“Bizim sevincimizdə anaların göz yaşı, ataların xiffəti var“

“Bizim sevincimizdə anaların göz yaşı, ataların xiffəti var“

“Biz qalibik, Qarabağ bizimdir! Əlimizə bayraq alıb Bakımızın küçələrinə axışıb bu sözləri sevinc göz yaşları içində qışqırıb deyəndə hamımıza bəlli idi Qarabağ "nəyin və kimlərin" hesabına "bizimdir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkə hesabında yazıb. Sənətçi yardım üçün qazilərin fotosunu paylaşanları qılnayanlara səslənib:

 “Müharibə qalibiyyətlə bitdi. Ancaq müharibənin və qalibiyyətin heç də həmişə gül çiçək və sevinclə bitmədiyini içimizdə hamımız bilirik. Bizim sevincimiz saysız ailənin ocağının ömürlük sönməsinə səbəb olan sevincdir. Bizim sevincimizdə anaların, ataların heç vaxt bitməyəcək göz yaşları, övladların ata xiffəti, dünyanın ən yüksək texnologiyalar istehsalı olan protezlərin yerini verməyəcəyi itirilmiş əllər, ayaqlar sahiblərinin sağlamlığı, gözlərinin həmişəlik itirilmiş nuru var.

"Vətən sağ olsun" desələr belə içlərində bizə ümidləri var. Sözüm sizədir: "Dövlətimiz qazilərimiz,şəhidlərimizçün hər şey edəcək, niyə yardım üçün qazilərimizin şəkillərini paylaşırsiz?" deyənlərədir sözüm. Açın qulaqlarınızı indi deyəcəklərimi yaxşı yaxşı eşidin: dövlət onlar üçün nə etsə də, biz onlar üçün nə etsək də azdır!”

Xanım sənətçi dövlətin qazi və şəhid ailələrinə yardım etməsinə baxmayaraq, sadə vətəndaşların da yardımının vacib olduğunu bildirib:

 “Candan şirin şey nə ola bilər bu həyatda? Onlar bu canlarını qoyublar bizim qalib millət olmağımız üçün! Bəli, dövlətimiz onlar üçün hər şey edəcək! Ancaq onların şəhid olmuş ailə başçılarını, itirilmiş sağlamlıqlarını gətirib yerinə qoymayacaq. Siz o yarımcan bədənlərin xəstəxanadan çıxandan sonra qayıdacaqları şəraitsiz evləri görmüsünüz? İsti, şəraitli evinizdə klaviatura arxasında çox nəsihətlər yaza bilərsiniz, ancaq bir anlıq soyuq, şəraitsiz evdə özünüzün əməliyyat sonrası reabilitasiya dövrünüzü təsəvvür edin. Heç nə demirəm. Susuram ki, sizin vicdanınızın səsini duyum. Bəli, müharibə bitib, ancaq müharibənin fəsadları bitməyib. Dövlətimiz onların problemlərini həll edənədək biz onların yanında olmalıyıq! Problemlər bitəndən sonra da,bir ömür boyu onların arxasında olmalıyıq! Bir nəfər kimi! Problemlərini sosiallaşdırmalıyıq, paylaşmalıyıq! Lazımi orqanlara, lazımi insanların nəzərinə çatana kimi!  Qarabağ bizimdirsə, şəhidimiz də, qazimiz də bizimdir”.