Keçmiş direktorun işi üzrə məhkəmə prosesi davam edib

Keçmiş direktorun işi üzrə məhkəmə prosesi davam edib
26 Okt 2020 16:10
431

Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mənimsəmədə təqsirləndirilən keçmiş əməkdaşları - Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Yenisabah.az xəbər verir ki, prosesdə bir neçə zərərçəkmiş şəxs dindirilib. Onlar heç bir şikayət və tələblərinin olmadığını, özlərini zərərçəkmiş kimi hesab etmədikləri bildiriblər.

Prosesdə təqsirləndirilən İlqar Hacıyev isə qeyd edib ki, zərərçəkmişlərin bir çoxunu və şahidləri tanımır. Onun sözlərinə görə, onların zərərçəkmiş kimi dindirilməsi qərəzlidir.

Digər şahid Cəmilə Muxtarova da məhkəmədəki ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını söyləyib.

Hakim məhkəmədə fərqli ifadə verən şəxslərlə bağlı araşdırma aparılacağını, hüquqi qiymət veriləcəyini deyib.

Təqsirləndirilən Orxan Qasımovun vəkili isə müstəntiq barəsində tədbir görülməsini istəyib.

İlqar Hacıyev məhkəməyə bildirib ki, müstəntiq bəzi şahid və zərərçəkmişlərdən ona qarşı qərəzli ifadə alıb: “Pulu kartlardan kimin çıxarması ilə bağlı dəqiq məlumat var. Bunu bankomatlardan pulun çıxarılması vaxtı və kamera görüntüləri ilə sübut etmək olar”.

Hakim Hüseynqulu Bağırovun da məhkəməyə şahid kimi çağırılıb dindiriləcəyini qeyd edib.

Daha sonra İlqar Hacıyevin vəkili Ramil Məmmədzadə müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması ilə bağlı daha bir vəsatət verib.

Vəkil bildirib ki, dəymiş zərər ödənildiyi üçün müdafiə etdiyi şəxs azadlığa buraxılmalıdır.

Vəsatət təmin edilməyib. 

Proses oktyabrın 30-da davam edəcək. 

 

Oxşar xəbərlər