Deputatın Qarabağda qumarxana açmaq təklifi

Deputatın Qarabağda qumarxana açmaq təklifi

Deputatın Qarabağda qumarxana açmaq təklifi

"Milli mentalitet baxımından Qarabağda kazinoların açılması yolverilməzdir”.

“Polemika.az” xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Turizm Assosiasiyasının əməkdaşı Müzəffər Ağakərimov Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin turist cəlbi üçün Qarabağ, Zəngəzur və Nargin adasında kazinoların açılması təklifinə münasibət bildirərkən deyib:

"Qarabağda və Zəngəzurda kazinoların açılmasını dəstəkləmirəm. Amma Nargin adasında bu istiqamətdə addım atmaq olar. Bu məsələni müzakirə etməmişdən qabaq kazinoların yaranma tarixini diqqətlə izləmək lazımdır. Bu zaman görərik ki, dünyada Çində ayrıca bir ərazidə, Monte Karlo və ABŞ-ın Las Veqas şəhərində güclü kazino əraziləri var. Kazinolar üçün adətən ayrıca məkanlar ayrılır. Ora insanlar yaşayan yerlərdən xeyli uzaq olur. Kazinoda oynamaq istəyənlər dünyanın hər yerindən gələrək məhz bu yerlərə gedir və burada pullarını xərcləyirlər. Bəzən onlara otellərdə pulsuz yer də verirlər”.  

Ekspert bildirir ki, Azərbaycan mentaliteti, tarix və mədəniyyətini nəzərə alsaq, hər düşən yerdə kazino açmaq yolverilməzdir:

"Bir ara Bakının mərkəzində kazino açılmışdı, sonra ləğv edildi. Bir sözlə, Nargin adası və digər ayrıca təcrid olunmuş yerlərdə kazinolar açıla bilər. Las-Veqas vaxtilə ölü yer olub. Amma kazinoların açılması ilə həmin yer inkişaf etdi. Bu mənada qumarxana açılarkən yerin seçilməsi böyük əhəmiyyət kəsb edir. Qarabağda isə belə yerlərin açılması yolverilməzdir. Burada məktəblər, universitet filialları yaradılmalıdır. Həmçinin qış turizmi, sağlamlıq turizmini inkişaf etdirmək olar”.

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında əyləncə turizminin inkişafı və turist cəlbi üçün Qarabağ, Zəngəzur və Nargin adasında kazinoların açılmasına icazə verilməsini təklif edib.

 

Deputatın Qarabağda qumarxana açmaq təklifi