"İğtişaşların ssenari müəllifləri əsas istəklərinə nail oldular" - Qazaxıstan hadisələrinin pərdəarxası

"İğtişaşların ssenari müəllifləri əsas istəklərinə nail oldular"

"İğtişaşların ssenari müəllifləri əsas istəklərinə nail oldular" - Qazaxıstan hadisələrinin pərdəarxası

Qasım-Jomərd Tokayevin KTMT ordusunu ölkəyə dəvət etməsi sosial şəbəkə iştirakçılarını iki yerə bölüb. Qazaxıstan prezidentinin bu addımını təqdir edənlərlə yanaşı, pisləyənlər var. Son kəsimin fikrincə, əksəriyyəti rus əsgərlərindən təşkil olunan KTMT kontingentini Qazaxıstana dəvət etməklə Tokayev ölkəsinin maraqlarını satdıb.

Mövzu ilə bağlı Polemika.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, sosial şəbəkə iştirakçılarının etik normalar çərçivəsində istənilən məsələyə münasibət bildirmək imkanındadır:

“Siyasi proseslərlə bağlı dəyərləndirmələr iki fərqli düşüncənin arasında kimin haqlı olub-olmadığını elan etməklə müəyyənləşmir. Geosiyasi proseslərin təhlili məhkəmə qətnaməsi deyil ki, inzibati xətalar, yaxud cinayət məcəllələrinin bu və ya digər müddəalarını əsas götürüb, inzibati xətanı və ya cinayət əməlini qiymətləndirə biləsən. Geosiyasi proseslər çox sayda oyunçunun iştirak etdiyi mürəkkəb siyasi texnologiyaların məcmusudur və burada yalnız nəticə nəzərə çarpdıqdan sonra konkret qiymətləndirmə aparıla bilər.

İndiki şəraitdə Qazaxıstanda baş verən hadisələrə görə KTMT-nin bu ölkəyə dəvət olunması, yaxud olunmaması müstəvisindən dəyərləndirmək doğru olmazdı. Çünki Qazaxıstan prezidenti öncədən hazırlanmış və həyata keçirilmiş ssenariyə uyğun şəkildə hərəkət edib. Dəyərləndirmə də iğtişaşların baş vermə səbəblərini əsas götürərək aparılmalıdır. Yəni KTMT-nin dəvət olunması baş verənlərin “xilas” və ya “xəyanət” kontekstindən dəyərləndirilməsi üçün yetərli deyil.

Maraq doğuran məqamlardan biri təbii qazın qiymətinin əsassız qaldırılmasına görə qaz emalı zavodunun direktorunun ittiham edilməsi və saxlanılması, hökumətin istefaya göndərilməsi, etirazların qarşısının alınması istiqamətində təhlükəsizlik qüvvələrinin nümayiş etdirdiyi davranışlardır. Bütün bunlar, təbii qazın qiymətin qaldırılmasının təxribatçı qrupların hərəkətə gəlməsi, silahlanması və müdaxilə üçün bəhanə olduğu təəssüratını yaradır. Əgər xəyanət olubsa, bu daha geniş miqyasda baş verib. Həm də KTMT-nin dəvət olunmasıyla bağlı çağırışa qədər...

Tokayev Təhlükəsizlik Şurasının iclasında KTMT ilə bağlı qərarını elan edəndə, Rusiya hərbçiləri Kollektiv Təhlükəsizlik Təşkilatının hərbi kontingenti adı altında Almatıda “Sülh naminə” hərəkatını həyata keçirirdilər. Buna qədər isə oxşar əməliyyatların həyata keçirilməsi zamanı istifadə olunan bütün texnologiyalar tətbiq olunmuşdu. Heç bir lideri olmayan “başıpozuq” kütlənin işğal zamanı istifadə olunan mexazimlərdən peşəkarcasına istifadə etməsi mümkün deyil. İnzibati binaların, hava limanının, televiziya və radio yayım təsisatlarının, polis və təhlükəsizlik qüvvələrinin ofislərinin ələ keçirilməsi və bütün bu hadisələr zamanı ciddi müqavimətin olmaması xəyanətin daha genişmiqyaslı olduğu barədə təəssürat yaradır. Yəni ola bilsin ki, həm Nursultan Nazarbayevin istefası, həm də Tokayevin qərarı məcburi seçim olub.

Proses oncədən elə qurulub ki, Qazaxıstan hakimiyyətinin KTMT-ni dəvət etməkdən başqa bir seçimi olmasın. Hətta reallığın məhz belə olması da Tokayevi və onun hökumətində təmsil olunanları məsuliyyətdən azad etmir. Dövlətin təhlükəslik sisteminin baş verənlərə qarşı hazırlıqsız, yaxud xəyanətkarlarla dolu olmasının məsuliyyəti də Qazaxıstanın siyasi rəhbərliyinin üzərindədir. Xəyanəti də məhz burada axtarmaq lazımdır. Baş verənləri, o cümlədən iğtişaşları hər kəsin izləmək imkanı olub. Aksiyalar Qazaxıstan kimi bir ölkə üçün kütləvi deyildi”.

E.Mirzəbəyli dünyanın digər ölkələrində də kütləvi aksiyaların olduğunu və sabitləşdiyini bildirib:

“Dünyanın müxtəlif ölkələrində, o cümlədən Qazaxıstandan həm ərazisinə, həm də əhalisinin sayına görə dəfələrlə kiçik dövlətlərdə bundan da kütləvi aksiyalar olub və qısa bir zamanda da sabitlik bərpa edilib. Amma Qazaxıstanın siyasi rəhbərliyi və ya təhlükəsislik orqanları bunu etməyi bacarmadı, yaxud etmək istəmədi. Yaxud öncədən siyasi hakimiyyətdən belə təlimat almışdı. İndi çoxsaylı ehtimallar irəli sürülə bilər. Təəssüf doğuran məqam, Qazaxıstan kimi milli oyanışın önəmli bir mərhələsinə qədəm qoyan dövlətin müstəqilliyinə çox ağır bir zərbənin vurulmasıdır. İğtişaşların ssenari müəllifləri əsas istəklərinə nail olduqları üçün, sabitlik bərpa olunacaq. Lakin bundan sonra Qazaxıstan hansı şərtlər altında mövcudluğunu davam etdirəcək, düşünürəm ki, indi bu suala cavab tapmaq daha doğru olardı”.

Mehri QURBAN

"İğtişaşların ssenari müəllifləri əsas istəklərinə nail oldular" - Qazaxıstan hadisələrinin pərdəarxası