“Bu, Lukaşenkonun dediyi kimi, “razborka” məsələsi deyil” – Şərh 

“Bu, Lukaşenkonun dediyi kimi, “razborka” məsələsi deyil” – Şərh 

“Bu, Lukaşenkonun dediyi kimi, “razborka” məsələsi deyil” – Şərh 

Ermənistanın Baş naziri Nikol Paşinyan açılqamalarında İlham Əliyevlə görüşməyə və özü ilə Azərbaycana mina xəritələrini təhvil verməyə hazır olduğunu bildirmişdi. İlham Əliyev də öz növbəsində, İspaniyanın “EFE” agentliyinə olan açıqlamasında Paşinyanla istənilən vaxt və istənilən yerdə görüşə hazırlığını dilə gətirib. 

Həmçinin, Gürcüstanın Baş naziri İrakli Qaribaşlivi iki ölkə liderinin Tbilisidə üzbəüz, vasitəçisiz görüşü təklifi irəli sürüb. Lakin MDB dövlət başçılarının onlayn iclasında İlham Əliyev Ermənistana qarşı haqlı ittihamlar səsləndirib və Nikol Paşinyan onlara cavablar verib. Bu hadisə iki ölkə rəhbəri arasında görüşü əngəlləyə bilərmi?

Polemika.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib ki, bu ehtimal inandırıcı deyil:

“Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında Ermənistanın İranla birlikdə işğal edilmiş ərazilərin narkotrafik mərkəzinə çevrilməsini vurğulayıb. Nikol Paşinyan isə öz sözlərində, bir o qədər də fərqli olmayan fikirlər səsləndirib. O qeyd edib ki, İranla birlikdə narkobiznesə qarşı mübarizə aparırıq və s. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi söyləyir ki, 44 günlük müharibədən sonra 130 km-lik sərhəddə tutulan narkotik maddələrin miqdarı əvvəlkindən iki dəfən çox artıb. Paşinyan isə buna cavab olaraq bu artımın 3, yaxud 4 dəfə olduğunu bildirib. De-fakto Nikol Paşinyan Azərbaycan Prezidentinin söylədiklərini, İranı bu proseslərə qoşmamaqla təsdiqləyib. Burada qeyri-adi bir şey yoxdur, çünki Paşinyan da qəbul edir ki, ölkəsinin ərazisindən narkotrafik zənciri keçir”.

Politoloq hesab edir ki, MDB-dəki qarşılıqlı ittihamlar, həll ediləcək məsələlərin fonunda qlobal əhəmiyyət daşımır:

“Belarus prezidenti Aleksandr Lukaşenko çox ciddi bir siyasi səhvə yol verib. Necə bəyəm, MDB-də hansı məsələləri müzakirə etməliyik? Sənin müxalif qüvvələri ölkədən çıxarmağını və onlara divan tutmağını?.. İki ölkə arasında qarşılıqlı sülhyaratma prosesi gedir və 30 ilə yaxındır ki, Azərbaycan və Ermənistan arasında gərginlik mövcuddur. Biri işğalçıdır, digəri işğala məruz qalan. İndi vəziyyət müəyyən qədər düzəlib və Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Təbii ki, bu fonda yaranan nəticələr, Belarusa və Rusiyaya, hətta Qərbi Avropaya İran tərəfindən göndərilmiş narkotik maddələrin miqdarının artması ilə bağlıdır. Narkomafiyanın baş meneceri kimi İranın adı çəkilirsə, bu heç kimin xətrinə dəyməməlidir”.

Qabil Hüseynli Belarus lideri Lukaşenkonun “MDB iclası mübahisə məkanı deyil” sözlərinə də fikir bildirib:

“Yəni bu, Lukaşenkonun dediyi kimi, “razborka” məsələsi deyil. Əgər MDB məkanında ümumi maraqlar naminə birləşmişiksə, onda bir-birimizin problemlərini dinləməyə dözümlü olmalıyıq. Eyni zamanda, bu problemlərə müxtəlif rəng vermək, sözün əsl mənasında, siyasi savadsızlıqdır. O ki qaldı Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinin getməsinə, MDB-nin sammitindən sonra Azərbaycan 5 erməni əsgərini Ermənistana qaytarıb. Üstəlik, son zamanlar Nikol Paşinyandan sülhlə bağlı nisbətən pozitiv rəylər gəlir.

Proses davam edir və bu prosesdə Ermənistanı qızışdıran, onu "fitləyən" müxtəlif dünya dövlətləri, Rusiyanın müəyyən dairələri əngəllər yaradan qüvvələr var. Onların böyük əksəriyyəti fövqəldövlətlərdir. Bununla belə, danışıqlar gedir və hər şey Azərbaycanın lehinədir”.

Rafi Müslümov

“Bu, Lukaşenkonun dediyi kimi, “razborka” məsələsi deyil” – Şərh