İngilis nəşrindən sensasion Qarabağ iddiası: “Ərdoğan “baş düşməni”nə...”

İngilis nəşrindən sensasion Qarabağ iddiası:

İngilis nəşrindən sensasion Qarabağ iddiası: “Ərdoğan “baş düşməni”nə...”

İngiltərənin “Financial Times” (FT) qəzeti Qarabağ müharibəsindən bir il sonra regionda baş verən hadisələr və ölkələrin mövqeləri ilə bağlı geniş təhlil hazırlayıb.

Polemika.az xəbər verir ki, ingilis nəşri İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin bölgədə artan nüfuzunə diqqət çəkib.

“Bir il əvvəl Ermənistandan geri alınmış Azərbaycan torpaqlarını kəsən yeni magistral Rusiyanın təsir dairəsinin bir hissəsi kimi görünən bölgədə Türkiyənin uzun müddətdir artan iqtisadi varlığını ortaya qoyur”, - nəşr yazıb.

Qəzet bu yolun tarixi Şuşa şəhərinə qədər uzandığı və bunun türk şirkətləri tərəfindən çəkildiyini bildirib.

Təhlildə Türkiyənin Rusiya və İranla rəqabət apardığı Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirməyə çalışdığı, Prezident Ərdoğanın “baş düşmən”i Ermənistana barışıq əli uzatdığı qeyd edilib. Ermənistan rəsmisi isə nəşrə iki ölkə arasında pozulmuş münasibətlərin yenidən bərpa oluna biləcəyini deyib.

Ermənistan Baş naziri Nikol Paşinyanın “Heç bir ilkin şərt olmadan Türkiyə ilə danışıqlara hazıram” sözlərini xatırladan FT 1993-cü ildə qırılan əlaqələrin 2020-ci ildəki qələbədən sonra tədricən yaxşılaşa biləcəyini vurğulayıb.

Türkiyə ilə diplomatik əlaqələrin bərpası ilə bağlı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu açıqlamasına da təhlildə yer verilib: “Hər iki tərəfdən müsbət siqnallar alındığına görə yaxın gələcəkdə sərhədləri açmaq, iqtisadi əlaqələrə və hökumətlər arasında münasibətlərə başlamaq imkanı var”.

Bu müsbət bəyanatlara şübhə ilə baxan “Financial Times” iki ölkə arasında “erməni soyqırımı” məsələsinin olduğunu və tamhüquqlu barışığın hələ uzaqda olduğunu iddia edib.

İngilis nəşri Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin bu açıqlamasına da yer verib: “Türkiyə-Ermənistan münasibətləri bu iki ölkədən asılıdır. Əgər uzunmüddətli sabitlik və təhlükəsizlikdən danışacağıqsa, hamı iştirak etməlidir”.

Türkiyənin bölgədə artan rolunun Rusiyanın da xeyrinə ola biləcəyini yazan FT məqalədə “Karnegi”nin Cənubi Qafqaz üzrə mütəxəssisi Tomas de Vaalın fikirlərini də öyrənib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putinin ABŞ və Avropaya güvənmədikləri üçün Qafqazda da əməkdaşlıq edə bildiklərini deyən Vaal iki liderin bir çox mövzuda razılığa gələ bilməsə də, problemləri həll etdiklərini bildirib:

“Onlar bir çox şeydə fikir ayrılığı olan iki rəqib kimidirlər, amma eyni dildə danışırlar və hər şeyi öz aralarında həll edirlər”.

FT qeyd edib ki, Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev sülh prosesinin olmasını istəyirlər, eyni zamanda iki lider arasında “Dağlıq Qarabağ erməniləri” ilə bağlı fikir ayrılığı var: “İrəvan ermənilərin öz müqəddəratını təyinetmə hüququnun qorunmasını tələb etdiyi halda, Bakı regionda istənilən muxtar quruluşa qəti şəkildə qarşı çıxır”.

Nəşr bu səbəbdən hər iki tərəfin cəbhə xətti boyunca mövqelərini möhkəmləndirməyə davam etdiyini və 2000 rus sülhməramlısının olmasına baxmayaraq zaman-zaman toqquşmaların baş verdiyini vurğulayıb.

“Türkiyə danışıqlar masası arxasında olmasa belə, türk şirkətləri yaxın on ildə 15 milyard dollara çata biləcək layihələrin yenidən qurulması üçün müqavilələr imzalayır”, - FT işğaldan azad edilmiş şəhərlərin dirçəldilməsinə çalışıldığını yazıb./Teleqraf

 

İngilis nəşrindən sensasion Qarabağ iddiası: “Ərdoğan “baş düşməni”nə...”