"Ermənistanla münasibətlərin normallaşması üçün Türkiyənin 2 şərti var" - İrfan Kaya açıqladı

"Ermənistanla münasibətlərin normallaşması üçün Türkiyənin 2 şərti var"

"Ermənistanla münasibətlərin normallaşması üçün Türkiyənin 2 şərti var" - İrfan Kaya açıqladı

“Türkiyə xalqı və Türkiyə hökuməti Ermənistanla diplomatik münasibətlərin bərpasına və sərhədlərin açılmasına tərəfdardır”.

Bu sözləri Polemika.az-a açıqlamasında Kocaeli Universitetinin professoru İrfan Kaya Ülger deyib.

O, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın “Türkiyə ilə sərhədləri açmağa hazırıq” ifadəsi ilə yanaşı, “həm Ermənistan, həm də Türkiyə cəmiyyətində bu prosesə şübhə ilə yanaşan qruplar var” açıqlamasını da şərh edib:

“Türkiyə ilə Ermənistan arasında sərhədin açılması və diplomatik əlaqələrin qurulması ilə bağlı danışıqlar davam edir. Əvvəlcə onun bu günə necə gəldiyinə nəzər salaq. 1991-ci ildə SSRİ dağılanda Türkiyə Cənubi Qafqazın bütün dövlətlərini tanıyıb və Ermənistana qarşı ayrı-seçkilik etməyib. Sonralan Türkiyə-Ermənistan münasibətlərinin korlanmasına səbəb o zamankı Ermənistan hakimiyyəti olub.

Ermənistan dövləti və o vaxtkı Rusiya hökuməti Dağlıq Qarabağ ermənilərinin silahlı üsyanına dəstək verib. Nəticədə 1990-cı illərin birinci yarısında Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan rayonları işğal olunub. Türkiyə bu zaman İrəvanla diplomatik əlaqələri kəsib və sərhədləri bağlayıb”.

Ülgerin sözlərinə görə, Türkiyənin təcavüzkar siyasət yürüdən Ermənistan hakimiyyətini təcrid etmək siyasəti 10 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına qədər davam edib:

“Məhz bu şəraitdə Ermənistan Baş naziri Nikol Paşinyan bir-birinin ardınca Türkiyə ilə iqtisadi və siyasi əlaqələrin bərpası ilə bağlı çağırışlar edib. Həm Türkiyə, həm də Ermənistan xüsusi nümayəndələrlə münasibətlərin normallaşması üçün iki dəfə danışıqlar aparıb. 

Münasibətlərin normallaşması üçün Türkiyənin 2 şərti var: Ermənistanın dövlət gerbindən Ağrı dağı rəsminin çıxarılması və 1915-ci il deportasiyasının gündəmə gətirilməməsi.

Ermənistandakı ekstremistlər və diaspor nümayəndələri isə Türkiyə ilə münasibətlərin normallaşmasına qarşıdır. Bununla belə, Paşinyan administrasiyası prosesin hər iki tərəfin xeyrinə olacağı qənaətindədir.

“Xnçak” və “Daşnak” təşkilatlarının qolları olan ifrat meylli siyasi hərəkatlar Türkiyə ilə münasibətlərin yaxınlaşması halında ideologiyalarının Ermənistanda gücünü itirəcəyini düşünür. Diaspor ermənilərinin bəziləri də bu fikri dəstəkləyir. Lakin Ermənistan hakimiyyəti və yoxsulluqdan xilas olmaq istəyən Ermənistan xalqı Türkiyə ilə siyasi və iqtisadi münasibətləri canlandırmaq istəyir”.

İrfan Kaya Ülger vurğulayıb ki, Türkiyədə bəzi qrupların bu mövzuya həssaslığı da yetərincə məlumdur:

“Türkiyənin müxtəlif xarici siyasət problemləri arasında Ermənistan ön plana çıxmır. Rəsmi Ankara və xalq bu məsələdə vahid mövqedədir. Dağlıq Qarabağın işğalı başa çatdığına görə münasibətlərin normallaşması fikri üstünlük təşkil edir. Bununla belə, İrəvanda qondarma soyqırım iddiasının gündəmə gətirilməməsi və Şərqi Anadoluya heç bir iddia irəli sürülməməsinin Türkiyənin tələbi olduğu iddia edilir.

Hər iki tərəfdə yaxınlaşmanı istəməyən marjinal qruplar var. Onların gücünü şişirtmək olmaz. Hətta Türkiyədə millətçi ideologiyası ilə gündəmə gələn siyasi partiyalar belə Ermənistana qarşı məhdudlaşdırıcı mövqe nümayiş etdirmir.

İmperiya varisi olan olaraq Türkiyədə müxtəlif əcnəbi azlıqlar yaşayır. Hazırda İstanbul və digər şəhərlərdə Türkiyə vətəndaşı olmayan 30 min erməni çalışır.

Türkiyənin Ermənistana qarşı olması ermənilərin ədalətsizliyi ilə bağlı idi. Dağlıq Qarabağ problemi böyük ölçüdə həll olunduğundan sərhədlərin açılması hər iki tərəfin xeyrinə olacaq. Ona görə də, Türkiyədə hökumət, ictimai rəy və hətta millətçi siyasi partiyalar sərhədlərin açılmasının, diplomatik əlaqələrin gücləndirilməsinin tərəfdarıdır.

Bu məsələdə gecikməyə görə Türkiyəni günahlandırma düzgün yanaşma deyil. Türkiyə və türk xalqı Cənubi Qafqazın sülh və sabitlik bölgəsi olmasını istəyir”.

Rafi MÜSLÜMOV

"Ermənistanla münasibətlərin normallaşması üçün Türkiyənin 2 şərti var" - İrfan Kaya açıqladı