Bu dəfə Rusiya hərbi helikopterini kim “vuracaq” və növbəti atılan “İsgəndər” kimə tuşlanacaq? - SENSASİON İDDİA

Bu dəfə Rusiya hərbi helikopterini kim “vuracaq” və növbəti atılan “İsgəndər” kimə tuşlanacaq?

Bu dəfə Rusiya hərbi helikopterini kim “vuracaq” və növbəti atılan “İsgəndər” kimə tuşlanacaq? - SENSASİON İDDİA

“10 noyabr üçtərəfli videoformat görüşünün ildönümü gününə nəzərdə tutulan eyni formatda növbəti görüş Kremlin bütün səylərinə rəğmən baş tutmadı”.

Polemika.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert qeyd edib ki, rəsmi məlumatlarda bunun əsasən Ermənistan Baş naziri Nikol Paşinyanın üzündən baş tutmadığı bildirilir:

“Görünür, görüşün alınmamasının səbəbkarı kimi Ermənistan baş nazirinin olması onun nəzərdə tutulan görüşə iki gün qalmış verdiyi açıqlama ilə əsaslandırılır. Paşinyan isə mümkün görüşlə bağlı bunları demişdi: “Biz görüşə etiraz etmirik, amma vacibdir ki, belə görüşün konteksti, simvolikası, potensial nəticəsi olsun. Biz nəticəsi olan görüşdən imtina etməyəcəyik, amma belə görüşlərin özü məqsəd ola bilməz. 9 noyabr görüşü barədə razılaşma yoxdur”.

Bunun ardınca Kremlin sözçüsü Dmitriy Peskov bəyan etdi ki, belə görüşün nə zaman keçiriləcəyi barədə hələlik anlaşma və razılaşma yoxdur, amma bu istiqamətdə işlər davam etdirilir. Xatırladım ki, Peskovun mümkün görüş barədə ilkin bəyanatı sonuncudan daha konkret və optimist səslənmişdi.

Bəs görüşün alınmamasının səbəbləri nədir? Çox güman ki, səbəblər Moskvanın ondan əldə etmək istədiyi dividentlərdən və bunun bir çox maraqlara zidd olmasından qaynaqlanır. Bu haqda isə Rusiya mediası açıq yazır. Buna inansaq Moskvanın tərəflərə iki təklifi var:

1. Sərhədlərin demarkasiyası və delimitasiyası; 2. Sülh müqaviləsinin imzalanması.

Aydındır ki, ikinci bənd üzrə ən azı yaxın illərdə nəticə olacağını gözləmək mümkün deyil, çünki bu məsələdə Azərbaycanla Ermənistanın bir-birinə diametral zidd mövqeyi və qarşılıqlı ittihamları var. Məsələn, İrəvanın erməni əhalinin Hadruta və Şuşaya qaytarılması tələbi Azərbaycan üçün heç müzakirə predmeti də deyil. Belə ziddiyyətlər yetərincədir ki, onların da aradan qaldırılması mümkün olmadığından sülh müqaviləsinin yaxın illərdə imzalanması tamamilə ümidsiz görünür. Şübhəsiz ki, Moskvada da bunu yaxşı anlayırlar və əslində Rusiyanın məqsədi heç belə müqavilənin imzalanması da deyil”.

Ərəstun Oruclunun fikrincə, Rusiyanın Qafqaza gəlişindən bu günədək azərbaycanlı-erməni münasibətləri (münaqişəsi) daim Moskvanın maraqlarına xidmət edib və bu gün də həmin yolla davam edir:

“Odur ki, indiki mərhələdə sülh müqaviləsinin imzalanması heç bir halda Rusiyanın marağında deyil, çünki bu halda ölkələr arasında birbaşa əlaqələrin qurulması üçün ciddi zəmin yaradılmış olardı. Görünür, elə bu səbəbdən də Ermənistandakı Rusiyaya bağlı müxalifət Paşinyanı daim sülh müqaviləsilə təhdid edir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasının Rusiya üçün əlverişli və ya önəmli olmaması ilə razılaşsaq qalır birinci məsələ: sərhədlərin demarkasiyası və delimitasiyası. Burada da tərəflər arasında ciddi ziddiyyətlər olmasına rəğmən məhz bu bənd üzrə hansısa anlaşmanın olması Moskvanın maraqlarına cavab verir. Amma bu məsələdə də incə məqamlar var. Məlumdur ki, SSRİ-nin 30 il əvvəl dağılmasına baxmayaraq post-sovet ölkələrin mütləq əksəriyyəti arasında sərhəd mübahisələri hələ də öz həllini tapa bilmir.

Elə Azərbaycanla Ermənistan arasında da həmçinin bu məsələyə dair xeyli ziddiyyətlər var. Amma oxşar cəhət də var ki, bu da sülh müqaviləsində olduğu kimi, sərhəd məsələsindəki mübahisəli məqamların Moskvanın əlinə oynamasıdır. Belə ki, iki ölkə arasında sərhəd mübahisələrinin davam etməsi Moskva üçün bölgədə yeni imkanlar aça bilər. Bu, ilk növbədə sərhəd mübahisələri kəskin olan ərazilərdə qarşıdurmadan qaçmaq məqsədilə həmin ərazilərdə sərhədlərə nəzarətin müvəqqəti olaraq Rusiya “sülhməramlıları”nın öhdəsinə verilməsi ola bilər. Bunun üçün də bölgəyə əlavə Rusiya hərbi kontingentinin yerləşdirilməsinə ehtiyac yaranardı”.

Ekspert bildirib ki, sərhəd mübahisələrinin onilliklər boyu davam etməsi təcrübəsini nəzərə aldıqda mübahisəli ərazilərə yerləşdirilə biləcək Rusiya hərbi kontingentinin onilliklər boyu bölgədə qalması və iki ölkə arasındakı münasibətlərə əhəmiyyətli dərəcədə təsir etməsi demək olardı:

“Belə bir planın həyata keçəcəyi halda Moskva azı 3 məsələdə öz geosiyasi rəqibləri qarşısında üstünlük əldə etmiş olur:

1. Bölgəyə əlavə hərbi güc yeridir;

2. Azərbaycan-Ermənistan sərhədlərinin mübahisəli hissələrini nəzarətə götürməklə 2 ölkə arasındakı münasibətlərdə həlledici rol oynamaqda davam edir;

3. Mübahisəli sərhəd ərazilərindən keçən yolları və digər kommunikasiyaları öz silahlı qüvvələrinin nəzarətinə götürmüş olur.

Burada söhbət ilk növbədə İran-Ermənistan yolunun Azərbaycan ərazisindən keçən hissəsindən və mövcud olmayan, olacağı da günü-gündən daha çox şübhə doğuran Zəngəzur dəhlizindən gedir. Bu planların baş tutacağı halda Moskva Cənubi Qafqazda öz laxlamış mövqeyini yenidən xeyli möhkəmləndirmiş olardı. Amma görünən həm də budur ki, Moskvanın niyyətini yaxşı anlayan rəqibləri də bu planın qarşısını almaqda israrlıdılar. Son zamanlar bölgə ətrafında onların, xüsusilə də Ankaranın aktivliyinin artması da bununla izah edilə bilər. İlham Əliyevin susması fonunda Paşinyanın faktiki görüşdən imtina etməsi, Bakı ilə Ankara arasında təmasların intensivləşməsi də şübhəsiz ki, eyni məqsədə xidmət edir.

İndi açıq qalan bircə sualdır ki, ikinci üçtərəfli bəyanatın imzalanmasına nail olmaq üçün Moskva hansı addımları atacaq? Obrazlı desək, bu dəfə Rusiya hərbi helikopterini kim “vuracaq” və növbəti atılan “İsgəndər” kimə tuşlanacaq?”.

Bu dəfə Rusiya hərbi helikopterini kim “vuracaq” və növbəti atılan “İsgəndər” kimə tuşlanacaq? - SENSASİON İDDİA