmsil olunan YAP üzvlərinin sayı qədər deyil. YAP-ın 800 minə yaxın üzvü var, eyni zamanda da YAP 1992-ci ilin noyabr ayından bu günə qədər fəalliyət göstərir və 1993-cü ildən hakimiyyətdədir.

- Bəzi həmsöhbət olduğumuz ekspertlər, mütəxəssislər, müxalifətdaxili münasibətləri təhlil edən şərhçilər hesab edirlər ki, müxalifətin Əli İnsanovun məsləhətinə yox, puluna ehtiyacı var. Sizcə, müxalifət pula görə, Əli İnsanova yaxınlaşır?

- Yox, Əli İnsanovun elə bir pulu yoxdur. Pul deyəndə ki, Əli İnsanovda nə pul var ki, müxalifət Əli İnsanovun puluna görə ona yaxınlaşsın. Eyni zamanda elə Əli İnsanovun özü də YAP-ın yetirməsidir. Əli İnsanov YAP-ın vaxtilə İdarə Heyətinin üzvü, “91-lər”dən biri olub. YAP hakimiyyətə gələn gündən vəzifələrdə - Səhiyyə naziri vəzifəsində olub. Düşünürəm ki, müxalifətin bir daha görüşməyi və s. bunlar hamısı boş-boş söhbətlərdir. Onlar heç bir şeyə nail ola bilməzlər.

- Yəni gündəmdə qalmaq üçün belə edirlər?

- Bəli, onlar özlərin reklam edirlər. Bunu gündəmdə qalmaq üçün edirlər. Xalq Cəbhəsi 30 il əvvəl yaranıb. 30 ildən çoxdur ki, Xalq Cəbhəsi ortalıqda fırlanır, Müsavat-Xalq Cəbhəsi bircə il hakimiyyətə gəldilər, o da hakimiyyəti, dövləti bərbad günə qoydular, uçurumun başında idi dövlət. Şükür etsinlər ki, YAP və Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi və onları Surət Hüseynovun Azadlıq Meydanında quracağı dar ağacından xilas etdi. Yəni 1993-cü ilin 15 iyun Qurtuluş Gününü ən çox AXC-Müsavat cütlüyü bayram kimi qeyd etməlidir.

- Niyə müxalifət siyasi proseslərə təsir edə bilmir? Niyə opponentləriniz ölkə gündəmində yoxdur?

- Birinci, ölkənin gündəmində olan müxalifət partiyalarının sayı çoxdur, amma real güc və real potensial YAP-dadır. Bütün intellekt potensialı olan insanlar da YAP-dadır. Dövlətini, millətini, xalqın sevən insanların hamısı YAP-ın ətrafında birləşib. 44 günlük Vətən Müharibəsində bir daha müxalifət partiyalarının əksəriyyəti Cənab Prezidentimizin, YAP-ın ətrafında birləşdilər və yumruğu bir yerə vurub işğal altında olan torpaqlarımızı azad etdilər.

- Ümumiyyətlə, Azərbaycanda müxalifət lazımdırmı, yoxsa bütün müxalifət partiyalarını ləğv edib YAP-a birləşdirmək laızmdır?

- Yox, yox. Təbii ki, hər bir dövlətdə müxalif partiyaya ehtiyac var, amma sağlam müxalifətə.

Dünyanın bütün ölkələri haqqında məlumatım var, dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər partiya yoxdur. Amma bir daha deyirəm ki, bu partiyaların hamısının üzvlərinin sayı YAP-ın bir rayon təşkilatının üzvləri qədər deyil. 

“Facebook” səhifəmdə bir dəfə yazmışdım. Mən maraqlanmışam ki, YAP-dan başqa heç bir müxalifət partiyasının, hətta partiya vəsiqəsi yoxdur ki, üzvlərinə versinlər. Əgər bunların partiyasının real üzvü varsa, bunlar niyə partiya üzvlərinə vəsiqə vermirlər? Bu partiyaların əksəriyyətinin möhürü, ştampı var, bəzilərinin isə blankları var, ya yoxdur. Bu partiyaların əksəriyyəti kağız üzərində olan müxalifət partiyalarıdır.

-  Buna görə, bəzən hakimiyyəti də günahlandırırlar ki, ölkədə güclü müxalifətin yaranmasına maraqlı deyil. Hansı ki, güclü hakimiyyətin güclü müxalifəti olmalıdır...

- Bu düzgün baxış və düzgün sual deyil. Hakimiyyət necə bəyəm, YAP-ın üzvlərinə deməlidir ki, gedin, müxalifət partiyalarına yazılın? Partiya nə deməkdir? Partiya, lider ətrafında birləşən insanlardan yaranır. bu liderlərə də, partiyalarına da vətəndaşların inamı yoxdur. Ona görə də, o partiyaların hamısı, elə zəif fəaliyyət göstərirlər.

Amma eyni zamanda onu da deyim ki, bu gün Milli Məclisdə 11 müxalifət partiyasının nümayəndəsi var. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) 3 nəfər, digər partiyaların hərəsindən 1 nəfər parlamentdə təmsil olunurlar. O cümlədən, ReAl-dan da bir nəfər də iştirak edir. Guya ən qatı müxalifət ReAl-dır, ReAl-dan belə bir nəfər seçilibdir.

-  Guya sözünü qəribə tərzdə dediniz. ReAl real müxalifət deyil?

- Deyilənə görə, ən qatı müxalifət guya budur. Onların lideri İlqar Məmmədov idi də, elə deyil? Görürsünüz ki, onların da nümayəndələri parlamentdə təmsil olunur. Demək, Azərbaycanda demokratik seçki keçirilib və bir sıra partiyaların nümayəndəsi ilə yanaşı, sədrlərinə insanlar səs verib ki, onlar parlamentdə təmsil olunurlar. Amma bir daha deyirəm ki, YAP regionun ən güclü partiyasıdır. Mən YAP-a alternativ partiya görmürəm.

Rafi MÜSLÜMOV

Musa Musayev: "Əli İnsanovda nə pul var ki?.."