Koronavirusdan sağalanları illər sonra gözləyən problemlər - SİYAHI

Koronavirusdan sağalanları illər sonra gözləyən problemlər - SİYAHI

Koronavirusdan sağalanları illər sonra gözləyən problemlər - SİYAHI

Britaniyanın tanınmış Daily Mail saytında koronavirusun fəsadları haqqında geniş məqalə dərc olunub.

Polemika.az xəbər verir ki, məqalədə qeyd olunur ki, COVID-19-dan sağalmış insanları gələcəkdə müxtəlif sağlamlıq problemləri gözləyir. Bu problemlər arasında - ciddi nevroloji pozulmalar, xroniki yorğunluq, ürək və ağciyərin fəaliyyətində pozulmalar və hətta insult. Koronavirusu keçirmiş bəzi insanları uzun reabilitasiya dövrü, ağır sağlamlıq problemləri və hətta əlillik gözləyir.

Daily Mail məqalədə 48-yaşlı London sakini haqqında yazır. Koronavirus simptomlarının üzə çıxdıqdan 9 həftə sonra qadında ürək əzələsinin ağır iltihabı aşkar olunub.

Böyük Britaniyanın baş naziri Boris Consonu müalicə edən tanınmış həkim-pulmonoloq professor Nikolas Hart koronavirusu fəsadların ağırlığına görə poliomiyelitlə müqayisə edib. Həkimin sözlərinə görə, koviddən sağalandan aylar və hətta illər sonra insanda çoxsaylı sağlamlıq problemləri üzə çıxa bilər. Bu beyin funksiyalarının pozulması, psixoloji problemlər və s. ola bilər.  

Poliomiyelitlə müqayisə çox ciddi məsələdir. Bu xəstəliyin epidemiyası yalnız Böyük Britaniyada minlərlə insanların ölümünə səbəb olub, on minlərlə insanları isə əlil edib. Poliomiyelit bir çox hallarda baş beyini zədələyir, iflic, əzələ və oynaq problemlərinə səbəb olurdu. Lakin poliomiyelitə qarşı vaksin hazırlanıb və hazırda bu xəstəlik dünyada, demək olar, yox olub.

London Kral kolecinin psixiatriya professoru Karmine Periante da qeyd edib ki, koronavirusu keçirmiş xəstələr gələcəkdə fiziki, koqnitiv və psixoloji yorğunluqla qarşılaşa bilərlər. Alim qeyd edib ki, burada xəstəliyin ağır və ya yüngül keçirilməsi rol oynamır, fəsadlar koronavirusun istənilən gedişatından sonra mümkündür.

Digər tanınmış britaniyalı alim professor Linn Terner-Stoks da bu fikri təsdiq edib. Onun sözlərinə görə,  pandemiyadan sonra bir çox insanlara psixoloji, fizioterapevtik və ürək-ağciyər reabilitasiyası tələb olunacaq.

Daily Mail koviddən sağalmış 49-yaşlı Kristin Kortninin sözlərini təqdim edib. Qadının sözlərinə görə,  koronavirusu yüngül formada keçirib və evdə müalicə alıb, lakin sağaldıqdan 6 həftə sonra da güclü yorğunluq, başgicəllənməsi, təngənəfəslik hiss edir, onda panik ataklar olur.

Britaniyalı professor Azim Mecid də kovidi keçirmiş insanların bir sıra problemlərlə üzləşdiyini proqnozlaşdırır: "Koronavirus keçirmiş insanların ağciyərində olan pozulmalar qriplə müqayisədə daha ciddidir. Bir neçə il sonra bu insanlarda ağciyər funksiyasının azalması müşahidə oluna bilər".  

Çin və İtaliya alimlərinin müşahidələrinə görə, xəstələrin 1/3 hissəsində koviddən sonra nevroloji simptomlar inkişaf edir: beyin iltihabı, sinirlərin zədələnməsi, nevralgiyalar, başgicəllənməsi, baş ağrıları. Ən ciddi nevroloji risk isə insultdur.

Bütün bunları nəzərə alaraq insanlarımızı koronavirusun profilaktikasına ciddi riayət etməyə çağırırıq. Qaydalar əslində çox sadədir: sosial məsafə saxlamaq, əllərin gigiyenası, maska taxmaq. Koronavirusa yoluxmamaq üçün əlimizdən gələni etməliyik. Bu virus hələ az öyrənilib və gələcəkdə bizə çox ağır "sürpriz"lər edə bilər. Sağlamolun.az

Koronavirusdan sağalanları illər sonra gözləyən problemlər - SİYAHI