Bakı zooparkından xəbər var: Meymun balalayıb, tutuquşu ölüb

Bakı zooparkından xəbər var: Meymun balalayıb, tutuquşu ölüb

2019-cu ilin fevral ayından etibarən təmir üçün bağlanılan Bakı Zooloji Parkı hələ də istifadəyə verilməyib. Zooparkda saxlanılan heyvanlar isə elə həmin dövrdə müvəqqəti olaraq Qaradağda saxlanc yerlərinə yerləşdirilib. Hazırda onlar sözügedən ərazidə karantin altında saxlanılır.

Qurumun rəhbəri Azər Hüseynov Yenisabah.az-a açıqlamasında təmirin nə vaxt başa çatacağının məlum olmadığını vurğulayıb:

“Zooparkda işlər davam edir. Hazır olduqdan sonra biz heyvanları oraya köçürəcəyik. Lakin bizə hələ ki dəqiq vaxt deyilməyib. Bu dəqiqə orada filtrlərin qurulması, "setka"ların çəkilməsi, elektrik qoruyucuların quraşdırılması kimi işlər gedir. Bunlar yekunlaşana yaxın yəqin ki, bizə məlumat veriləcək. Zooparka yeni kaymanlar (çay timsahı), o cümlədən ilanların bir neçə növünü gətirmişik. Yeni zooparkda gətirilən heyvanların hamısı nümayiş olunacaq.  Bildirim ki, onlar daha çox Belarusdan və Rusiyanın şimal bölgəsindəki zooloji parklardan mübadilə yolu ilə gətirilib. Tələf olan heyvanlara gəldikdə isə bu, çox müşahidə olunmayıb. İri heyvanlarımızın hamısı sağdır, quşlar arasında tələf olanlar var. Bunlara dalğavari tutuquşu, qırqovul daxildir”.

Həmsöhbətimiz yaxın zamanda Qarabağ atının ikinci dəfə balalayacağını da diqqətə çatdırıb:

“Digər Qarabağ atının isə martın 21-də artıq 1 yaşı olacaq. Zooparkımızda Qarabağ atlarını nümayiş etdirəcəyik. Meymunumuz 3-cü dəfə balalayıb”.

Sayad HƏSƏNLİ