Məşhur YAP-çıdan Fransadakı səfirimizə ittiham

Məşhur YAP-çıdan Fransadakı səfirimizə ittiham

“Fransa Senatında qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə sənəd qəbul etməsi Azərbaycanın Fransadakı səfirliyinin işini düzgün qurmamısın nəticəsidir”. 

Bu barədə Yenisabah.az-a hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, ikinci çağırış Milli Məclisin deputatı, Naftalanın keçmiş icra başçısı Musa Musayev bildirib.

Keçmiş icra başçısı Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbərliyini də tənqid edib. “Görünür, yaxşı iş aparmayıblar ki, Senatda bircə nəfər də olsun bu sənədin əleyhinə çıxmayıb”, - deyə o vurğulayıb.

Musa Musayev həmçinin qeyd edib ki, Fransada xeyli sayda azərbaycanlı yaşayır. “Onların arasında sıravi şəxslərlə yanaşı mühacirlər də var. Mənə təəccüblüdür ki, nədən Senatın qarşısında etiraz aksiyası keçirmirlər. Götürək elə Elşad Abdullayevi. Azərbaycan hökumətini Fransadan sərt tənqid edən, dövlətdən, dövlətçilikdən danışan Elşad Abdullayev niyə susur? Niyə gedib Senatın qarşısında etiraz etmir? Bu axı milli məsələdir. Bunu etmək hakimiyyətə yox, dövlətə, millətə xidmət etməkdir”, - deyə YAP üzvü bildirib.

Məlumat üçün deyək ki, Fransa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri deputat Soltan Məmmədovdur. O, 14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bitərəfdir.