İntellektual baza dağıdılıb, indi onu yeniləməyə ciddi ehtiyac var -

İntellektual baza dağıdılıb, indi onu yeniləməyə ciddi ehtiyac var -

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaxın günlərdə Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start veriləcəyini bəyan edib. Qeyd olunub ki, KİVDF bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılması planlaşdırılır. Bununla yanaşı KİV-in fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir. Qanun layihəsinin gələn ay Milli Məclisə təqdim olunacağı bildirilir.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli qeyd edib ki, mediada islahatların getməsi ilə bağlı müzakirələrə baxmayaraq, bu sahədə ciddi bir addım gözə dəymir:

“Bu müddət ərzində ən uğurlu addım odur ki, təxminən son bir ilə yaxın müddətdə ölkədə media siyasətini tənzimləyən, bu sahəyə nəzarət edən yüksək vəzifəli şəxslər vəzifədən uzaqlaşdırılıb. Amma onların qoyduğu iz, yanaşma tərzi hələ də qalır. Kadrlar yerindəcə durur, sistem köhnə qaydada işləyir. İndi isə KİVDF-nin nəzdində hansısa qurumun yaradılacağı barədə məlumatlar var. Düzü, mən inanmıram ki, hansısa yeni qanun qəbul olunsun, amma əvvəlki qanunlara bu və ya başqa dəyişiklikləri etmək mümkündür. Çünki  Azərbaycanda medianın kifayət qədər güclü qanunverici bazası var. Özü də onlar vaxtilə çox yaxşı işlənmiş qanunlardır. Məsələn, “Kütləvi informasiya vasitələri haqqında” Qanundan əsər-əlamət qalmayıb, çoxlu dəyişikliklər edilib, indi isə onu tamamilə yeniləməyə ehtiyac var”.

Həmsöhbətimiz vurğulayıb ki, media siyasətində əsas məqsəd ölkədə müstəqil fəaliyyət göstərə bilən medianın yaradılmasıdır:

“İkinci Qarabağ müharibəsi də göstərdi ki, bu gün Azərbaycan cəmiyyətini dəqiq məlumatlandıra biləcək mötəbər mediaya ehtiyacı var. Dünya mediası belə mənbələr axtarır ki, məlumatı oradan götürsün. Təəssüf ki, onların sayı azdır, çünki vaxtilə olanları vurub sıradan çıxarıblar. Azad düşüncəli jurnalistləri tamamilə işsiz qoydular və ya şirnikləndirib başqa sahələrə keçirdilər. İntellektual baza dağıdıldı, indi onu yeniləməyə ciddi ehtiyac var. Ümid edirik ki, yeni yaradılacaq qurum Azərbaycanda medianı yüksək səviyyəyə qaldıracaq”.

Sayad HƏSƏNLİ