“Ermənistana daxildən və kənardan təzyiqlər olmasa...”

“Ermənistana daxildən və kənardan təzyiqlər olmasa...”

“Ermənistana daxildən və kənardan təzyiqlər olmasa...”

Ermənistan ötən müharibədən nəticə çıxarmalı və sülh və əməkdaşlıq üçün bu fürsətdən etməlidir.

Bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu TRT dövlət telekanalına geniş müsahibəsində deyib. O bu müsahibəsində habelə Ankara ilə Yerevan arasında münasibətlərin normallaşdırılması prosesindən danışıb.

Çavuşoğlu bildirib ki, bu prosesdən Azərbaycanın da narazılığı yoxdur, əksinə Bakı bu istiqamətdə Ankaranın addımlarını dəstəkləyir: “Biz Azərbaycanla məsləhətləşmədən bir addım da atmadıq və atmarıq. Azərbaycan da istəyir ki, bizim Ermənistanla birbaşa əlaqəmiz olsun, çünki bəzi məsələlər birbaşa dialoq tələb edir. Cənubi Qafqazda problem Azərbaycanın Qarabağdakı qələbəsi ilə başa çatıb. Bundan sonra sülh və əməkdaşlıq lazımdır”.

Türkiyə xarici işlər naziri bildirib ki, regionun inkişafı üçün istisnasız olaraq bütün ölkələr birgə çalışmalıdırlar: “Regionda mühüm layihələri həyata keçirərkən biz regionun inkişafına çalışmalıyıq. Bunun üçün zəruridir ki, bütün ölkələr eyni yanaşma tətbiq etsinlər. Bu prosesə hamı cəlb olunmalıdır, Ermənistan da daxil heç bir ölkə kənarda qalmamalıdır. Qarabağdakı qələbədə həm dərs, həm də fürsət var”.

Mevlüt Çavuşoğlu deyib ki, İkinci Qarabağ Müharibəsindən dərhal sonra Türkiyə Ermənistana pozitiv mesajlar göndərib. Bundan sonra isə iki ölkənin liderləri qarşılıqlı pozitiv mesajlar səsləndiriblər və bunun ardınca münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin olunub:

“Xüsusi nümayəndələr Moskvada görüşüblər, indi isə, fevralın 24-də Vyanada görüşəcəklər. Mən istəyirdim ki, onlar birinci görüşdən sonra Türkiyədə və Ermənistanda görüşsünlər, qarşılıqlı səfər etsinlər. Amma erməni tərəfi bu dəfə də belə istədi. Problem yoxdur. Bu o qədər də vacib deyil”.

Çavuşoğlu bir daha vurğulayıb ki, Azərbaycan da Ermənistanla möhkəm sülh istəyir. Buna görə də onların arasında sülh müqaviləsinin imzalanması lazımdır:

“Bundan hamı qazanar. Avtomobil və dəmir yolları layihələrinin, o cümlədən “Zəngəzur dəhlizinin” reallaşdırılması bu regionu tranzit mərkəzi edər və bundan hamı qazana bilərdi. Ermənistan münaqişə və işğaldan indiyədək nə qazanmışdı? O özünü təcrid etmişdi, iqtisadiyyatı pis vəziyyətdə idi. İndi isə imkan yaranıb və bunu qiymətləndirmək lazımdır”.

Çavuşoğlu əmin olduğunu bildirib ki, əgər daxildən və kənardan təzyiqlər olmasa, Ermənistan hakimiyyəti regionun inkişafına dəstək verə bilər. Türkiyə xarici işlər naziri bildirib ki, bu məsələdə ABŞ və Fransadakı erməni diasporasının mövqeyi çox mühümdür. Onun sözlərinə görə, erməni diasporaları sözü gedən əməkdaşlıq prosesini dəstəkləmirlər.

Çavuşoğlu deyib ki, o bu məsələni ABŞ dövlət katibi Entoni Blinkenlə də müzakirə edib. Çavuşoğlu ümid etdiyini bildirib ki, dövlət katibi münasibətlərin normallaşdırılması prosesini dəstəkləməsi üçün erməni icmasına çağırış edəcək:

“Əlbəttə, biz sadəlövh deyilik və mövcud çətinlikləri bilirik. Amma biz cəsarətli addımlar atmalıyıq və biz bu addımları hər mərhələdə Azərbaycanla müzakirə edəcəyik”.

 

“Ermənistana daxildən və kənardan təzyiqlər olmasa...”