Milli Məclisin alkaponunu külək uçurdu, yoxsa fələk?..

Milli Məclisin alkaponunu külək uçurdu, yoxsa fələk?..

Milli Məclisin alkaponunu külək uçurdu, yoxsa fələk?..

Təbiət, təbiət hadisələri sanki insanların gördüyü işləri yoxlayan, dioqnostika edən ən mükəmməl kompüter sistemidir. Məsələn, kiçik zəlzələdən sonra görürsən ki, bəzi evlərdə xırda çatlar var. Ana təbiət bununla sanki mesaj verir ki, bax, sən evinin bünövrəsini etibarlı tikməmisən, bir gün başına uça bilər. Və yaxud hansı evin damında problem varsa, yağışdan sonra dərhal bəlli olar. 

Külək də elədir. İnsan əli ilə yaradılanların mövcud olan bir çox eyiblərini üzə çıxarar, xəbərdarlıq edir ki, bu işi keyfiyyətli görməmisən. Hamını aldada bilərsən, amma məni yox.

Dünən Bakıda güclü küülək oldu. Şəhərin bir çox yerində problemlər yarandı. Ağaclar qırılıb küçələrə, maşınların üzərinə aşdı, yük maşınları yollarda çevirildi, binaların damını dağıtdı. Eyni zamanda parlament binasının alkaponları havada uçuşdu.

Sosial şəbəkələrdə ən çox müzakirə olunan da elə sonuncu məsələ oldu. Milli Məclis alkaponlarının rəqsi sosial medianı bəzədi. Hər kəs bu hadisəyə öz prizmasından yanaşdı. Lakin ümumi yanaşma bu idi: Əgər ölkənin qanunverici orqanının binasında belə peoblemlər varsa, gör başqa dövlət qurumlarının, sosial obyektlərin binalarında nə qədər əksikliklər var. Təbii ki, burada alkapon məsələsi sadəcə bir detal, ştrixdir. 

Parlament binası seçilmişlərin toplaşaraq xalqın, dövlətin problemlərini müzakirə edib uyğun qanunlar qəbul etdiyi məkandır. Bu, belə olmalıdır. Təbii ki, məsələyə pozitiv yanaşmalı olsaq, məsələnin dərinliyinə getməsək, AzTV-nin ekranından baxsaq, deyə bilrik ki, bizdə də belədir. Amma təbiətin Milli Məclis binasına göndərdiyi mesajda alt məna axtarsaq, belə nümunələrin içərisində itib-batarıq...

Sonuncudan başlayaq. Məlum olur ki, hər seçkidə deputat seçilə bilən Cavanşir Feyziyev Azərbaycandan İngiltərəyə 33 milyon pul daşıyıb. Bu hələ üzə çıxan rəqəmdir, gör, üzə çıxmayanlar nə qədər ola bilər. 

Başqa bir deputat – Eldəniz Səlimov polis əməkdaşını təpiyinin altına salır. Göstəriş gəlməyənə kimi onun həmkarları Eldəniz Səlimovu müdafiə etməyə çalışırlar. Nəhayət, ədalət bərpa olunur və deputatın qoluna qandal taxılır.

Başqa bir deputat vəkili açıq-aşkar kameraların qarşısında hədələyir. 

O biri mandatını girov qoyub qarşısına çıxan hər kəsdən pul alır, dələduzluq edir. Söhbət milyonlarla puldan gedir. Təsəvvür edirsiniz, qanunlar hazırlayan bir şəxs, millət vəkili millətə qarşı dələduzluqla məşğul olur. 

Oqtay Əsədov spiker ola bilmədi deyə 2 ilə yaxındır uşaq kimi küsüb, iclasları boykot edir.

Başqa biri çörəyin qiyməti qalxanda tövsiyə edir ki, çörək yeməyin, cana ziyandır.

İndi bu alkaponlar uçmasın, neynəsin?! Dünənki külək mesaj deyildisə, bəs nədir?

Seçilmişlərin toplaşdığı məkan bu qədər lağlağı hədəfi olursa, buna əsas verən davranışları aradan qaldırmaq lazımdır. Unutmayaq ki, hər kəs öz tərəzisində çəkilir.

Elnur Məmmədli

Milli Məclisin alkaponunu külək uçurdu, yoxsa fələk?..