Deputat qalmaqala səbəb olan təklifi haqda: “Adamdan soruşarlar ki, nə vaxtdan Ermənistanın müdafiəçisi olmusan?”

Deputat qalmaqala səbəb olan təklifi haqda: “Adamdan soruşarlar ki, nə vaxtdan Ermənistanın müdafiəçisi olmusan?”

Deputat qalmaqala səbəb olan təklifi haqda: “Adamdan soruşarlar ki, nə vaxtdan Ermənistanın müdafiəçisi olmusan?”

Polemika.az Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Ermənistanla ərazi mübadiləsi edilməsi, yəni Xankəndi ilə Meğrinin dəyişdirilməsi barədə təklifiniz birmənalı qarşılanmadı, bu haqda əlavə nəsə demək istəyirsinizmi?

- Siyasətlə məşğul olan hər kəs siyasətçi sayılmaz, necə ki, junalistika ilə məşğul olan hər kəs junalist sayılmır, yaxud hər futbol oynayana da futbolçu demirlər. Ona görə hər kəsin mənim dediklərimi anlaya bilməməsi başa düşüləndi, çünki insanların dərk etmə imkanları da eyni deyil. Məsələn, bir "tamada" mənim dediklərimə istehza edir və deyir ki, bu Ermənistanın sonu olar. Adamdan soruşarlar ki, nə vaxtdan Ermənistanın müdafiəçisi olmusan? İsa Qəmbər də tamaşaçılarla qeyri - səmimi davranaraq deyir ki, mənə qulaq asmayıb, amma dediklərimi müzakirə edir. Əvvəla "Dağlıq Qarabağ" söz birləşməsini siyasi leksikonumuzdan çıxardığımız üçün Xankəndi dedim. Bundan başqa, siyasətdə bəzən siyasi mərkəzlərin adı çəkilir, məsələn, deyirlər ki, Bakının, yaxud Moskvanın bu məsələdə  mövqeyi bu cürdür və s. Qarabağda ermənilərin yaşadığı ərazinin mərkəzi də Xankəndidir. Qərbi Zəngəzur torpaqları isə dünya tərəfindən Ermənistanın ərazisi kimi tanınır və Ermənistan vətəndaşları həmin ərazidə məskunlaşıb yaşayır. Həmin ərazidə Meğri şəhəri də ən iri üç yaşayış məntəqəsindən biridir.

Referendium yolu ilə ərazi mübadiləsi etməklə sərhədlərin dəyişdirilməsinə Konstitusiyamızın 11-ci maddəsi icazə verir. İsa Qəmbər onu istədiyi kimi danışmağa məcbur edən "tamada"ya deyir ki, biz torpaqlarımızın bir hissəsini digər tarixi torpağımıza dəyişə bilmərik. Bu sözü Tural Abbaslının müavini desəydi başa düşmək olardı. Tarixçi olasan, bir neçə gün olsa da dövlət başçısı funksiyalarını yerinə yetirəsən və anlamayasan ki, Ermənistanın bütün ərazisi Azrbaycan torpaqları olub və hazırda həmin ərazidə dünyanın tanıdığı Ermənistan dövləti qurulub, doğrudan da üzücüdür. Gənclər və xalq hərəkatının hələ də Müsavatda ilişib qalmış üzvləri başa düşməlidirlər ki, niyə bir il ərzində AXC hakimiyyəti süquta uğradı. Xankəndidə və ətrafında onsuz da Azərbaycanın vətəndaşlığını qəbul etməyən separatçı ermənilər yaşayır və ruslar da onları qoruyur. Mən vətəndaşlarımızın yaşadığı ərazini dəyişməyi təklif etməmişəm, nə qədər ərazi verəcəyiksə Meğri qarışıq o qədər də ərazini Ermənistandan almağı təklif etmişəm. Bu təklifi verəndə söylədim ki, nə Ermənistan, nə də regionun böyük dövlətləri parçalanmış Azərbaycanın və Türk dünyasının bütövləşməsinə razı olmaz. Birinci Qarabağ savaşı zamanı ermənilər İranla sərhəddi həyat yolu adlandırmışdılar. Təklifi isə ona görə səsləndirmişdim ki, ermənilər və Rusiya prezidenti sərhədlərin delimitasiyası zamanı ərazi mübadiləsinin zəruriliyi barədə danışmağa başlayıblar. Mən də qeyd etdiyim ərazi mübadiləsini gündəmə gətirməyin vacibliyini  təklif etdim.

- Qüdrət bəy, bəlli düşərgə dayanmadan Rusiya əsgərlərinin Azərbaycana gəlməsinə icazə verilməsinin tarixi səhv olduğunu bəyan edir. Bu məsələdə mövqeyiniz bəllidir, amma yeni nəsə demək fikriniz varmı?

- Qoy onlar xalqımızdan soruşsunlar ki, 27 sentyabr 2020 -ci ilə qədərki vəziyyət yaxşıydı, yoxsa indiki? İkincisi, tamamilə yalan söyləyirlər, deyəndə ki, biz rus əsgərlərini çıxarmışdıq İlham Əliyev qaytardı. 2002-ci ildə Rusiyanın Qəbələ RLS-dən 10 il ərzində istifadə etməsinə dair saziş imzalandı, o vaxta qədər Rusiya Azərbaycanın mülkiyyəti olan həmin obyektdən pulsuz və müqaviləsiz istifadə edirdi. 2012-ci ildə sazişin müddəti bitdikdə İlham Əliyev rus əsgərlərini Azərbaycandan çıxardı. Qarabağa da rus əsgərləri sülhməramlı kimi beş il müddətinə gəlib və razılaşmaya görə tərəflərdən heç biri etiraz etməzsə müddət beş il də uzadıla bilər. Amma bu gün biz Qarabağda torpaqlarımızı əkib- becərir, yaşayış məskənləri salırıq. Bu adamlar işğala son qoyulana qədər söyləyirdilər ki,"Rusiya Qarabağı azad etməyə imkan vermir", amma biz, hazırda torpaqlarımızın 16 %-ni  işğaldan azad edib həmin ərazidə dövlət suverenliyini bərpa etməyi bacarmışıq. 4% ərazimizdə isə beynəlxalq birliyin üstümüzə gəlməməsi üçün, bunu güc tətbiq etmədən dinc yolla edəcəyimizi qərarlaşdırmışıq. Əgər torpaqlarımızı işğaldan azad edə bilmirikdiksə bizim üçün onun kimin nəzarətində qalmasının nə əhəmiyyəti var? Deyirlər ki, torpaqlarımızı Ermənistandan nə zamansa geri ala bilərdik, amma Rusiyadan almaq çətin olacaq. Onlardan soruşuram, siz dediyiniz kimi Rusiya yenə də torpaqlarımızı işğaldan azad etməyə imkan verməsəydi, nə olacaqdı?

Bəziləri deyir ki, Rusiya gec-tez dağılacaq və biz də onda torpaqlarımızı geri alardıq, amma rusları Azərbaycana buraxmaq olmazdı. Ağılları çatmır ki, ciddi siyasət ehtimallar üzərində qurulmaz, hər gün Rusiya dağılacaq deyənlərin bəzilərinin sümükləri də çürüyüb, Rusiya isə yerindədir. Əgər Rusiya dağılacaqsa həmin vaxt nəzarət etmədiyimiz o dörd faizi azad edərik. Məntiqli deyilmi? Biz Rusiya ilə bütün problemləri əməkdaşlıq və danışıqlar yolu ilə həll etməyə üstünlük verməliyik və bu siyasət də yürüdülür.

Biz yalnız 16% torpaqlarımızı işğaldan azad etməmişik, düşməni darmadağın edib mənən sındırmışıq, bizə yaşatdıqları acını onlara artıqlaması ilə yaşatmışıq. Hazırda ermənilər Qarabağda stress altında, qorxu içərisində yaşayır, imkanlılar bölgəni tərk edib gedir. Ermənistanda insanlar öz dövlətlərinin gələcəyinə inanmırlar və bir gün boyun əyib, diz çöküb  bizdən imdad diləyəcəklər. Bunu görüb qiymətləndirməmək sadəcə mümkün deyil. Baş verənləri başa düşməyən, yaxud qərəz  və qisas hissi ilə alışıb yandıqlarından dillərinə gətirməyib hamının başa düşdüyü ağ yalan danışan insanlara xalqımız dövlət idarəetməsini tapşırmaz. Məhz buna görə də onların söylədiyi bəzi həqiqətlərə belə diqqət yetirmir. Necə də yetirə bilər? Korrupsiyadan gecə-gündüz danışıb bəzən öz səsindən ekstaz vəziyyətinə düşənlər  korrupsiyaya görə məhkum olunmuş şəxslə xalqın gözü qarşısında diz-dizə oturub gələcəkdə bu ölkəni korrupsiyadan necə xilas etmək barədə danışırsa onun səmimiyyətinə, düzlüyünə kim inanar? Hamı görür ki, bu adamların bəzisinin davası hakimiyyət davasıdır və hakimiyyət üçün şeytanla da əməkdaşlığa hazırdırlar. Bir qisminin davası iqtidardan nəsə  qopartmaq davasıdır, digərləri isə daxili və xarici sifarişçilərdən aldıqları muzd qarşılığında dava aparırlar. Ona görə onlar tarixdə dəyərlər uğrunda mübarizə aparan şəxslər kimi yox, bir müddət qalacaqlarsa, muzdurlar, deyingən uğursuzlar, hakimiyyət üçün ağızlarının suyu axan qorxaq revanşistlər kimi xatırlanacaqlar./Moderator.az

Deputat qalmaqala səbəb olan təklifi haqda: “Adamdan soruşarlar ki, nə vaxtdan Ermənistanın müdafiəçisi olmusan?”