Ermənistanın bir xilas yolu var - "Paşinyan dirəniş göstərib bunu edə bilsə..."

Ermənistanın bir xilas yolu var

Ermənistanın bir xilas yolu var - "Paşinyan dirəniş göstərib bunu edə bilsə..."

Ermənistan 44 günlük Vətən Müharibəsində Azərbaycan tərəfindən sarsıdıcı zərbə aldı. Düşmən ölkənin Baş naziri Nikol Paşinyan müharibəni dayandırmaq üçün Rusiya prezidenti Vladimir Putin başda olmaqla dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərlərinə minnətçi düşdü. Ermənistan məhz kapitulyasiya aktını imzalamaqla məhv olmaq təhlükəsindən xilas ola bildi. 

Maraqlıdır ki, kapitulyasiya aktını imzalayaraq Ermənistanı məhv olmaq təhlükəsindən xilas edən Nikol Paşinyan bu gün öz ölkəsində müəyyən qüvvələr tərəfindən vətən xaini elan olunub.

Bu nə ilə bağlıdır? Ermənistanda nə baş verir?

Ermənilər niyə Paşinyana vətən xaini deyir?

İkinci Qarabağ müharibəsindən minlərlə itki verən, hətta xəritədən silinmək təhlükəsi ilə üzləşən ermənilər niyə bu reallıqla barışa bilmir?

Polemika.az-ın suallarını cavablayan Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirib ki, əslində, bu məsələyə yanaşma bir az fərqli olmalıdır.

Onun fikrincə, bu ittiham, ümumi erməni ictimaiyyətinə aid olan bir ittiham deyil:

“Əks təqdirdə erməni cəmiyyəti Nikol Paşinyana növbədənkənar parlamant seçkilərində etimad göstərib yenidən hökumət başçısı seçməzdi. Buna görə də, bu məsələyə yanaşanda, sadəcə olaraq konkret siyasi hakimiyyətə iddialı olan qüvvələrin, xüsusilə də millətçi-faşist idealogiyaya söykənən revanşist “Qarabağ klanı”nı nəzərdə tutmaq lazımdır. Bunların da iddiaları bəllidir.

Onlar, bağlı olduqları mərkəzin bilavasitə geosiyasi maraqlarını ifadə edirlər və bu da, əlbəttə ki, Paşinyanı daim nəzarətdə saxlamaq imkanı yaradır. Burada söhbət Rusiyadan gedir və Paşinyanın müstəqil siyasət yürütməsinin qarşısını almaq üçün mütləq mənada bu cür ittihamlar Ermənistanda davamlı olmalıdır. Əks təqdirdə, əlbəttə ki, Paşinyan öz mövqelərini erməni ictimaiyyətində daha dərin köklərə nüfuz etdirə bilər ki, bu da, Rusiyanın orbitindən, yəni mərkəzdən qaçma imkanlarını Paşinyan hökumətinə tanıyacaq. Onsuz da Kremldə bilirlər ki, Paşinyanın, istədiklərindən biri də məhz Rusiyanın tədricən orbitindən çıxıb Qərbin inteqrasiya xəttinə üstünlük verməkdən ibarətdir və bunu Paşinyan da dolasıyısla gizlətmir. Son Brüssel görüşündə əldə olunan anlaşmalar da bunu bir daha təsdiq etdi”.

Politoloq deyib ki, Paşinyanı mütləq mənada nəzarətdə saxlamaq üçün hər zaman onun qol-qanadlarını müəyyən ittihamlarla qırırlar . İstəyirlər Paşinyan anlasın ki, bu regionda, xüsusən də Ermənistanda ən güclü təsir imkanı yalnız Rusiyaya məxsusdur:

“Çünki Ermənistanda mövcud olan siyasi müstəvidə fəaliyyət göstərən bütün siyasi güclərin böyük əksəriyyəti məhz Rusiyaya bağlı qüvvələrdir. Ermənistan ordusunu da eyni şeyi aid etmək olar. Onun üçün də Rusiyanın Ermənistandakı təsir imkanları çox böyükdür.

Ayrıca Ermənistandakı bütün strateji müəssisələrin böyük əksəriyyəti məhz Rusiya kapitalı ilə işləyir və nəzarət paketi Rusiya şirkətlərinin əlindədir. Hətta Ermənistanın dəmiryolu sistemi də, “Rusiya Dəmiryolları QSC”-nin (RJD) nəzarətindədir. Ermənistanın sərhədlərini də bu gün rus əsgərləri qoruyur. Ona görə də, Rusiyanın nəzarətindən çıxmaq, Ermənistan üçün o qədər də asan məsələ deyil.

Düşünürəm ki, bütün məsələlərin arxasında təkcə Nikol Paşinyanı ittiham edən siyasi qüvvələr və onları dəstəkləyən kiçik sayda olan elektorat deyil, bu Rusiyadan gələn bir sifarişdir və məqsəd, əlbəttə ki, Nikol Paşinyanı daha rahat idarə edə bilmək istəyidir”.

“Fikrimcə, bu davamlı olacaq, ta o vaxta qədər ki, bütün kommunikasiyalar açılacaq və Ermənistanda iqtisadi sistem işləməyə başlayacaq və getdikcə iqtisadiyyatda dirçəliş özünü göstərəcək, ən nəhayət isə sərhədlərin müəyyənləşməsi ilə təhlükəsizlik təmin olunacaq və sonda sülh sazişi imzalanacaq. Bu vaxta qədər bu ittihamlar davam edəcək.

Əgər Paşinyan həqiqətən də dirəniş göstərib bütün bunları edə biləcəksə, bütün regional ölkələrlə, xüsusilə də Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlər qurub bütün kommunikasiyaları açmaqla ticarət, iqtisadi əməkdaşlıq fonunda fəaliyyəti davam etdirəcəksə, əlbəttə ki, artıq bu ittihamların da heç bir əsası olmadığı kimi, fikrimcə, qarşıdurma da səngiyəcək. Ancaq o zamana kimi, əlbəttə ki, bütün bu ittihamlar davam edəcək ki, bu ittihamlar da, əsasən, proseslərdə tormozlayıcı xarakter daşıyır”, - deyə N.Miri fikrini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Ermənistanın bir xilas yolu var - "Paşinyan dirəniş göstərib bunu edə bilsə..."