"Müdafiə Nazirliyinin cavabı yumşaqdır, sərt olmalıdır" - Hərbi ekspert

"Müdafiə Nazirliyinin cavabı yumşaqdır, sərt olmalıdır" - Hərbi ekspert

"Müdafiə Nazirliyinin cavabı yumşaqdır, sərt olmalıdır" - Hərbi ekspert

Ötən gün ermənilərin Kəlbəcər rayonunun Yellicə kəndi istiqamətində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ayaz Nəzərov Azər şəhid olub.

Ermənistan MN-nin yaydığı məlumatda isə bildirilir ki, qarşı tərəf törətdiyi təxribat nəticəsində 3 hərbçisini itirib.

Soçi və Brüssel danışıqlarında əldə olunan razılaşmalardan sonra Ermənistanın yenidən bu səpkili qeyri-adekvat hərəkətləri heç də birmənalı qarşılanmır.

Düşmən ölkənin Azərbaycanın uzatdığı sülh əlini sıxmaqdan imtina etməsinə səbəb nədir?

Kəlbəcərdə baş verən təxribatın arxasında nə dayanır?

Polemika.az-a danışan ehtiyatda olan mayor Ədalət Verdiyev bildirib ki, Ermənistan bu tip təxribatları zaman-zaman törədir və itkilərinin sayını gizlədir:

“Eyni istiqamətdə, yəni Kəlbəcərin rayonunun Yellicə kəndi ilə Basarkeçər (Vardenis) rayonunun Yuxarı Şorca, Böyük Qaraqoyunlu və Zərkənd kəndləri istiqamətindəki dövlət sərhədində daim təxribatlar törədilir. Əvvəllər bu təxribatlar, adətən, Ermənistanın Baş naziri Nikol Paşinyanın xarici dövlət rəhbərlərindən dəstək alması fonunda baş verirdi. İndi bu hadisələrin səbəbi Ermənistanın 100 əsgərini Qazaxıstanda göndərməsindən ruhlanmasıdır. Düşünürlər ki, KTMT onların köməyinə gələcək”.

Mütəxəssis adekvat tədbirlərin “yumşaq”lığından gileylənib:

“Biz, adekvat tədbirlər dedikdə, bu adekvat tədbirlərin dozasını bir az artırmalıyıq. Əgər tədbirlərimiz adekvat olsaydı, gələn dəfə ermənilər buna cəhd etməzdi. Əgər edirsə, deməli, bu məsələni bir az da sərtləşdirmək mümkündür. İstənilən halda əsgərimizə atəş açan mövqe darmadağın edilməli, birmənalı olaraq həmin ərazi nəzarətimizə götürülməlidir.

Əgər Ermənistan sərhədimizi tanımırsa, 30 ildir o sərhədi 150 km pozubsa, niyə biz “Ermənistan sərhədi” məvhumunu işlətməliyik? Sərhədin təyin olunmasını istəyən 14 ayda delimitasiya və demarkasiya prosesinə başlayardı, lakin hələ də prosesi uzadırlar”.

Sonda isə Ə.Verdiyev tərxibatların qarşısının alınması barəsində özünəməxsus şərh bildirib:

“Hər dəfə atəşkəs pozulanda o mövqeləri azad etməliyik, çünki necə olursa-olsun oralar tarixi Azərbaycan torpaqlarıdır. Buna görə də, kimsə Azərbaycanı qınayası deyil. Əlimizdə 1 əsrlik müqavilə və s. faktlar var.

Bu hallarda optik kameralar və PUA vasitələriylə görüntüləri əldə etməliyik, eləcə də ermənilərin təxribat törətməsini sübut edən vizual faktlar əlimizə keçəndən 1 dəqiqə sonra onları eninə-uzuna “şumlamalıyıq””, - deyə ekspert yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 

"Müdafiə Nazirliyinin cavabı yumşaqdır, sərt olmalıdır" - Hərbi ekspert