Erməni taciri türk malı gətirdi – Haradan nə necə gətirdi?

Erməni taciri türk malı gətirdi

Erməni taciri türk malı gətirdi – Haradan nə necə gətirdi?

Türkiyə 30 ildir birtərəfli qaydada sərhəd qapılarını Ermənistanın üzünə bağlayıb. Bununla belə, sərhəddə dəyişməyən mənzərə erməni tacirlərin həvəsini soyutmayıb. Onlar türk malına aparan ünvana dolayı yollar və “lağımlar”ı hər zaman tapa biliblər.

Ermənistan hökuməti 2021-ci il dekabrın 30-da Türkiyə mənşəli malların idxalına qoyulan qadağanı ləğv edib, doğrudur, bu hələ də sərhəd qapılarının açılması mənası vermir. Amma özlüyündə siyasi-diplomatik əlaqələrin qurulmasına, münasibətlərin normallaşdırılmasına doğru ilk addımlardan biri sayılır.

44 günlük müharibə zamanı Nikol Paşinyan hökuməti Türkiyə mənşəli malların Ermənistana idxalını qadağan edib. Daha sonra qadağa müddəti ardıcıl 6 ay, yəni bütün 2021-ci il boyu uzadılıb.

Bəs, 2022-ci il yanvarın 1-dən etibarən qüvvədən düşən yasaqdan əvvəl Türkiyə və Ermənistan arasında iqtisadi-ticari əlaqələr hansı səviyyədə olub?

1991-1998: Türkiyədən Ermənistana ixrac 46 milyon dollar, Ermənistandan Türkiyəyə ixrac 16 milyon dollar təşkil edib.

1998-2008: Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi 618 milyon dollara çatıb; bunun 600 milyon dolları Türkiyə mallarının Ermənistana və 18 milyon dolları Ermənistandan Türkiyəyə ixrac olub.

2008-2014-cü illər: Türkiyədən ixrac 1,5 milyard dollar, Türkiyəyə ixrac 9 milyon dollar təşkil edib...

Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına görə, SSRİ-nin dağılmasından və müstəqil ixrac-idxal siyasətinin başlanmasından 20 ildən artıq müddətdə Ermənistan Türkiyədən ümumən 2,2 milyard dollarlıq mal idxal edib. Bu azdır, ya çox, fərq etmir, əsasa məsələ başqadır: iki ölkə arasında diplomatik əlaqənin yoxluğu halında, iqtisadi-ticarət fəaliyyət necə baş verir?

İzah sadədir: erməni istehsalı olan mallar Türkiyəyə tənzimləmə və icazə tələb olunmayan şəxsi baqajda aparılır. Sərhəd qapıları bağlı olduğundan türk məhsulları da Ermənistana qonşu Gürcüstan vasitəsilə çatdırılır.

Digər məsələ: Son müharibə zamanı türk mallarına qoyulan qadağa Ermənistan bazarında boşluq yaradıbmı? Bu boşluğun həcmi çox böyükdürmü?

Ötən ilin noyabrında Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bəyan edib ki, Türkiyə mallarına qadağa daxili bazarda illik 200 milyon dollarlıq boşluq açıb.

Nazirin sözlərinə görə, Türkiyədən idxal olunan əsas mallar bunlardır: geyim – 69,4 milyon dollar, sitrus meyvələri – 10,3 milyon dollar, avtomobillər, avadanlıq və mexanizmlər (elektrik qızdırıcılar, soyuducular və s.) – 35,2 milyon dollar, neft və neft məhsulları – 24,3 milyon dollar, kimya və əlaqəli sənaye məhsulları – 23,6 milyon dollar, adi metallar və onlardan hazırlanmış məmulatlar – 21,6 milyon dollar.

Boşluq öz yerində, türk malına tələbat olsa da, ixrac-idxalda Ermənistanın əsas ticarət ortağı Rusiyadır. Hələ 2021-ci ilin birinci yarısında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 16% artaraq 1,9 milyard dollar təşkil edib. Bu statistikanı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan açıqlayıb və qısası, TOP-10-da şimal qonşusu ilə rəqabət aparacaq ikinci dövlət yoxdur.

Ermənistan Respublikasının Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Ermənistandan ixrac edilən malların həcmi 2 milyard 544 milyon dollar təşkil edib. Həmin il Ermənistana 4 milyard 559 milyon dollar dəyərində mal idxal olunub. 2020-ci ildə Ermənistandan ixracda liderlər Rusiya – ümumi ixracın 26,6%-i, İsveçrə – 18,4%-i, Çin – 11,4%-i, İraq – 6,4%-i və Bolqarıstan – 5,9%-i olub. Bu beş ölkə ümumi ixracın 68,7%-ni təşkil edib. İkinci beşliyə Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, İran, ABŞ və Gürcüstan daxildir.

Rusiya həmişə Ermənistan üçün ixrac bazarı olub. Erməni tacirlər Rusiya Federasiyasına təkcə ərzaq məhsulları deyil, həm də məişət malları, geyim, spirtli içkilər (əsasən konyak), mineral su və s. göndərib. Ümumən 2020-ci ildə Ermənistandan Rusiyaya 676 milyon dollar dəyərində mal ixrac edib.

Ötən 365 gündə Ermənistan ən çox Rusiyadan (idxalın payı 32,4%, yaxud 1 milyard 479 milyon dollar), Çindən (14,8%, yaxud 674 milyon dollar), İrandan (6,9%, 315 milyon dollar), Almaniyadan (5,2%) və İtaliyadan (4,2%) idxal edib. Ümumilikdə idxalın 63,5%-i bu beşliyin payına düşür.

Türkiyənin Ermənistan bazarına qayıdışı nə vəd edir?

Ankara Ermənistan bazarında əvvəlki payını asanlıqla bərpa edəcək, buna şübhə yoxdur. Fəqət rəsmi İrəvanın Türkiyə təklif edəcəyi malların siyahısı elə də çox deyil. Həm də təkcə Türkiyəyə deyil.

Sirr deyil ki, İkinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra Ermənistanın ixrac malları siyahısı qısırlaşıb. Çünki illər boyu qonşu dövlətin ixrac məhsullarının bir qismi Qarabağ ərazisində faydalı qazıntıların qanunsuz mənimsənilməsindən ibarət olub.

Türk ticarət biznesinin Ermənistanda digər rəqiblərini sıxışdıra bilib-bilməməsinə gəlincə, Ankara bu sahədə də ilk növbədə, Rusiya ilə kəllə-kəlləyə gəlməli olacaq.

Əziz Rzazadə,

Polemika.az

Erməni taciri türk malı gətirdi – Haradan nə necə gətirdi?