"Ermənilər inanır ki, Azərbaycana hücum edib Bakını ala bilərlər" - İsrailli ekspert

"Ermənilər inanır ki, Azərbaycana hücum edib Bakını ala bilərlər"

"Ermənilər inanır ki, Azərbaycana hücum edib Bakını ala bilərlər" - İsrailli ekspert

İsrailli məşhur politoloq, beynəlxalq hüquq sahəsində ekspert Mixail Finkelin Polemika.az-a müsahibəsi: 

- İkinci Qarabağ müharibəsindəki qələbəmizin bir ilinin tamamlanmasına sayılı günlər qalıb. Üçtərəfli razılaşmaya görə, sərhədlərin demarkasiya və delimitasiyası baş tutmalıydı, lakin hələ də bu proses həyata keçirilməyib. Sizcə, Ermənistan prosesi uzatmaqla nəyə nail olmağa çalışır?

- Bəli, tamamilə doğrudur. Tezliklə dünyadakı azərbaycanlılar Ermənistan üzərindəki qələbənin, qədim torpaqlarının düşmən tapdağından azad edilməsinin, 30 illik işğalın sona çatmasının ildönümünü qeyd edəcəklər. Həmçinin o da doğrudur ki, sərhədlər müəyyənləşməyib, ortada sülh müqaviləsi, demarkasiya, ümumiyyətlə, heç nə yoxdur. Düşünürəm ki, Ermənistan tam əhatəli sülh müqaviləsi imzalamaq istəməyəcək. Heç vaxt Qarabağı Azərbaycanın bir parçası kimi qəbul etməyəcək və yenə öz oyununu oynayacaq. Bu gün ultra millətçi erməni cəmiyyətində sadəcə revanşizm və nəzarəti öz əllərinə alabilmə xülyaları barədə danışırlar. Ordakı mövcud durumu dəyişəcək hər hansısa bir şeyin baş verəcəyini düşünmürəm. Onlar yalnız nəzarəti bərpa etmək arzusundadırlar.  

- Azərbaycan tərəfi dəfələrlə sülh müqaviləsi imzalamağa hazır olduğunu vurğulayıb. Ermənistan isə bu məsələdə tərəddüdlüdür. Noyabrda Moskvada tərəflərin görüşü olacaq. Bu görüşdə sülh müqaviləsinin imzalana biləcəyini güman edirsinizmi? 

- Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə erməni tərəfinə sülh müqaviləsi təklif edib. Bu, doğrudan da, onlar üçün faydalı olardı, iş imkanı yaradar, sadə ermənilərin güzəranını yaxşılaşdırardı. Amma Ermənistan bunu istəmir. Onlar müharibə və azad edilən əraziləri təzədən ələ keçirmək istəyirlər. Onlar hələ də inanmağa davam edirlər ki, Azərbaycana hücum edib Bakıya girməyə nail olacaqlar. Mən qətiyyən sülh müqaviləsi gözləmirəm. Bunu gözləmək sadəcə vaxt itkisidir.  Ermənistanın baş naziri Nikol Paşinyan öz həyati üçün təhlükə duyduğuna görə bu tip sülh sazişi imzalamaqdan qorxur. Əgər o  bunu etsə, başına nələr gələcəyini heç kim bilmir. Onun opponentləri də buna qarşıdır, ona görə də yaxın gələcəkdə sülhün olacağına inanmıram.

- Təxminən dörd ay əvvəlki müsahibənizdə ermənilərin minalanmış ərazilərin xəritəsini verməyəcəyini vurğulamısınız. Məlumdur ki, bu günədək Ermənistanın Azərbaycana verdiyi minalanmış ərazilərin xəritəsi özünü sadəcə 20 faiz doğruldub. Necə düşünürsünüz, onlar bilərəkdən yanlış xəritələri verirlər? Bu problemin həll yolu nədir?

- Bəli, mən bir neçə ay əvvəl qeyd etdim ki, ermənilər minalanmış ərazilərin xəritəsini Azərbaycana verməyəcəklər. Onlar ötən müddətdə çox az ərazinin xəritəsini verdilər və xəritələrin əksəriyyəti dəqiq deyil, real vəziyyəti əks etdirmir. Mütəxəssislərin təxmininə görə, bu gün Qarabağda ermənilər tərəfindən basdırılmış bir milyondan çox mina var və bu minaların növləri müxtəlifdir. Onlar Rusiya və sovet istehsalı olan tank əleyhinə, piyadalar üçün nəzərdə tutulan və s. növ minalardır. Problemin həlli texnologiyadadır. Həll unikal və nadir olan İsrail texnologiyasıdır. Biz Azərbaycanla sıx əməkdaşlıq edirik. Bizim nadir texnologiyamız Azərbaycana, onun əsgər və zabitləri partlayış təhlükəsi altında qalmadan, bütün minalardan qurtulmağa kömək edəcək. Azərbaycanın Ermənistan tərəfinin xəritə köməyinə ehtiyacı yoxdur və olmayacaq. 

- Türkiyə Prezidenti R.T.Ərdoğan İstanbulda keçirilən Media Formundakı çıxışında diqqətə çatdırdı ki, ötən il erməni ordusunun silahlarla dinc əhaliyə atəş açması dünya mediasında gündəmə gətirilmədi. Dünya mediasının belə tərəfli mövqe nümayiş etdirməsinin arxasında nə dayanır?

- Çoxluq dünya mediasında Ermənistana qarşı pozitiv yönlü bir ayrı-seçkilik olduğunu deyir. Əslində, bu ən sadə ayrı-seçkilikdir: Xristianlar xristiana dəstək olur. Avropa və Amerika mediası xristiandır. Jurnalistlərin çoxu dünyəvi baxış bucağına sahib olsalar da, xristian mədəniyyəti və dini onların bir parçasıdır. Əlbəttə, buna görə də onlar ermənilərə daha çox rəğbət bəsləyirlər. Onu da qeyd etməliyəm ki, ermənilər öz PR-ları və Azərbaycana qarşı neqativ PR üçün külli miqdarda sərmayə qoyurlar. Onlar Azərbaycanı fanatik, terrorçu İslam ölkəsi kimi təqdim edirlər. Təəssüf ki, hazırda Azərbaycan bu arenada uduzur. Fikrimcə, Azərbaycan mediada ümumi mübarizəni yaxşılaşdırmaq, həqiqəti dünyaya çatdırmaq üçün ən yaxşıları işə cəlb etməlidir. Dünyadakı insanlar bilməlidirlər ki, burada kim yalançı, kim həqiqəti söyləyəndir. 

Sayad HƏSƏNLİ 

"Ermənilər inanır ki, Azərbaycana hücum edib Bakını ala bilərlər" - İsrailli ekspert