Deputatlar BMT rəsmiləri ilə görüşdü

Deputatlar BMT rəsmiləri ilə görüşdü

Deputatlar BMT rəsmiləri ilə görüşdü

Martın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsini sədri Sadiq Qurbanov, komitənin üzvləri Fatma Yıldırım, İltizam Yusifov və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələlər komitəsinin sədr müavini Sevinc Fətəliyeva BMT-nin Ətraf Mühit Proqramının Avropa ofisinin direktoru Bruno Pozzinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Polemika.az-a verilən xəbərə görə, qonaqları salamlayan Sadiq Qurbanov Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə nəticəsində erməni işğalından azad etdiyi torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. O, deyib ki, azad olunmuş ərazilərdə aparılan monitorinqlər göstərib ki, yaşayış məntəqələrində ki, bütün evlər, tarixi abidələr dağıdılıb, ağaclar kəsilib, yandırılıb. Bu zonada yetişən nadir bitkilər, meşə landşaftı məhv edilib. Bu isə ekoloji duruma mənfi təsir göstərib. Deputat ekoloji terrora məruz qalmış torpaqlarda flora və faunanın bərpasından danışıb.

Sadiq Qurbanov azad olunmuş torpaqlarda “ağıllı kənd”, “ağıllı şəhər” layihələri çərçivəsində həyata keçirilən işlərdən söz açıb, Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonasının” yaradılması ilə bağlı görüləcək tədbirlərdən bəhs edib. Bununla bağlı ölkə Prezidenti tərəfindən müvafiq sərəncamlarının imzalandığını diqqətə çatdırıb. Bu ərazilərdə infrastrukturun yaradılması, yeni yolların salınması, elektrik enerjisi ilə təminat, yeni hava limanlarının tikilməsi və digər işlər barədə məlumat verib.

BMT-nin Ətraf Mühit Proqramının Avropa ofisinin direktoru Bruno Pozzi səmimi qəbula görə minnətdarlığını bildirib. O, işğaldan azad edilmiş ərazilərdə ötən müddətdə böyük bərpa və quruculuq işlərinin aparıldığını qeyd edib. Bildirib ki, onların proqramı, ətraf mühit və təbii ehtiyatlarla bağlı bütün istiqamətlərdə fəaliyyəti ehtiva edir. Qonaq fəaliyyət göstərdikləri istiqamətlər üzrə Azərbaycanla birgə işləməkdə maraqlı olduqlarını bildirib.

Bruno Pozzi Qarabağa səfəri zamanı şahidi olduğu dağıntılar barədə danışıb, həyata keçirilən quruculuq işlərini təqdir edib. O, kənd təsərrüfatı sahəsi, tullantıların təkrar emalı, su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı öz fikirlərini açıqlayıb.

Görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələlər komitəsinin sədr müavini Sevinc Fətəliyeva, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri Fatma Yıldırım və İltizam Yusifov Ermənistan tərəfindən təbiətə qarşı törədilən ekoloji ağır cinayətlərdən bəhs ediblər. Təbii resursların intensiv istismarının qarşısının alınması, su ehtiyatlarından səmərəli istifadə və digər məsələlər barədə fikirlərini bölüşüblər.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə danışılıb.

Deputatlar BMT rəsmiləri ilə görüşdü