Azərbaycanlıların yas tutduğu erməni kimdir? - Maraqlı faktlar

Azərbaycanlıların yas tutduğu erməni kimdir?

Azərbaycanlıların yas tutduğu erməni kimdir? - Maraqlı faktlar

Ermənistanın tanınmış hüquq müdafiəçisi Georgi Vanyan Gürcüstanda koronavirusdan ölüb. 

Vanyanın ölümü təkcə ailə üzvlərini, yaxınlarını deyil, eyni zamanda Azərbaycanda bəzi dairələri də kədərə boğub. Qarabağa dair mövqeyinə görə ölkəmizdə ona yas tutanlar oldu. Azərbaycan müharibənin yaralarını sarmaqla məşğul olduğu həssas bir dönəmdə çox sayda ictimai fəalın erməni Vanyana görə kədərlənməsi sosial mediada birmənalı qarşılanmadı.

Georgi Vanyan kimdir? Azərbaycanlılar ona niyə yas tutur?

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, Georgi Vanyan sülh tərəfdarı idi.

Qeyd edib ki, müharibə onun xalqına da böyük bəlalar və fəlakətlər gətirmişdi:

“Vanyan müharibəyə qarşı çıxırdı. Təbii ki, Rusiyanın köməkliyi ilə erməni satqınları Georgi Vanyan kimi saf, təmiz, iradəli bir insanı hər bir vasitə ilə pisləməyə, gözdən salmağa, əzməyə çalışırdılar. Saxta vətənpərvərlik şüuarları ilə qışqırırdılar ki, guya Georgi Vanyan Azərbaycanın casusudur, satqındır. Hətta qızının qrup yoldaşları onu təhqir, təqib etməyə çalışırdılar ki, atası casusdur. Ancaq Georgi Vanyan öz əqidəsindən dönmədi. Ailəsinin gələcəyini düşünərək ayrılıq qərarı aldı, evini qızları və həyat yoldaşına qoydu, özü isə bir kümə alıb orda yaşamağa başladı. İşdən qovdular, saytını və QHT-sini bağladılar. Ermənistanın vətəndaş cəmiyyətini Gerogi Vanyanın üstünə qaldırdılar. Sonunda maşın alıb taksi sürücsü kimi fəaliyyət göstərdi. O zaman belə, öz sərnişinlərinə sülhü təbliğ edirdi. Faktiki olaraq son illər onu tamamilə cəmiyyətdən təcrid etmişdilər.”

Politoloqun sözlərinə görə, o, Georgi Vanyanla Gürcüstanda tanış olub:

“Məni dəvət etdi, həmsöhbət olduq. Layihəsinə çox sadə adamları, sürücü, jurnalist, təqaüdçü, müəllim dəvət edirdi. Gürcüstanda “İqtisadi əməkdaşlıq, Qarabağ probleminin hansı yollarla həll edilməsi” ilə bağlı debatlar təşkil etmişdi. Hətta xaricdən diplomatlar gəlirdilər. Azərbaycan və Ermənistan bu fəaliyyətə mane olurdu. Ermənistan tərəfi Vanyana qarşı sərt münasibət göstərir, onu həbs edir, işgəncə verirdi. Bir dəfə onu Azərbaycana dəvət etdim, lakin görüşməyə icazə vermədilər və onu deportasiya etdilər".

Z.Əlizadə Georgi Vanyanın ölümü ilə bağlı kədərini də dilə gətirib: “Elə oldu ki, onu Ermənistana çəkilişə dəvət etdilər, oradan qayıdarkən görünür koronavirusa yoluxub. Bundan əvvəl onda pnevmaniya var idi, ciyərləri artıq tab gətirə bilmədi. Dünyasını dəyişdi, qəbri nurla dolsun.

Hədsiz hörmət etdiyim biri idi. Söhbətimiz tuturdu, düşüncələrimiz çox yaxın idi. Georgi Vanyan mərd, qorxmaz, əqidəli, dürüst, saf biri idi. Bu mənim üçün böyük bir itkidir, dərddir. Allah ona rəhmət etsin.”

Xatırladaq ki, Georgi Vanyan Qarabağ savaşına görə ermənilərin azərbaycanlılardan üzr istəməsini təklif edən azsaylı sülh tərəfdarlarından olub.

Ayzel

Azərbaycanlıların yas tutduğu erməni kimdir? - Maraqlı faktlar