Azərbaycanda dollara tələbat artıb

Azərbaycanda dollara tələbat artıb

Azərbaycanda dollara tələbat artıb

2021-ci ilin son ayında Mərkəzi Bankda keçirilmiş 8 valyuta hərracında banklara 848,9 milyon ABŞ dolları satılıb. “Marja.az” biznes-maliyyə portalının yaydığı məlumata görə, bu, noyabr ayındakı satış həcmindən cəmi 5 milyon dollar azdır. 30 dekabr 2021-ci il tarixində Mərkəzi Bankda ilin son valyuta hərracının keçiriləcəyi gözlənilir. Əgər həmin hərracda satış 100 milyon ABŞ dollarını ötərsə, dekabrda cəmi valyuta satışı 1 milyard dollara çata bilər. 

Noyabr ayında Mərkəzi Bankda keçirilmiş 9 valyuta hərracında 853,9 milyon dollar məbləğində valyuta satılıb. 

Son hərraclarda tələb və satış 100 milyon dollardan yüksək olur. Məsələn, 28 dekabr 2021-ci il tarixində keçirilmiş hərracda satış 120,9 milyon ABŞ dolları, 23 dekabrda keçirilmiş hərracda isə 130,9 milyon ABŞ dolları təşkil edib. Noyabr ayında və dekabrın ötən dövründə keçirilmiş valyuta hərraclarında cəmi satış 1 milyard 702,8 milyon dollar təşkil edib. 

Azərbaycanda ilboyu davam edən qiymət artımı, inflyasiyanın yüksəlməsi və nəticədə manatın alıcılıq qabiliyyətinin azalması cəmiyyətdə növbəti devalvasiya gözləntisi yaradıb. Bu da əhalinin banklardan dollar alışını xeyli artırıb, amma manatla yatırılan əmanətlərin həcmində ciddi dəyişiklik baş verməyib. 

Mərkəzi Bankın 2021-ci il noyabr ayının 1-nə açıqladığı məlumata görə, Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 26 114 800 000 manat olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə depozit və əmanətlərin həcmi 16,4 faiz, əvvəlki ayla müqayisədə isə 1,6 faiz artıb. Vəsaitlərin 8 887 400 000 manatı fiziki şəxslərin əmanətləri, 2 003 400 000 manatı maliyyə təşkilatlarının, 15 224 000 000 manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitləridir.

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi ötən ilin müvafiq dövrünə nəzərən 12,9 faiz, oktyabr ayı ərzində isə 49 300 000 manat məbləğində artıb. Onların əmanətlərinin 56,7 faizi milli valyutada, 43,3 faizi isə xarici valyutada olub. 

Mərkəzi Bankın kommersiya banklarına ünvanladığı təlimata görə, xarici valyuta alan müştərilərlə bağlı ətraflı məlumat toplanmalıdır. Belə ki, 500 dollardan yuxarı xarici valyuta almaq istəyən müştərilər xüsusi blankda öz məlumatlarını qeyd etməlidirlər. Bu qayda sıravi vətəndaşlara dollar satışını əhəmiyyətli şəkildə azaldır. Yəni əvvəlki dövrdə olduğu kimi, hər kəs istənilən qədər valyuta əldə edə bilməz. Əlbəttə, qanunla qadağan olsa da, dollar satışının “qara bazar”ı mövcuddur, biznes sahiblərinin bir çoxu banklara “arxa qapı”dan yol tapıb, istədikləri miqdarda valyuta əldə edirlər. 

Bəs, iki ayda 2 milyard dollara yaxın satış normaldırmı, bu qədər valyuta nə üçün satılır və alınır? Bu alqı-satqını devalvasiyanın anonsu kimi qəbul etmək olarmı? 

İqtisadçı Toğrul Vəliyev “pressklub.az”a şərhində bildirdi ki, adətən ilin sonunda valyutaya tələbat ciddi şəkildə artmağa başlayır. Onun sözlərinə görə, bu, bir sıra əməliyyatların bağlanması ilə əlaqədardır: 

“Bizdə ilin sonuncu ayında dollara tələbat digər aylarla müqayisədə həmişə yüksək olur. Başqa bir məsələ isə odur ki, şirkətlər il sonunda ödənişlərini alırlar və onu yatırmaq istəyirlər. Azərbaycanda başqa alətlər – səhm, istiqraz olmadığından, yaxud olanlar da o qədər qazanclı deyil deyə insanlar vəsaitlərini dollara yatırır ki, onu qoruyub, gələcəkdə investisiya kimi istifadə etsinlər”.

T. Vəliyev əlavə etdi ki, 2 milyarda yaxın dollar alışını ciddi problem kimi göstərmək doğru olmaz, çünki ölkədə valyuta vəsait kifayət qədərdir:

“Amma biz bilmirik ki, o vəsaitlər necə xərclənir, bu barədə heç bir məlumat yoxdur. Onu da bilirik ki, sıravi vətəndaşlar, fiziki şəxslər bu vəsaitləri əldə edə bilməyəcəklər. Çünki valyuta satışına limitlər var və onu keçmək üçün əsas olmalıdır. Əksər insanlarda da belə əsaslar yoxdur. Yəni dollara tələbat insanların yatırımları ilə bağlıdır, ölkədə investisiya üçün başqa variantlar demək olar ki, yoxdur. Azərbaycan iqtisadiyyatının gələcəyinə, onun inkişaf edəcəyinə, problemlərlə üzləşməyəcəyinə inam çox aşağıdır. Eyni zamanda, qiymətlərin artdığı şəraitdə insanlar seçim edirlər ki, dollar daha etibarlı yatırım növüdür”. 

İqtisadçı Natiq Cəfərli “pressklub.az” açıqlamasında bildirdi ki, ilin sonunda valyuta hərraclarında dollara tələbatın yüksəlməsi əvvəlki illərdə də olub: 

“Çünki Neft Fondundan büdcəyə transfertlər manat şəklində olmalıdır. Valyutanın yeganə satıcısı Fond olduğundan, yay aylarında büdcəyə ödəmələrdə manat ekvivalentində kəsir yaranmışdı. Düşünürəm ki, buna görə noyabr-dekabr aylarında dollar satışının həcmi artdı. Bu, texniki səbəbdir”.

N.Cəfərlinin sözlərinə görə, valyuta satışının artmasında psixoloji məqamlar da var: 

“Türkiyədə gedən proseslər Azərbaycanda dollara olan tələbatı xeyli artırdı. Son iki ayın valyuta satışı göstəricilərində bu amilin xüsusi rolu var. Bundan başqa, Yeni il ərəfəsində ölkəyə gətirilən malların həcminin artması da iş adamlarının valyutaya tələbatını yüksəldir. Azərbaycanda devalvasiya təhlükəsi hələ ki yoxdur. Çünki neftin qiyməti yüksəkdir, həm də manatın kursu inzibati qaydada tənzimlənir. Yəni milli valyutanın məzənnəsi dövlətin atacağı addımlardan asılı olacaq. Tədiyyə balansının göstəriciləri də onu deməyə əsas verir ki, devalvasiya üçün əsas yoxdur. Amma, bu qərar siyasi olduğundan, istənilən an devalvasiya qərarı da verilə bilər”.

 

Azərbaycanda dollara tələbat artıb