“İlin ən sevimli məmuru”, “İlin Canavarı”, “İlin dızqağı”...

“İlin ən sevimli məmuru”, “İlin Canavarı”, “İlin dızqağı”...

Köhnə, sadiq oxucular xatırlayar, bir neçə il öncəyə qədər hər ilin sonunda “İlin nominantları” adlı yazı yazar, son 365 gündə fərqlənən, ya da heç fərqlənməyən personaların adlarını müxtəlif nominasiyalar üzrə qalib elan edərdim. Yazı yaxşı oxunurdu, redaksiyaya zənglər, elektron mesajlar gələrdi: “Filankəsin adını çox düz qeyd etmisən”; “Filan nominasiyada gərək filankəsi qalib edəydin”; “Filankəs müəllimə haqsızlıq etmisən, o, göründüyü kimi biri deyil” və s.

Son illərdə isə bu işin dadı qaçmışdı. Həm bu “iş”lə məşğul olanlar çoxalmışdı, həm də illər maraqsız keçirdi. İllər eyni, personalar eyni, əməllər eyni... Nəyi fərqləndirəsən?

Bu il (2020 -“İrmi-irmi”) isə çox maraqlı keçdi – seçki, pandemiya, qələbə ilə bitən müharibə... Fərqlənənlər çox oldu. Ona görə də lap yuxarılardan başlayaq:

“İlin komandanı və diplomatı”: Prezident İlham Əliyev – Müharibədə orduya birbaşa rəhbərlik etdiyinə, diplomatiyada unikal məharət göstərdiyinə, çoxlu müsahibə verdiyinə, maraqlı çıxışlarına görə;

“İlin kommandosu”: General-leytenant Hikmət Mirzəyev – Şuşaya dırmaşan igidlərə rəhbərlik etdiyinə, erməni hərbçilərin pişiyini ağaca dırmaşdırdığına görə;

“İlin ən sevimli məmuru”: - Prezidentin köməkçisi Hikmət Hacıyev – Hər evdə (olsun çox evdə) doğma övlad, əziz qardaş kimi qəbul olunduğuna görə;

“İlin ən dəyanətli Hikmət Hacıyevi”: kəndçimiz Hikmət Hacıyev – şəhid Elnarın atası, şəhid Toğrulun və qazi Eltacın əmisi olduğuna və bu dərdlərə dəyanətlə sinə gərdiyinə görə;

“İlin comərdi”: - Şəkili Hikmət baba – Öz təqaüdünü həm müharibədən əvvəl, həm də müharibədən sonra Müdafiə fonduna bağışladığına görə;

“İlin Canavarı” – şəhid Cəbrayıl Dövlətzadə - təkbaşına 7-8 düşməni boğazladığına görə;

“İlin Meqastarı” – şəhid Xudayar Yusifzadə - 60 ilin mahnısını 2 dəqiqədə azı 10 milyon insanın oxuduğu, qulaq asdığı hitə çevirdiyinə görə;

“İlin “müqəddəs yalançısı””: Tibb bacısı Maral Hüseynli – işlədiyi klinikada müalicə olunan ağır yaralıların valideynlərinin telefonlarına hər gecə saat 12-də zəng edərək, “övladınız bu gün dünənkindən daha yaxşıdır, özünü yaxşı hiss edir, salamı var” deyə çox vaxt əsl həqiqəti deməyərək, əndişəli insanların səhəri diri gözlü açmamalarını, bir hovur yuxuya dalmalarını təmin etdiyinə görə;

“İlin şirin dilli həkimi”: Adı çox çəkilməyən tibb işçisi – fərqinə varmadan, yaralı polkovniki hər dəfə “quzubala” deyə dindirdiyinə görə;

“İlin ürək toxdadanı”: jurnalist Elçin Alıoğlu – 44 günlük müharibədə hər gün sosial şəbəkədə 15-20 ürəkaçan, dəqiq, dürüst, optimist status yazaraq müharibəyə dair kirli informasiyaları puça çıxardığına, minlərlə insanın narahat ürəyini toxdatdığına görə;

“İlin razısı”: Razi Nurullayev: - Deputat seçilməsindən olduqca razı qaldığına görə;

“İlin bəxti yar olmayanı”: Bəxtiyar Hacıyev - Deputat seçilərkən bəxti yar olmadığına görə;

“İlin qulağıdinci”: sabiq deputat Hadi Rəcəbli – Mediada və sosial şəbəkədə adının hallanmasına son qoyulduğuna və qulağı dincəldiyinə görə;

“İlin Bəhram Guru”: Bəhram Bağırzadə - Sağalacağına ümid üzüldüyü bir vaxtda koronavirus adlı “əjdaha”nın ağzını cırdığına görə;

“İlin pis rəqqası”: Nikol Paşinyan – Şuşada səfeh-səfeh yallı oynayaraq arı yuvasına çöp uzatdığına görə;

“İlin, türkün sözü, annesi”: Anna Akopyan – Xalqın balalarını Qarabağa, labüd ölümə göndərdiyi halda öz oğlu Aşotu bunkerlərdə gizlədəcək qədər həssas qəlbli ana olduğuna görə;

“İlin dızqağı”: Seyran Ohanyan – Təşər-təşər Şuşada müqavimət təşkil etmək üçün qalaya gəlsə də, ilk top atılan kimi aradan çıxdığına görə;

“İlin proqnozçusu”: Donald Tramp – İlin əvvəlində “artıq heç nə əvvəlki kimi olmayacaq” proqnozu verdiyinə və ilin sonunda proqnozun ən azı özüylə bağlı hissəsi doğrulduğuna görə;

“İlin faşisti”: - Naməlum kameraman – Yayda məşhur toya gələnləri çəkib faş edərək, hörmətli akademiklərin başına iş açdığına görə;

“İlin qaramatı”: Əməkdaşlarımızdan biri – Gündə 3 dəfə müharibəyə aid nəsə bir qara xəbər verərək, bu yazının müəllifini çərlətdiyinə görə;

“İlin ən gözəl şeiri”: “Əziz Şuşa, sən azadsan!” – İlin, eləcə də son 28 ilin ən təsirli, ən riqqətdoğurucu misrası olaraq milyonlarla insanın qəlbini titrətdiyinə, gözlərini doldurduğuna görə.

Bunlardan başqa, “İlin qəhrəmanı” nominasiyasında qalib seçmək olardı, amma hansını seçəsən? 100 mindən çoxdur.

Zarafata qalsa isə, “İlin divara söykədilənləri”, “İlin alternativ namizədləri”, “İlin həyasızı”, “İlin gicqulusu”, “İlin boşboğazı”, “İlin Andraniki” (intəhası, söz verən adam hələ öz qulağını kəsməyib), “İlin dustaq qudaları”, “İlin qəssabı”, “İlin evdən onlayn işləyən naziri”, “İlin naçalnik razvedkası”, “İlin baqaja qoyulanları” (həm hərfi, həm məcazi mənada), “İlin iyilda voenkomatın qabağına gedib könüllü kimi şəkil çəkdirərək, oktyabrda qaçıb gizlənəni” nominasiyalarının da qaliblərini seçə bilərdim, fəqət, dedim, həmrəylik günüdür, heç kəsin qanını qaraltmayım.

Samir SARI

Musavat.com