Hərbi qulluqçularla bağlı bu qanun dəyişdirilir - Rəsmi

Hərbi qulluqçularla bağlı bu qanun dəyişdirilir - Rəsmi

Hərbi qulluqçularla bağlı bu qanun dəyişdirilir - Rəsmi

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim olunmuş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Polemika.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Komitənin sədri Ziyafət Əsgərov bildirib ki, layihə Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci iI 18 may tarixli Fərmanının 3.1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb və hərbi qulluqçuların icbari sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.

O qeyd edib ki, layihədə dövlət icbari şəxsi sığortanın prinsipləri, sığortaolunanın, sığortaçının və sığortalının hüquq və vəzifələri, sığortaolunanların və sığortalıların uçotu və sığorta haqlarının hesablanması, sığorta haqlarının ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası, dövlət icbari şəxsi sığortanın aparılması qaydası, sığorta ödənişinin verilməsi və verilməsindən imtina halları, sığorta vəsaitlərinin formalaşma mənbələri, habelə dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə nəzarət öz əksini tapıb.

Ziyafət Əsgərov bildirib ki, hərbi qulluqçuların həyat və sağlamlığının təminatı ilə bağlı işlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət icbari şəxsi sığortası sahəsində həyata keçirilməsi müsbət hal kimi qiymətləndirilməlidir.

Çünki sığorta vəsaitlərinin müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin maliyyələşdirilməsinə yönəlməsi bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşmasına şərait yaradacaq, onların rifahının yüksəldilməsində mühüm addım olacaq.

Layihə qəbul edildiyi təqdirdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun bu sahədə idarəetmənin təkmilləşdirilməsinə və sığortaolunanların dövlət icbari şəxsi sığortasının təmin olunmasının gücləndirilməsinə xidmət edəcək.

Hərbi qulluqçularla bağlı bu qanun dəyişdirilir - Rəsmi