Kremllə Ərdoğanın açıqlaması üst-üstə düşmədi

Kremllə Ərdoğanın açıqlaması üst-üstə düşmədi

"Rusiya və Türkiyə prezidentlərinin bugünkü telefon danışığının fərqli açıqlamaları var. Kremlin açıqlamasında bildirilir ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli göüşü barədə məlumatlandırıb. Öz növbəsində Ərdoğan Qarabağ nizamlanması ilə bağlı səylərində Putinə dəstəyini ifadə edib, Rusiya və Türkiyənin bu məsələyə dair fəaliyyətində koordinasiyanın davam etməsinin tərəfdarı olduğunu bildirib".

Yenisabah.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğan və Putinin bu gün baş tutan telefon danışığını şərh edərkən bildirib.

"Rəcəb Tayyib Ərdoğan isə özünün “Telegram” kanalında Rusiya prezidenti ilə danışıqların başqa təfərrüatlardan söz açıb. Birincisi, Ərdoğan bildirib ki, Putinlə Qarabağda atəşkəsə nəzarət və hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə edib. İkincisi, Ərdoğan Putinə deyib ki, Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaradılmalıdır: “Belə olduqda inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik”, - deyə politoloq əlavə edib.

E.Şahinoğlu Ərdoğan və Çavuşoğlunun bu açıqlamalarının Rusiyaya mesaj olduğunu qeyd edib:

"Dağlıq Qarabağda yaxın gələcəkdə sülhməramlılara ehtiyacın olmayacağını bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da ifadə etmişdi. Rəcəb Tayyib Ərdoğan və Mövlüd Çavuşoğlu bu sözləriylə nəyə işarə edirlər?

Bu açıqlamalarıyla həm Ərdoğan, həm də Çavuşoğlu əslində Rusiyanın birtərəfli qaydada Dağlıq Qarabağda hərbi iştirakından rahatsız olduqlarını bildirmək istəyirlər. Digər tərəfdən Ankara bu açıqlama ilə Moskvaya belə bir mesaj da göndərir ki, Rusiya hərbçilərinin Dağlıq Qarabağda varlığı müvəqqəti olmalıdır, 10 noyabr bəyənatına görə 5 ildən sonra bölgəni tərk etməlidirlər. Bu Azərbaycanın da maraqlarına uyğundur. Ona görə oxşar açıqlamalar Bakıdan da səslənməlidir, yəni “bölgədə elə bir əməkdaşlıq atmosferi yaradılmalıdır ki, gələcəkdə Dağlıq Qarabağda sülhməramlılara ehtiyac olmasın”. Bu çox vacib mesaj olmalıdır, əks halda Rusiya Dağlıq Qarabağda əbədi qalacağını zənn edəcək və Azərbaycan ərazisində “sülhməramlılar” adı altında hərbi baza yaradacaq. Bunun qarşısını alacaq açıqlamalar indidən səslənməlidir, Ərdoğanın və Çavuşoğlunun mesajlarında olduğu kimi...".