“İndiyədək Şamaxıdan futbolçu çıxmayıbsa...” – Azərbaycanda klub problemi

“İndiyədək Şamaxıdan futbolçu çıxmayıbsa...” – Azərbaycanda klub problemi

“İndiyədək Şamaxıdan futbolçu çıxmayıbsa...” – Azərbaycanda klub problemi

Tanınmış idman jurnalisti Amal Abuşovun Polemika.az-a müsahibəsi:

- Artıq xeyli müddətdir ki, milli klubların azlığı ilə bağlı müzakirələr aparılır.  Azərbaycan Premyer Liqasında təmsil olunan komandaların sayı artırılmalıdırmı?

- Komandaların sayı artırılmalıdır, lakin süni formada yox. AFFA hazırda bununla bağlı siyasət aparır. “Keşlə”ni Şamaxıya köçürməklə sanki bölgədə futbol yaradırlar. Bir məsəl var: “Quyuya su tökməklə dolmaz”. “Keşlə” illərdir ki, adını, baş məşqçilərini, rəhbərliyini dəyişə-dəyişə gününü keçirir. Azərbaycan futboluna faydası olmayan bir komandadır. İndidə həmin klubu futbol ənənələri olmayan rayona aparırlar. Niyə? Görüntü yaratmaq üçün.

Şamaxıda stadion tikilməsini mən də alqışlayıram, amma bundan əvvəl orada futbol ənənələri olmayıb, heç vaxt çempionatda iştirak etməyib, Şamaxıdan çıxan bir futbolçu da yoxdur. Şamaxının yerinə Avrokuboklarda Azərbaycanı təmsil edən İmişli və yaxud Lənkəranda bu cür addım atmaq olardı.

AFFA inkubator cücələri kimi klublar yaradır, regional liqaya dəstək verir. Bu dəstək də təqdirəlayiqdir. Lakin məsələ ondadır ki, həmin klublar həvəskar səviyyədə sadəcə göz oxşamaq üçün yaradılır.

Məsələn, həvəskarlar liqasında “Xəzər Lənkəran”ın kölgəsində bir “Xan Lənkəran” klubu yaradıblar. Bununla Lənkəranda olan uşaq futbolunu tam əhatə etmək olacaqmı? Xeyr.

Gələn mövsüm “Kəpəz” və “Turan Tovuz”un Premyer Liqaya gətiriləcəyi deyilir, yəni bu komandaların hesabına say artırılacaq. Lakin əvvəlki illərdə AFFA-nın nəzarətində olan “Kəpəz”in elitada çıxışını gördük. Orada böyük maliyyə yeyintiləri oldu və fakt aşkarlıqdan sonra AFFA-nın “Kəpəz”dəki nəzarətçisi dəyişdi, sonra isə “Kəpəz” zəiflədi və elitadan kənara çəkildi. Bu cür olacaqsa, Premyer Liqada 20 komanda olsa belə, bir fayda görməyəcəyik.

- Komandaların sayının artırılması Azərbaycan futbolunu irəliyə apara bilərmi?

- Bəli, apara bilər, hər şey komandalardan asılıdır. Futbol mütləq kütləviləşməlidir. Əvvəlcə məhəllədə, küçədə oynanılmalı, sonra isə orada olan istedadlı uşaqlar seçilib futbol akademiyalarına cəlb edilməlidir. Futbol akademiyalarında da onların yetişməsinə mütəxəssislər nəzarət etməlidir. Onların səhhətinə, qidalanmasına, təhsilinə və sözsüz ki, daimi oyun təcrübəsi qazanmasına nəzarət yeririlməlidir. Həmin yaş qrupuna uyğun olaraq həftədə bir dəfə komandalar oyun keçirməli, vaxtaşırı beynəlxalq turnirlərə aparılmalıdır ki, artıq kiçik yaşdan xarici komandalarla qarşılaşmağın nə olduğunu bilsinlər, təcrübələrini artırıb futbolçu kimi bişsinlər. Bir müddət sonra həmin futbolçular seçim imkanlarımızı artıracaq.

- Azərbaycan Millisinin durumunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Premyer Liqasında cəmi 8 komanda çıxış edir, həmin komanda da olan futbolçuların yarısının legioner olduğunu nəzərə alsaq, Premyer Liqa səviyyəsinə cavab verən 70-80 futbolçumuz var. Baş məşqçilər onların arasından 22 nəfəri milli komandaya cəlb  edilər.

Kimin ayağı bir az top tutursa, Azərbaycan millisinə cəlb olunur. Belə olmamalı, rəqabət artırılmalıdır. Komandaların sayı təbii halda artırılmalıdır. Bir komandanın başqa yerə köçürülməsi ilə nə isə əldə edə bilmərik. Futbolçuları özəkdən yetişdirmək lazımdır.

Məsələn, “Kəpəz” əsl Gəncə komandası kimi, “Turan Tovuz” bundan başqa fubol ənənələri olan Lənkəran, İmişli, Sumqayıt və s. Komandalar bu formada yaradılarsa, Azərbaycan futboluna mütləq xeyiri dəyəcək.

- Futbolun inkşafı üçün yeni komandaların yaradılmasından əlavə hansı addımlar atılmalıdır?

- Sözsüz ki, problem yalnız komandaların artırılması deyil. Bizim uşaq məşqçiləri də bu işin əsl peşəkarına çevrilməlidirlər. Onların işin incəliklərinə bələd olması üçün yalnız kateqoriyaya alınmaları kifayət etmir. Uşaq məşqçilərindən nəticə tələb olunmamalıdır. Uşaq məşqçilərinin nəticəsi onun qazandığı xallar yox, yetişdirdiyi futbolçular olmalıdır. Bu isə bir neçə ilin işi deyil, ən az 3-5 il bu layihələrə vaxt ayrılmalıdır.

Eyni zamanda, Azərbaycanın bir neçə bölgəsində internat tipli futbol akademiyaları yaradılmalıdır ki, futbol kütləviləşsin.

Gözümüzün önündə “Qəbələ” nümunəsi var. Qəbələ artıq 5-6 ildir ki, rayonda akademiya açıb orada Türkiyə və Hollandiyadan olan mütəxəssislər çalışır. Bu gün Premyer Liqada çıxış edən bütün klubların heyətində həmin akademiyanın yetirmələri var. Təsəvvür edin, bu cür akademiyaların sayı 5-6, hətta 10 olsa, necə möhtəşəm nəticələr əldə edə bilərik.

Bir vaxtlar Bakı Futbol Akademiyası var idi. Hafiz Məmmədovun təşkilatçılığı ilə açılmışdı. Bu gün həmin akademiyanın yetirməsi olan tanınmış futbolçularımız var. Mahir Emreli, Namiq Ələsgərov, Rəhman Hacıyev, Aqil Məmmədov və s. “Bak”ı varlığını qısa müddət saxlasa da, bu gün bütün Azərbaycan onun faydasını görür.

Komandalardan öncə uşaq akademiyalarının sayını artırmalı, uşaq futboluna diqqət ayırmalıyıq. Bundan sonra Azərbaycan futbolu istədiyimiz səviyyəyə gəlib çata bilər.

Mehri QURBAN

“İndiyədək Şamaxıdan futbolçu çıxmayıbsa...” – Azərbaycanda klub problemi