Müharibə təhlükəsi nefti bahalaşdırır: “Büdcəyə 11-12 milyard manat əlavə vəsait daxil ola bilər”

Müharibə təhlükəsi nefti bahalaşdırır: “Büdcəyə 11-12 milyard manat əlavə vəsait daxil ola bilər”

Müharibə təhlükəsi nefti bahalaşdırır: “Büdcəyə 11-12 milyard manat əlavə vəsait daxil ola bilər”

Son vaxtlar dünya birjalarında neftin bahalaşması müşahidə olunur. Bu gün açıqlanan məlumata görə, London ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,02 dollar artaraq 96,16 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,27 dollar bahalaşaraq 94,37 dollar olub. 

Qeyd edək ki, “Brent” markalı neft 2014-cü ildən bəri ilk dəfə 96 dollardan baha qiymətə satılıb. Ekspertlər təbii xammalın bahalaşmasının səbəbini tədarük çatışmazlığı və tələbin artmasıyla izah edirlər. Eyni zamanda Şərqi Avropa və Yaxın Şərqdə baş verən geosiyasi gərginliklər də neftin qiymətinə təsir edən əsas amillərdəndir. Analitiklər isə Rusiya-Ukrayna böhranının müharibəyə dönüşəcəyi halda, “Brent” markalı neftin qiymətinin 150 dollara çatacağını, bununla da dərin inflyasiyanın baş verə biləcəyini proqnozlaşıdırırlar.

İqtisadçı ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, hazırda neftin qiymətinin yüksək olması təkcə Rusiya-Ukrayna böhranıyla əlaqədar deyil: “Son vaxtlar neft sektoruna qoyulan investisiyalar azaldığından hasilatın bərpası ləngiyir, tələbatın bərpası isə sürətlə gedir. İki ölkə arasındakı gərginliyin neft qiymətlərinə təsir etməsinin səbəbi Rusiyanın böyük neft-qaz ixracatçısı olmasıdır. Rusiya demək olar ki, enerji qiymətlərini tənizmləyən qurumların hamısında aktiv rol alır. Eyni zamanda “OPEC plus”un əsas aparıcı üzvlərindən biridir. Adətən “OPEC plus”da hansısa qərar qəbul edilərkən əvvəlcə Rusiya və Səudiyyə Ərabistanı ilə razılaşdırılır.

Əgər müharibə baş verərsə, Rusiyaya qarşı tətbiq olunacaq sanksiyalar, rublun mübadiləsi zamanı yaradılacaq əngəllər təbii olaraq enerji bazarına da ciddi təsir göstərəcək. Müharibə zamanı neft bazarındakı qiymətlər həmişə yüksək olur. Çünki bu zaman neftin ixracında ciddi problemlər yaranır. Ona görə də, müharibə olacağı təqdirdə neftin qiyməti 120 dollardan aşağı olmayacaq”.

Ekspert qeyd edib ki, enerji qiymətlərinin bahalaşması inflyasiyanı sürətləndirən başlıca amillərdəndir: “Enerji qiymətləri hazırda pandemiyadan əvvəlki dövrlə müqayisədə 50 faiz bahadır. Məsələn, pandemiyadan əvvəl neftin qiyməti 60 dolar idisə hazırda 100 dollara yaxındır. Neft qiymətlərində artım davam edərsə, qlobal inflyasiya sürətlənəcək, nəticədə də ərzaq və qeyri-ərzaq məhsulları bahalaşacaq.

Ancaq hesab edirəm ki, neftin qiymətinin bahalaşmasının Azərbaycana təsiri müsbət olacaq. Çünki neft bahalaşdıqca büdcəyə daxil olan vəsait də artmağa başlayacaq. Məsələn, neftin qiyməti hər 5 dollar bahalaşdıqca Azərbaycanın icmal büdcəsinə təxminən 1,5 milyard manat əlavə vəsait daxil olur. Əgər biz bu il üçün neftin qiymətini 50 dollar civarında proqnozlaşdırırdıqsa və hazırda qiymətlər 90 dollardan yuxarıdırsa deməli, belə davam edəcəyi təqdirdə ilin sonuna kimi ölkə iqtisadiyyatına təxminən 11-12 milyard manatlıq əlavə vəsait daxil olacaq. Nəticədə həm manatın məzənnəsi sabit qalacaq həm də Neft Fonduna əlavə vəsait daxil olacaq”. 

Müharibə təhlükəsi nefti bahalaşdırır: “Büdcəyə 11-12 milyard manat əlavə vəsait daxil ola bilər”