“Kimdir günahkar? Özbaşınalıq baş alıb gedib” – Ramiz Mehdiyevdən xəbərdarlıq 

“Kimdir günahkar? Özbaşınalıq baş alıb gedib” – Ramiz Mehdiyevdən xəbərdarlıq 

“Kimdir günahkar? Özbaşınalıq baş alıb gedib” – Ramiz Mehdiyevdən xəbərdarlıq 

Azərbaycan Milli  Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Arif Həşimov, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, eləcə də Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov və aidiyyəti üzrə dəvət olunmuş şəxslər iştirak ediblər.

“Polemika.az” xəbər verir ki, iclasda AMEA-nın prezidenti Ramiz Mehdiyev son vaxtlarda Akademiyanın bir sıra elmi-tədqiqat müəssisələrində yoxlama işlərinin aparıldığı barədə məlumat verib. Qeyd edib ki, bir sıra hallarda sənədlər və digər məsələlər gizlədildiyindən yoxlama işlərinin keyfiyyəti qənaətbəxş olmayıb.

Mərkəzi Nəbatat Bağında aparılmış yoxlamalar barədə danışan və Bağın uzun illər baxımsız vəziyyətdə qaldığını deyən Ramiz Mehdiyev müəssisənin ərazisindəki ağacların bir çoxunun quruduğunu, kəsildiyini, kənar şəxslərin orada şəxsi mənzillər tikdiyini diqqətə çatdırıb. Bildirib ki, icra hakimiyyətindən dəfələrlə Bağın qaydaya salınması ilə bağlı AMEA-nın keçmiş rəhbərliyinə müraciətlər olunsa da, bu barədə heç bir tədbir görülməyib.

“Mərkəzi Nəbatat Bağında uzun illər direktor işləyən şəxsi vəzifəsindən azad etdik. Deyə bilərəm ki, Bağda çox ciddi nöqsanlar ortaya çıxıb. Bu gün Mərkəzi Nəbatat Bağında geniş quruculuq işləri gedir”, - deyə AMEA prezidenti söyləyib.

Akademik Ramiz Mehdiyev Botanika İnstitutunda da yoxlamaların aparıldığını, ayrılmış büdcənin xərcləndiyini, lakin heç bir əməli işin görülmədiyini vurğulayıb.

Neft-Kimya Prosesləri İnstitutunda da yoxlamaların aparıldığını bildirən AMEA rəhbəri bir çox sənədlərin gizlədildiyini, müəyyən məsələlərin yenidən araşdırıldığını söyləyib.

“Vaqif Abbasov 10 ildən artıqdır ki, Neft-Kimya Prosesləri İnstitutunda direktor işləyir. Vaqif Abbasov xeyli maliyyə vəsaiti qazansa da, institut 1 manat da olsun, Akademiyanın büdcəsinə xeyir verməyib. Müəssisəyə müraciətlər olanda isə özünün Yüksək Texnologiyalar Parkındakı şirkətinə tapşırır və pul qazanırlar”, - deyə akademik Ramiz Mehdiyev bildirib. AMEA rəhbəri qeyd edilən məsələlərlə bağlı hüquq mühafizə orqanlarına müraciətin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

O, həmçinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarının AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yoxlamalar apardığını və keçmiş rəhbərliyin dövründə bir sıra neqativ hallara yol verildiyini vurğulayıb: “Ciddi nöqsanların sayı həddən artıq çoxdur. Hazırda korrupsiya idarəsində sənədləri hazırlayırlar və bizə də göndərəcəklər. Bu, əlbəttə, bir tərəfdən nəzarətsizliyin nəticəsidir, digər tərəfdən insanın mənəvi keyfiyyəti məsələsidir. Akademiya nə üçün bu vəziyyətə gəlib düşüb? Kimdir günahkar? Özbaşınalıq baş alıb gedib, heç kim digərindən bir şey soruşmayıb, tələb və nəzarət etməyib və institutlarda belə bir vəziyyət yaranıb. Xəbərdarlıq etmək istəyirəm ki, belə vəziyyətə biz dözməməliyik, şəxsən mən məsuliyyət daşıyıram. Tək mən yox, Rəyasət Heyətinin üzvləri, vitse-prezidentlər. Belə məsuliyyətsizliyi, işə yanaşmanı qəti surətdə qəbul etmirəm”.

Ramiz Mehdiyev sözügedən məsələlərin Rəyasət Heyətində yenidən müzakirə olunacağını deyib, o cümlədən bütün yoxlamaların nəticəsinin Akademiya əməkdaşlarının tanış olması üçün “Elm” qəzetində dərc edilməsi barədə tapşırıq verib.

 

“Kimdir günahkar? Özbaşınalıq baş alıb gedib” – Ramiz Mehdiyevdən xəbərdarlıq