Ermənilər birdən-birə niyə "ürəklənib"? - "Rusiya imkan vermədi ki..."

Ermənilər birdən-birə niyə "ürəklənib"?

Ermənilər birdən-birə niyə "ürəklənib"? - "Rusiya imkan vermədi ki..."

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 24-də “Facebook”da keçirdiyi mətbuat konfransında yekəxana davranışları ilə diqqət çəkib. Təxminən, bir il əvvəl bunkerdə naməlum şəraitdə kapitulyasiya aktına imza atan Paşinyan, bu dəfə təhdid xarakterli mövqeyi ilə “fərqləndi”.

Ötən gün isə separatçı rejimin “xarici işlər naziri” David Babayan analoji mövqedən çıxış edib. O, “Artsax”ın heç bir zaman Azərbaycanın tərkibində olmayacağını da bildirib. Erməni “nazir”, hətta bir qədər də irəli gedərək Şuşanın bir gün onların olacağını da söyləyib.

Onu da qeyd edək ki, ermənilər Avropa və Amerikalı rəsmilərlə görüşəndə saxta göz yaşları axıdır, amma bizə xitab edəndə səslərini qaldırıb, təhdidlə danışırlar.

Ermənilər birdən-birdə niyə belə “ürəklənib”?

Nə baş verdi ki, Ermənistan belə “təhdid”lə danışmağa başladı?

Bəlkə, bu daxili auditoriyaya hesablanmış bir faktordur?

Polemika.az-la fikirlərini bölüşən “Azərbaycan Politoloqlar Klubu”nun rəhbəri, politoloq Nadir Şəfiyev bildirib ki, dövlət başçıları çıxış edərkən həm xarici, həm də daxili auditoriyanı fikirləşirlər:

“Xarici auditoriya üçün ermənilər həmişə başıbəlalı, türklərin “təhdidi” altında yaşayan bir xalq, dövlət kimi özlərini təqdim edirlər. Amma daxildə özlərini daha güclü və daha qəhrəman göstərirlər.

Təsadüfi deyil ki, 44 günlük müharibə haqqında danışanda qabaq deyirdilər ki, Azərbaycan Türkiyənin dəstəyi ilə, sonra isə Azərbaycan, Türkiyə və Pakistan, indi də, artıq deyirlər ki, Azərbaycan-Türkiyə-Pakistan-İsrail Birlikləri bizi Qarabağdan qovdu. Yəni bu millət özünü qaldırmaq üçün bundan da istifadə edir ki, guya bunlar döyüşkən xalqdır, sadəcə olaraq bunlar 4 dövlətə qarşı döyüşdüklərinə görə, əraziləri itiriblər”.

Politoloq iddia edib ki, ötən il saziş imzalananda, açığını desək, Rusiya imkan vermədi ki, Azərbaycan öz haqq işini axıra çatdırsın:

“Onlar imkan vermədiyinə görə də, hansı ki, o vaxtı bəzi təhlilçələr də bunu deyirdilər, o cümlədən mən də deyirdim ki, Rusiya erməniləri qaldırmaq və onları möhkəmləndirmək üçün əlindən gələni edəcək və bu fakt da baş verir.

Biz Qarabağda gedən prosesləri görürük. Hətta körpə uşaqlar üçün hərbi hazırlığın keçirilməsi, oradakı mədəni incilərimizə edilən müdaxilə və öz mədəniyyətlərini sırıması, Arayik Arutyunyanın bizdə axtarışda ola-ola orada qondarma “respublikanın” “rəhbəri” kimi fəaliyyət göstərməsi onu göstərir ki, xarici qüvvələr ermənilərin dirçəlməsində maraqlıdır”.

N. Şəfiyev əlavə edib:

“Fransada bu yaxında səfərdə olan qondarma rejimin nümayəndə heyətinin, ən yüksək səviyyədə, Senatın rəhbərliyi səviyyəsində qəbul olunmasını yadınıza salın. Yəni dünyada bizə qarşı işləyən qüvvələr kifayət qədərdir. Erməni diasporası tarixən güclü olub və biz günü görmüşük.

Biz bununla daimi mübarizə aparmışıq, amma demişəm və bir daha təkrar edirəm ki, ötənilki müharibədən bizdə müəyyən arxayınlıq var. Bizim məxsusi olaraq, xaricdə yaşayan soydaşlarımızda, xarici siyasətimizlə bağlı müəyyən arxayınlıq var ki, biz qalibik, biz deyirik ki, qurtardı, deməli, qurtardı və heç kim də buna müdaxilə edə bilməz”.

Mütəxəssis hesab edir ki, bu bir qədər təhlükəli tendensiyadır və ermənilər bundan istifadə edirlər:

“Ermənilər xaricdə bütün sahələrdə və səviyyələrdə danışıqlar aparıb, özlərini gücləndirməyə çalışırlar. Qafqazda olan maraqlar da belə bir şərait yaradır ki, xaricdə olan qüvvələr, o cümlədən Fransa, ABŞ, fərqli olaraq Rusiyanın özü buradan əl çəkməyib. Bu dəqiqə Qafqaz uğrunda kifayət qədər sərt mübarizə gedir, bu üzdə görünməsə də, reallıqda olan bu cür bəyanatlarda, ermənilərin silahlandırılmasında və onların qorunmasında özünü büruzə verir.

Düşünürəm ki, bizi, hələ qabaqda kifayət qədər sərt və ağır döyüşlər gözləyir ki, biz ona hazır olmalıyıq. Söhbət, yalnız hərbi döyüşlərdən getmir, mən bunu nəzərdə tutmuram. Bəlkə də, bunu birtəhər aradan qaldırmaq olar, amma diplomatik sahədə ermənilərlə bizim çox ağır döyüşlərimiz olacaq”.

Siyasi şərhçi Paşinyanın açıqlamalarını şərh edərkən edib:

“Qaldı ki, Paşinyanın bu bəyanatı, hesab edirəm ki, busəfərki bəyanat, sırf olaraq daxili auditoriyaya hesablanıb. Bilirsiniz ki, Ermənistanda Koçaryan və Sarkisyan tərəfdarları kifayət qədər geniş aksiya keçirirlər ki, Paşinyanı devirsinlər. Paşinyan tərəfdarları hesab edirlər ki, bu aksiyalar Moskvadan dəstəklənir. Ona görə də, Paşinyan Moskva ilə də dil tapıb, bir təhər Koçaryan-Sarkisyan tandemini neytrallaşdırmaq və onun tərəfdarlarını da öz tərəfinə çəkmək istəyir.

Erməni xislətində həmişə “biz böyükük, biz güclüyük, biz döyüşkən xalqıq, sadəcə olaraq, bizə dayaq duran yoxdur, az qala dünyanın hamısı bizə qarşı döyüşür, ona görə də, biz bu vəziyyətdəyik” düşüncəsi hakimdir. Paşinyan bunun qarşısını almaq üçün belə bəyanatlar verir ki, öz hakimiyyətini möhkəmlətsin. Separatçıların tör-töküntülərinin də belə “qızışmasına” səbəb isə məncə Rusiyadır”.

Rafi MÜSLÜMOV 

Ermənilər birdən-birə niyə "ürəklənib"? - "Rusiya imkan vermədi ki..."