“İş yerləri bağlanacaq, insanlar müflisləşəcək” - Bədbin proqnoz

“İş yerləri bağlanacaq, insanlar müflisləşəcək”

“İş yerləri bağlanacaq, insanlar müflisləşəcək” - Bədbin proqnoz

Ukrayna və Rusiya arasında artıq 10 gündür ki, müharibə gedir. Ukraynanın bir çox şəhərləri mütəmadi atəşə məruz qalır. Evlər bombardman edilir. Bu səbəbdən də insanlar evlərindən sığınacaqlara təxliyyə olunur. 

Qeyd edək ki, 10 gün ərzində 1,2 milyon insan Ukraynanı tərk edib.

Hazırda Ukraynada iş yerlərinin əksəriyyəti fəaliyyətini dayandırıb, Rusiyada da biznes zəifləyib. Həm Ukrayna, həm də Rusiyada azərbaycanlılar yaşayır. Hansı ki, həmin insanların çoxu orda özünə biznes qurub. Onlar xaricdə qazandıqları pulun bir hissəsini Azərbaycanda yaşayan ailə üzvlərinə göndərirlər.

Maraqlıdır, müharibə azərbaycanlı ailələrin sosial vəziyyətinə necə təsir göstərəcək?

İqtisadçı-ekspert Azər Mehtiyev Polemika.az-a açıqlamasında deyib ki, Rusiyada baş verən proseslər iqtisadi çöküşə gətirib çıxaracaq:

“Xüsusən də Rusiyada əmək miqrantlarımız daha çoxdur. Rusiyada baş verən hadisələr təbii ki, iqtisadi çöküşə gətirib çıxaracaq. Müharibə Ukraynada getsə də, Rusiyaya tətbiq edilən sanksiyalar ciddi problemlər yaradacaq. Müflisləşmə, iş yerlərinin bağlanması qaçılmazdır”.

Ekspertin sözlərinə görə, ölkəyə göndərilən pulun miqdarı da azalacaq:

“Mərkəzi Bankın hesablamalarında bu məbləğin kifayət qədər böyük olduğu göstərilir. Sirr deyil ki, təkcə bank kanalları vasitəsilə deyil, həm də qeyri-bank yolu ilə də gətirilən vəsaitlər var. Müəyyən adamların bu vəsaitlərdən məhrum olunacağı realdır. Rusiyada iş yerlərinin bağlanması iqtisadi tələbatı azalda bilər”.

A.Mehtiyev qeyd edib ki, müharibənin idxal və ixrac prosesinə zərər vurmaq ehtimalı da böyükdür:

“Bu müharibənin hansı ssenari ilə başa çatmasından asılıdr. Eyni zamanda da Ukraynada və Rusiyada olan əmək miqrantlarımızın sayı haqda dəqiq məlumat yoxdur”.

Nəzrin Vahid

 

 

“İş yerləri bağlanacaq, insanlar müflisləşəcək” - Bədbin proqnoz